Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:40

Əli Kərimlidən hakimiyyətə şərtli təklif, YAP-dan ona cavab


Ə.Kərimli
Ə.Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu il iyulun 14-də Milli Məclis önündə baş verən hadisələr və bundan sonra cəbhəçilərin həbsə alınması ilə bağlı açıqlama yayıb.

Həmin açıqlamada hökumətə bəzi təkliflər ünvanlanıb: "Cəbhəçiləri azad edin, məni həbsə alın. Ya da cəbhəçiləri azad edin, bu payızda partiya sədrliyinə namizədliyimi vermərəm".

Ə.Kərimli məsələ ilə bağlı Azadlıq Radiosuna deyib ki, AXCP hakimiyyətin hədəfindədir. Onun fikrincə, bu, AXCP və Milli Şuranın real müxalifət olmasından irəli gəlir. Ə.Kərimlinin vurğulamasına görə, bir çox adamlara isə elə gəlir ki, onunla İlham Əliyevin münasibətləri bu həbslərə səbəb olub: "Bir çoxlarına elə gəlir ki, mənim prinsipial mövqeyimə görə hökumət belə aqressivləşib və cəbhəçilərə qarşı belə sərt davranır. Ona görə, mən bu bəhanələri aradan qaldırmaq üçün hazırda hakimiyyətin girovluğunda olan və həm də işgəncələrə məruz qala bilmələrindən narahat olduğum dostlarımın xilası üçün həmin o iki təklifi verdim...".

Ə.Kərimli habelə deyib ki, hələlik, təkliflərinə cavab yoxdur. Amma o qeyd edib ki, bu cavab əməldə ifadə edilməlidir. "Hər şey şəffaf baş verir, xalqın gözünün qarşısında", - o, sonda da vurğulayıb.

A.Mirzəzadə
A.Mirzəzadə

"...hakimiyyətə siyasi alver təklifləridir"

"Əli Kərimlinin bu təklifləri hakimiyyətə siyasi alver təklifləridir".

Bunu isə "Turan" agentliyinə mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə söyləyib. Onun fikrincə, bu, "siyasi alver"də Ə.Kərimlinin qurduğu bir hiylə var:

"O, Azərbaycan hakimiyyətini hüquqi çərçivədən çıxmağa təhrik etməyə çalışır. Sonradan da bundan öz xeyrinə istifadə etsin. Konkret hadisə olub, həmin hadisənin iştirakçıları hüquqi məsuliyyətə cəlb olunublar. Hüquq çərçivəsində də addımlar atılır".

Deputatın təəssüfünü dilə gətirib vurğulamasına görə, uzun illər siyasətdə olmasına baxmayaraq, radikal müxalifət təmsilçisi demokratik prinsipləri mənimsəyə bilməyib. Onun fikrincə, belə təkliflər verməkdənsə, Konstitusiya və qanunlar çərçivəsində hərəkət etmək, Azərbaycanda demokratiyanın dərinləşməsinə töhfə verilməsi istiqamətində fəaliyyət göstərmək daha düzgün olardı.

A.Mirzəzadə habelə vurğulayıb ki, Ə.Kərimlinin sədrliyi dövründə bu partiya maksimum dərəcədə paçalanıb və Azərbaycanda bu qədər parçalanmış ikinci bir partiya yoxdur.

Əli Kərimli: 'Həbsimə hazıram'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Azərbaycanın hüquq-mühafizə orqanları isə təcridxana və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını bildirməyiblər.

AXCP-dən verilən məlumata görə, son iki həftə ərzində partiyanın ümumilikdə 38 üzvü saxlanıb. Onlardan 16 nəfəri haqqında cinayət işi başlanıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15-ə yaxın cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir.

Saxlananlardan bəzisinin də buraxıldığı açıqlanıb.

Cinayət məsuliyyətinə cəlb olunanlara qarşı, əsasən, Cinayət Məcəlləsinin (CM) 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanlardan ikisinə əlavə 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəylə də ittiham verilib.

AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG