Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:36

Son toqquşmalar Rusiya-Türkiyə qarşıdurmasının davamıdırmı?


Recep Tayyip Erdogan (sağda) və Vladimir Putin ötən il Suriya danışqılarından sonra
Recep Tayyip Erdogan (sağda) və Vladimir Putin ötən il Suriya danışqılarından sonra

Politoloq: Ankaranın münaqişəyə qarışması həm Azərbaycan, həm də Türkiyə üçün riskli ola bilər

Azərbaycan və Ermənistan sərhədində baş verən toqquşmaların arxasında Rusiyanın mümkün rolu haqda ehtimalları xaricdəki siyasi şərhçilər də səsləndirirlər.

“Bu toqquşmanın öncəkilərdən fərqli olaraq, daha planlı olduğu görünür”

German Marshall Fondunun Türkiyə ofisinin direktoru Özgür Ünlühisarcıklı AzadlıqRadiosuna ekslüziv müsahibəsində deyir ki, bu, əslində Kremlin Türkiyəyə bir mesajı idi.

“Bu səfərki döyüş bir qədər fərqli görünür. Öncəliklə döyüşün başladığı yer, məkan Azərbaycan-Ermənistan cəhbə xəttindən xeyli uzaqdadır. Dolayısı ilə çox da gözlənilən bir toqquşma deyil. Eyni zamanda Tovuz bölgəsidən həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm Tanap qaz kəməri, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir və strateji önəmli bir ərazidir. Bu dəfə döyüşün məhz bu ərazidə olması onun öncəki döyüşlərdən fərqli olduğunu göstərir. Türkiyə dövləti bunun Şimaldan bir mesaj olduğu qənaətindədir. Türkiyə prezidenti Racep Tayyib Erdoğan da bu hücum “Ermənistanın işi deyil, arxasında başqaları var, biz nə olduğunu bilirik” kimi şərh elədi. Mənim təxminimcə, o, bu hücumun Rusiyanın işi olmasına işarə elədi”.

"Yaşıl işığı Rusiya yandırıb"

Tovuzdakı toqquşmalar zamanı Rusiya birbaşa hansısa tərəfi dəstəkləməsə də, Türkiyənin Azərbaycanı dəstəkləyən bəyanatlarından sonra Kreml ölkənin cənub-qərbindəki silahlı qüvvələrini hazır vəziyyətə gətirdiyini elan etmişdi. Amma bunun Tovuzdakı toqquşmalarla bağlı olmadığını demişdi.

İyulun 23-də isə Rusiya və Türkiyənin xarici işlər nazirləri Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmaları müzakirə edibər. Tərəflər regionda sabitlik naminə Moskva və Ankaranın əməkdaşlığını inkişaf etdirməyə razılaşıblar.

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqatları proqramının direktoru Soner Cagaptay AzadlıqRadiosuna bildirib ki, son toqquşmalar məhz Rusiyanın yaşıl işıq yandırmasından sonra başlayıb:

“Rusiyadan yaşıl işıq almadan Ermənistanın gərginliyi artıracağını düşünmürəm. Çünki bu yaşıl işıq nəticəsində Ermənistan bilir ki, Türkiyə də Rusiyaya qarşı təzyiqi yüksəltməyəcək. Çünki Türkiyənin Rusiya qarşısında zəif nöqtələri var - Liviya, Suriya, Kipr və Aralıq dənizinin şərqi kimi... Bunları nəzərə alsaq, son qarşıdurmada Azərbaycan-Ermənistan arasındakı gərginlikdən başqa Rusiyanın toqquşmalara “yaşıl işığının” da olduğunu ehtimal edirəm".

“Dağlıq Qarabağ münaqişəsindən ən çox yararlanan ölkə Rusiyadır”

Türkiyənin Azərbaycana mümkün hərbi dəstəyi ilə bağlı fikirlər səslənsə də, German-Marshall Fondunun Türkiyə ofisinin direktoru Özgür Ünlühisarcıklı düşünür ki, Türkiyənin bu münaqişəyə qarışması həm Azərbaycan, həm də Türkiyənin özü üçün riskli ola bilər.

O hesab edir ki, Cənubi Qafqaz Rusiyanın arxa bağçasıdır, Ermənistan Azərbaycan arasındakı münaqişə də Rusiyanın müəyyənləşdirdiyi çərçivə daxilində aparılır:

“Rusiya və Türkiyə arasında Suriya və Liviyada bir “proksi döyüşü” gedir. Amma əslində Rusiya ilə Türkiyə arasında böyük bir güc fərqi var. Türkiyə Rusiya ilə döyüşəcək bir ölkə deyil. Amma həm Liviyada, həm də Suriyada Türkiyənin bir logistik üstünlüyü var. Yəni, İdlib dediyimiz yer Türkiyənin qonşusudur. Liviyaya da Türkiyənin yetişməsi daha asandır. Amma Rusiyanın eyni üstünlükləri yoxdur. Lakin Cənubi Qafqaza baxdığımız zaman bura zatən Rusiyanın arxa bağça kimi baxdığı bir yerdir. Burada onun üstünlükləri daha çoxdur. Ermənistanın Gümrü deyilən ərazisində Rus bazası var. Türkiyə Azərbaycana hər hansı dəstək verərsə, o zaman Rusiya da Ermənistana verər. Bu da həm Azərbaycan, həm də Türkiyə üçün risklidir. Ona görə də Türkiyə bu bölgədə hansısa savaşdan yayınmaq istəyər, Azərbaycanın isə Türkiyədən istədiyi yalnızca diplomatik dəstəkdir”.

Rusiya bu münaqişənin həllini istəməyən beynəlxalq oyunçudur

Amma Özgür Ünlühisarcıklı onu da deyir ki, son illər Türkiyənin xarici siyasətini öncədən proqnozlaşdırmaq çətinləşib. Son illər Türkiyə gözlənilməz addımlar atır. Lakin o yenə də Türkiyənin heç bir halda Qafqazda döyüşlərə qatılmayacağı fikrindədir.

Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqatları proqramının direktoru Soner Cagaptay isə hesab edir ki, dondurulmuş Dağlıq Qarabağ münaqişəsindən ən çox yararlanan ölkə Rusiyadır, ona görə də Rusiya bu münaqişənin həll olunmasını istəmir:

“Çünki Azərbaycan-Ermənistan arasındakı münaqişənin sayəsində Rusiya Cənub Qafqazda, Ermənistanda hərbi qüvvələr saxlaya bilir. Əks halda Rusiya Cənubi Qafqazdan çəkilmişdir. Rusiya bu münaqişənin həllini istəməyən beynəlxalq oyunçudur. Nə zaman həll olunsa, çözülməməsi üçün gərəkli addımları atır. Rusiya indiyə kimi bəzən Azərbaycana, bəzən Ermənistana, amma daha çox Ermənistana dəstək verərək, münaqişənin həllinə əngəl olub”.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində silahlı toqquşma olub. Hər iki tərəf itki verib. Son günlər döyüş səngisə də, gərginlik davam edir.

XS
SM
MD
LG