Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:00

Ayasofya necə muzey oldu


Ayasofya. 1800-cü illər
Ayasofya. 1800-cü illər

İstanbulun 15 əsrlik tarixi olan Ayasofya kilsəsi ilə bağlı verilən son qərar abidənin tarixini yenidən gündəmə gətirib. Türkiyənin mövcud siyasi rəhbərliyi əvvəllər məscid kimi fəaliyyət göstərmiş, Atatürkün hakimiyyəti dövründə isə muzeyə çevrilmiş Ayasofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi haqda qərar çıxarıb. Türkiyə Dövlət Şurasının (Danıştay) qərarı dünya mətbuatına səs salıb. Bəs Ayasofya nə zaman və kim tərəfindən inşa edilib? Türkiyənin "Hürriyet" qəzeti bu tarixi binanın tarixinə qısa nəzər salıb.

Ayasofyanın məscidə çevrilməsi

916 il kilsə kimi fəaliyyət göstərmiş bu bina Osmanlı sultanı Fatih Sultan Mehmet-in 1453-cü ildə İstanbulu fəthindən dərhal sonra məscidə çevrilib. Bu zaman həm də bina möhkəmləndirilib və ona bəzi əlavələr edilib. XVI və XVII əsrlərdə məscidin içinə mehrablar, minbər, müəzzin məhfilləri (minbərin qarşısında müəzzinin oturaraq öz işini görməsi üçün düzəldilmiş xüsusi yer), moizə kürsüsü və maksurələr (məscidin içində, bir qayda olaraq, padşahlar üçün ayrılmış, barmaqlıqlarla əhatə olunmuş yer) əlavə edilib. Bunlar binanın daxilinə edilmiş əlavələrdir.

Binanın xaricinə isə müxtəlif dövrlərdə minarələr, mədrəsə, sübyan məktəbi (4-5 yaşlı uşaqlar üçün ibtidai məktəb), muvaqqitxana (namaz vaxtlarını dəqiq müəyyən etmək üçün kiçik astronomik hesablamaların aparıldığı məkan), xüsusi fontan (şadırvan), çeşmələr, günəş saatları, idarə heyəti (mütəvəlli heyəti) otağı əlavə edilib. Beləliklə, Osmanlı dövründə Ayasofya iri məscid kompleksinə çevrilib. Bu dövrdə o Ayasofyayi-Kəbir məscidi kimi tanınırdı.

Ayasofyanın mozaikaları

Ayasofyanın, adətən, gördüyümüzdən daha böyük olan günbəzi məbədin orta məkanına hakimdir. Bu, Ayasofyanın arxitekturasındakı ən böyük özəllikdir. Bina tikilərkən memarlar mərmər, daş və kərpicdən istifadə ediblər. Günbəzin zəlzələ zamanı uçmaması üçün xüsusi hazırlanmış yüngül, ancaq möhkəm kərpiclərdən istifadə edilib. Sultan Abdülmecid-in (1839-1861) əmri ilə 1847-1849-ci illərdə isveçrəli Fossati qardaşları tərəfindən edilən təmir gedişində əsas qübbənin 11.3 metrlik hissəsinə o dövrün ən mahir xəttatlarından olan Kazasker Mustafa İzzet Efendi tərəfindən Quranın Nur surəsinin 35-ci ayəsi yazılıb.

Bina müxtəlif dövrlərdə çox sayda mozaik ornamentlərlə bəzədilib. Qəzet yazır ki, binanın inşa edildiyi dövrdən bu günə qədər gəlib çatmış ən mühüm mozaik ornamentləri binanın giriş hissəsində görülə bilən mozaikalardır. Mütəxəssislər Bizansda ikonomaxiya (VIII – IX əsrlərdə ikonalara sitayiş edilməsinə qarşı çıxan dini-siyasi hərəkat) dövründə binanın üzərindəki bütün insan təsvirlərinin söküldüyünü deyirlər. 843-cü ildə bu dövrün sona çatmasından sonra binada düzəldilən ilk insan təsvirli mozaika Apsis mozaikasıdır.

Ayasofya nə zaman muzeyə çevrilib?

Ayasofya 1923-cü ildə Türkiyə cümhuriyyətinin elan olunmasından sonra da məscid kimi fəaliyyətini davam etdirib. 1931-ci ildə bağlanan Ayasofya Mustafa Kemal Atatürk-ün əmri və Nazirlər Kabinetinin qərarı ilə 1935-ci ildə muzeyə çevrilib.

Prezident Mustafa Kemal Atatürkün verdiyi iznin ardınca başlayan, 15 il çəkən təmir işləri 1947-ci ildə tamamlanıb. 1996-cı ildə Ayasofyanın qübbəsi və minarələri Dünya Abidələrini İzləmə siyahısına daxil edilib və 1997-2002-ci illərdə Dünya Abidələri Fondunun da dəstəyi ilə restovrasiya edilib. Muzey, eyni zamanda, UNESO Dünya İrsi siyahısındadır.

XS
SM
MD
LG