Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:42

Səhiyyə rəsmiləri yoluxmalarla bağlı xəbərdarlıq edir


Arxiv fotosu
Arxiv fotosu

ABŞ hökumətinin aparıcı səhiyyə rəsmiləri iyunun 23-də ölkə ərazisində koronavirusa yoluxmaların artmasının narahatlıq doğurduğunu bildirib, pandemiyanın ən pis mərhələsinin hələ irəlidə olmasıyla bağlı xəbərdarlıq ediblər. Birləşmiş Ştatlarda koronavirusdan ölüm halları 121 mini keçib.

Yoluxmalar 50 ştatın demək olar yarısında artmaqdadır. Texas, Arizona, Corciya, Floridada xəstəxanaya yerləşdirilənlərin sayı çoxalır.

Milli Səhiyyə İnstitutunda yoluxucu xəstəliklər üzrə rəhbər Dr. Anthony Fauci Konqres komitəsində deyib ki, gələn həftələr yoluxmaların önlənməsində “həlledici” ola bilər. O, Texas, Arizona, Florida və digər ştatları “ciddi problem” adlandırıb.

“Təkcə onlar çətinlik çəkmirlər”, – o deyib.

“Birinci dalğanın ortası”

Hazırda Birləşmiş Ştatlarda gündəlik yoluxmalar 30 min civarındadır. Karantin dövründə yoluxmalar 20 minə düşərək sabitləşmişdi.

“Bu məni çox narahat edir”, – Fauci deyib.

Fauci əhalini kütləvi yerlərə getməməyə, maska taxmağa çağırıb, eyni zamanda bir neçə aylıq karantindən sonra əhalinin normal həyata qayıtmaq istəyini də anladığını deyib. Ancaq bu “addımbaaddım, təcridi proses olmalıdır, ehtiyatı küləyə vermək olmaz”, – o vurğulayıb.

Birləşmiş Ştatlar hələ də “birinci dalğanın ortasındadır”, – Fauci söyləyib.

Texas, Arizona, Alabama, Florida və Cənubi Karolina qubernatorları ştat səviyyəsində maska taxmağı tələb kimi qoymaqdan imtina ediblər, bu məsələni yerli orqanların və şirkətlərin ixtiyarına buraxıblar.

Fauci ilin sonunadək müəyyən vaksinin hazır olacağıyla bağlı “ehtiyatlı nikbinlik” ifadə edib. Ancaq Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin başçısı Robert Redfield bir daha belə bir xəbərdarlıq səsləndirib ki, payızda qriplə koronavirus eyni vaxtda ölkəyə zərbə vura bilər.

Dünya üzrə təsdiqlənmiş yoluxma sayı 9,2 milyona yaxınlaşır, 474 mindən çox ölən var.

Avropa Birliyinin planı

Avropa Birliyində artıq yeddinci gündür ortalama 4 minədək yoluxma qeydə alınır. Avropada indiyədək virusdan 193 min nəfər vəfat edib.

İyunun 23-də Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya əyalətində 600 mindən çox sakini əhatələyən karantin elan olunub. Səbəb ət email zavodunda yoluxmaların aşkarlanmasıdır. Ölkə mayda karantin qadağalarını yumşaltmağa başlamışdı.

AB üzvlərinin əksəriyyəti bir-birilə sərhədləri açıblar. Brüssel indi pandemiyanı nəzarətə almış digər ölkələrdən ziyarətçilərə giriş vermək planları hazırlayır.

“The New York Times” iyunun 23-də yazıb ki, Brüssel amerikalıları AB-yə buraxmamağı nəzərdən keçirir, çünki Birləşmiş Ştatlar virusun qarşısını ala bilməyib. Bu halda Birləşmiş Ştatlar Rusiya və Braziliya ilə eyni siyahıda yer alacaq.

Braziliyada koronavirusdan ölü sayı iyunun 23-də 51 mini keçib, yoluxma sayı 1,1 milyondan çoxdur. Real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Əhalisi çox olan Hindistan və Pakistanda da yoluxma və xəstəxanaya yerləşdirmə halları artmaqdadır.

Çin Pekində pandemiyanın yenidən yayılmamasına çalışır. Ayın əvvəlində topdansatış bazarında yoluxmalar qeydə alınmışdı. Hökumət karantin tədbirləri və testlərin yoluxmaları önlədiyini bildirir. İndiyədək 200-dən çox yoluxan olub.

XS
SM
MD
LG