Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:05

Məşhurların dövrü bitibmi


Gal Gadot
Gal Gadot

Pandemiya və özünütəcrid dövrünün yeni başladığı mart ayında "Wonder Woman" filmindən tanınan aktrisa Gal Gadot çox sayda digər məşhurun iştirakı ilə klip düzəldib. Burada çoxu müğənni olmayan məşhurlar "Beatles"ın "Imagine" mahnısını oxuyurlar.

BBC yazır ki, aktrisanın niyyətindən asılı olmayaraq, bu video insanları sual qarşısında qoyub: axı, biz niyə çoxu musiqiçi olmayan, xaric oxuyan məşhurların sıraya düzülüb 50 il bundan əvvəl yazılmış mahnını oxumasına qulaq asmaq istəməliyik?

Bu videodan 10 gün sonra "The New York Times" "Məşhur mədəniyyəti tükənir" başlıqlı məqalə dərc edir. Müəllif Amanda Hess pandemiyanın təsirlərindən biri kimi "məşhur kultunun sıradan çıxması" ideyasını müzakirə edir.

Əlbəttə, bu proses Gadot-un uğursuz videosu ilə başlamayıb. Məsələ burasındadır ki, artıq bir dəstə zəngin və gözəl insanın nə oxuyacağı bizim çoxumuza maraqlı deyil. Gadot və onun yöndəmsiz videosu, sadəcə, bunu daha aydın gördüyümüz anı "əbədiləşdirib".

Hamımız risk altındayıq?

BBC daha sonra yazır ki, adətən, auditoriya məşhurların iştirak etdiyi sosial media təşəbbüslərini bəyənir. London Siti Universitetindən mədəniyyət sosiologiyası üzrə ixtisaslaşan professor Chris Rojek bunu belə izah edir. "Mövcud vəziyyətin etdiyi şeylərdən biri də hamımızın bu məsələdə birlikdə olmağımız ideyasını küləyə sovurması oldu. Hökumətin mesajı belə idi ki, varlı, yaxud yoxsul – hamımız risk altındayıq. Ancaq belə deyilmiş… Bütün o məşhurlara baxın. Onların hamısı [böyük] evlərdə, …dəbdəbə içində yaşayır. Onlar üçün çıxıb "Mən sizin ağrınızı başa düşürəm" demək bir az şıltaqlıq kimidir". Bu qədər şeyin qıt olduğu vaxtda bu qədər var-dövlət yaxşı görünmür", - məqalədə deyilir.

Ancaq məsələ Gadot və yoldaşlarında deyil. Koronavirus məşhurlarla auditoriya arasındakı qarşılıqlı əlaqəni pozub. Bu müddətdə nə premyeralar və qırmızı xalı tədbirləri, nə də parti və gecə şouları keçirilir.

Filmlərin premyeraları, festivallar, turlar və çəkilişlərin hamısı dayandırılıb. Reklam etməyə bir şey qalmayıb. Artıq məşhurların əvəzinə jurnalların üz qabığını həkimlər və rəssamların təsirli işləri bəzəyir.

Məşhurlar evdə oturanda müzakirə olunmurlar. Paparatsilər onların supermarketə girib bir rulon tualet kağızı və iki dilim pitsa almalarını çəkib xalqa göstərmir. Üstəlik, indi çıxsalar da, heç kim onları tanımayacaq. Maska hər şeyi dəyişir.

"Bizdən daha çox darıxırlar"

Bəs, bu halda məşhurlar nə etməlidirlər? Patrick Stewart hər gün Shakespeare-in sonetlərini oxumağa başlayıb. Meryl Streep isə "Zoom"da Christine Baranski və Audra McDonald-la birgə Stephen Sondheim-ın mahnılarını oxumağa başlayıb. Özü də, şərabla birlikdə. Madonna qızılgül ləçəkləri ilə dolu vannasının içindən COVID-19-u "böyük bərabərləşdirici" adlandırıb. Ellen DeGeneres isə özünün Kaliforniyadakı böyük evinin içindən karantini zarafatla "həbsxanada olmaq" adlandırıb. Eyni zamanda, pandemiya dövründə onun tok-şousunda adi işçilərlə pis davranıldığı haqda iddialar səslənib.

"Adi insanlar əlaqə haqda düşünəndə məşhurlar …diqqət haqqında düşündülər. Bizim kimi onlar da evlərində boş-bekar qaldılar. Ancaq onların evləri bizimkilərdən qat-qat daha böyükdür və bir neçə ay işləməmək onların ipoteka borclarını ləngitmir. Daha az şey haqda narahat olduqları üçün, yəqin, bizdən daha çox darıxırlar", – yazıda deyilir.

Professor Rojek-in sözlərinə görə, elə məşhurlar var ki, onların nə hansısa bacarıqları, nə də istedadı var. Onların kütlənin qarşısında çıxardığı yeganə şey sensasiyadır. Pandemiya dövründə insanlar özlərinə daha çox sual verməyə başladılar ki, bizim bu adamlara, xüsusən realiti TV ulduzlarına sərf etməyə nə qədər vaxtımız var.

Ancaq professor Rojek həm də vurğulayıb ki, "məşhur mədəniyyəti" yeni fenomen deyil və azı 100 ildir ki, mövcuddur. O bu mədəniyyətin tezliklə yox olmayacağını deyir.

XS
SM
MD
LG