Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:39

Koronavirusluların xəstəxanadan çıxmasını yasaqlayan qanun qüvvəyə mindi


Buxarestdə yeni qanuna qarşı etiraz aksiyası
Buxarestdə yeni qanuna qarşı etiraz aksiyası

İki aylıq sərt karantin dönəmində AB-nin bu üzv ölkəsi COVID-19-un yayılmasını nəzarətə ala bilmişdi

İyulun 21-dən Rumıniyada koronavirusa yoluxmuş xəstələrin məcburi karantinə alınması, yaxud xəstəxanaya yerləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib. Bundan öncə minlərlə xəstənin xəstəxanalardan çıxmasına icazə verildiyi, heç müalicə olunmadığı bildirilirdi.

İki aylıq sərt karantin dönəmində AB-nin bu üzv ölkəsi COVID-19-un yayılmasını nəzarətə ala bilmişdi. Ancaq mayın ortasından karantin qaldırılandan yoluxma halları yüksəldi, bu ay isə rekord həddə çatdı. İyulun 18-də 889 yeni yoluxmanın olduğu açıqlandı.

Konstitusiya Məhkəməsi iyulun 2-də belə bir qərar çıxardı ki, hakimiyyət daha mövcud qərarlarla məcburi karantin, yaxud xəstəxana müalicəsi tətbiq edə bilmir, bundan ötrü yalnız parlament qanunu lazımdır. Bundan sonra sözügedən qanun sürətlə hazırlandı.

Bu qərardan sonra, iyulun 2-dən 20-dək test nəticəsi pozitiv çıxmış minədək insan öz xahişilə xəstəxanadan buraxıldı. Virusa yoluxmuş 3 min 700 nəfərsə xəstəxanaya yerləşdirilməyib. Bu məlumatlar iyulun 20-də yayılıb.

Baş nazir məhkəməni tənqid edir

Öz xahişilə xəstəxanadan buraxılmış azı bir xəstə evdə COVID-19-dan vəfat edib. Bir neçə nəfərsə yenidən reanimasiyaya yerləşdirilib.

“Rumıniyalılara xatırlatmalıyıq ki, məhkəmənin qərarı əsasında, 900-dən çox xəstə öz xahişilə buraxılıb, 3 mindən çox yoluxan isə heç xəstəxanaya qəbul edilməyib”, – Baş nazir Ludovic Orban iyulun 21-də hökumətin iclasında deyib. O, məhkəmənin qərarını dəfələrlə tənqid etmişdi.

Orbanın sözlərinə görə, hökumət qanunverici boşluğun yoluxmaların sayının artmasına təsirini hələ dəyərləndirməyib.

Səhiyyə naziri Nelu Tataru iyulun 20-də xəbərdarlıq edirdi ki, növbəti günlərdə Rumıniyada gündəlik yoluxmalar mini keçə, hökumət şirkətlər və məhəllələrdə karantin tətbiq edə bilər.

Bu arada ölkədə onlayn şəkildə və küçələrdə müxtəlif konspirologiya nəzəriyyələrə yayılmaqdadır.

Buxarestdə özünü “koronaseptiklər” adlandıran bir neçə yüz nəfər tez-tez “sanitar diktatura”ya qarşı çıxır. Onlar əllərində dini ikonalar, dövlət bayraqları, “Mən COVID-ə yox, ALLAHA inanıram” plakatları tuturlar.

20 milyon əhalisi olan Rumıniyada indiyədək 38 mindən çox yoluxma təsdiqlənib, 2 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG