Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:47

T.Yaqublu: 'Hakimiyyət nə gündədir ki, belə zərərçəkmişlərin ümidinə qalıb'


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi başlayıb. Onun işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxır.

İyulun 24-də məhkəmənin hazırlıq iclasında T.Yaqublunun vurduğu iddia olunan Elxan Cəbrayılov və həyat yoldaşı Cəvahir Cəbrayılova da iştirak edib.

Məhkəmə iclasının əvvəlində T.Yaqublu ilə hakim arasında mübahisə olub. Səbəb isə T.Yaqublunun əlindəki iş materiallarını almaq cəhdi olub. Qovluqda olan materialların üzərinə "Şərəfsizliyin ifşası" yazıldığına görə Penitensiar Xidmətin əməkdaşları onu T.Yaqubludan almaq istəyib. O isə etiraz edib. Məsələyə müdaxilə edən hakimin "bura mitinq deyil" söyləməsi narazılığı daha da artırıb. T.Yaqublu bildirib ki, bu cümlənin özü hakimin bu işə yanaşmasının, prosesin siyasi motivli olmasının sübutudur.

"Cəvahir xanım da yanınızdadırmı?"

T.Yaqublunun vəkilləri Elçin Sadıqov və Aqil Layıc təkcə hakimə yox, bütövlükdə Nizami Rayon Məhkəməsində baxılmasına yazılı şəkildə etiraz verib. Deyiblər ki, etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri baxıb işin bu məhkəmədən alınıb-alınmamasına qərar verməlidir. Amma etiraz heç apellyasiya məhkəməsinə gedib çıxmayıb. Hakim özü etirazın baxılmamış saxlanmasına qərar verib.

T.Yaqublunun vəkilləri onun barəsindəki cinayət işinə xitam verilməsi, bu olmasa belə, hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, maşınının həyat yoldaşına qaytarılması barədə vəsatətlər qaldırıb. Vəkillər deyir ki, cinayət işinin materiallarında T.Yaqubluya qarşı ittihamı təsdiqləyən heç bir mötəbər sübut yoxdur.

T.Yaqublu özü də bildirib ki, bütün gerçəklər onun telefonundakı görüntülərdə idi. Müstəntiqdən də həmin görüntülərə baxmasını istəmişdi: "Müstəntiq iki ay sonra telefona baxış keçirilməsinə qərar verib. Ondan sonra da yazıb ki, guya telefonu koduna görə aça bilmədilər. Gözlərinin içinə qədər yalandır. Mənim dəlillərimi silməklə məşğuldular".

T.Yaqublunun sözlərinə görə, qısa müddət sonra gizli şəkildə onun telefonuna baxıblar, Facebook hesabına, Whatsapp yazışmalarına baxıblar. Deyir ki, cinayət işində hadisənin başvermə vaxtını da saxtalaşdırıblar:

"Axşam saatlarında olduğu halda, saatı irəli çəkib, guya gündüz 16:00 radələrində olduğunu yazıblar. Mən hadisənin özümə qarşı təxribat olduğunu dərhal başa düşüb, anındaca bu haqda Facebook-da status yazmışdım. Bu cür saxtakarlıqla göstərmək istəyirlər ki, guya daha tez olub, ondan sonra mən müxtəlif adamlara zəng eləmişəm. Mən polisə zəng eləyib hadisə haqda xəbər verəndə elə bildilər ki, qarşı tərəfəm, telefonda qayıtdı ki, "Cəvahir xanım da yanınızdadırmı?". Onda təəccübləndim. Sonradan anladım ki, əvvəlcədən polislə razılaşdırılıb bütün bunlar. Bu cür yollarla məndən Qarabağda vuruşmağımın, erməniləri öldürməyimin heyfini çıxırlar".

"Burada haqq olan mənəm"

Məhkəmədə o da məlum olub ki, T.Yaqublunun işi üzrə istintaqda 12-yaşlı uşaq şahid qismində dindirilib.

Amma hakim cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqda vəsatəti təmin etməyib.

Vəkil A.Layıc T.Yaqublunun səhhətində problem olduğunu, astma xəstəliyindən əziyyət çəkdiyini və bu baxımdan, koronavirusa yoluxmaq üzrə risk qrupuna aid edildiyini söyləyib. Ona görə də, heç olmasa, hökm çıxarılana qədər onun həbsdən buraxılmasını istəyib. Bu vəsatətə də "yox" deyilib.

Vəkilin qaldırdığı daha bir məsələ isə T.Yaqublu həbs olunandan bu yana Nizami Rayon Polis İdarəsinin həyətində saxlanılan maşınının həyat yoldaşına qaytarılması haqda olub: "Həm o avtomobilin həyat yoldaşına verilməsi üçün etibarnamə var, həm də ailənin maddi ehtiyacı yaranıb, maşını satmaq istəyirlər".

Hakim bu vəsatəti də təmin etməyib.

T.Yaqublu deyir ki, bu məhkəmədən ədalətli qərar, obyektiv araşdırma gözləntisi yoxdur.

"Azərbaycan hakimiyyəti nə gündədir ki, belə dırnaqarası zərərçəkmişlərin ümidinə qalıb. Sizin heç birinizin mənim işimə hakimlik eləməyə cəsarətiniz çatmaz. Burada haqq olan mənəm. Vaxt gələcək, sizlər mühakimə olunacaqsınız", – T.Yaqublu belə deyib.

Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

XS
SM
MD
LG