Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:18

AŞPA məruzəçiləri Azərbaycandakı həbslərdən narahatdırlar


İyulun 31-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbus adlandırılanlar üzrə məruzəçisi Sunna Ævarsdóttir (İslandiya), habelə Azərbaycan üzrə həmməruzəçilər - Stefan Schennach (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) son günlər Bakıda həyata keçirilən kütləvi həbslər barədə ciddi narahatlıq ifadə ediblər:

“Biz Azərbaycan-Ermənistan sərhədində toqquşmalardan sonra keçirilən nümayişdə iştirak edənlərin kütləvi həbsləri barədə son xəbərlərdən dərindən narahatıq. Biz saxlananlara iddia edilən dövlət çevrilişinə cəhdin etiraf etdirilməsi məqsədilə işgəncələr verildiyi barədə xəbərlərdən xüsusilə narahatıq. Bu kontekstdə AXCP-nin liderlərindən Fuad Qəhrəmanlının həbsindən və ona qarşı irəli sürülmüş ittihamlardan narahatlıq ifadə edirik”.

Bəyanat müəllifləri bildirirlər ki, Azərbaycanda pozulmasına qarşı mexanizmləri olmayan inzibati saxlanmalar daim həm AŞPA, həm Avropa İnsan Haqları Məhkəməsi, həm də Nazirlər Komitəsi tərəfindən dəfələrlə tənqid olunub.

Bəyanatda bu da qeyd olunur ki, Azərbaycanda asayişin pozulması ilə bağlı ittihamların saxta dəlillər əsasında irəli sürülməsinə dair iddialar vardır.

AŞPA rəsmiləri bildirirlər ki, Azərbaycanda belə ittihamlardan sui-istifadə edilməsi dəfələrlə tənqid edilib və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında cinayət məcəlləsindən siyasi motivlərlə sui-istifadə olunduğu qeyd edilib.

Bəyanatda vurğulanır ki, son hadisələr də qanunsuz inzibati həbs və saxlanmaların adətincə yer ala biləcəyini düşünməyə əsas verir və Azərbaycan bu ilin yanvarında qəbul edilmiş 2322 nömrəli AŞPA qətnaməsinin icrasında real tərəqqiyə nail olmayıb:

“Biz Azərbaycan hakimiyyətini ifadə və toplaşma azadlıqlarına ehtiramın tam təmin edilməsinə, işgəncələrin qadağan olunmasına, azadlıq və təhlükəsizlik hüquqlarına riayət edilməsinə və sözü gedən saxlananların ədalətli mühakiməsinə çağırırıq”.

AŞPA rəsmiləri bildirirlər ki, onlar tezliklə Azərbaycan nümayəndələrindən Azərbaycanda siyasi məhbus adlandırılanlarla bağlı 2322 (2020) qətnaməsinin, habelə 2184 (2017) qətnaməsinin icrası ilə bağlı müvafiq prosedurlar çərçivəsində daha geniş məlumat istəyəcəklər.

Həmməruzəçilər AŞPA-dakı Azərbaycan nümayəndə heyəti başçısının bu məsələnin birbaşa məktublaşma vasitəsilə konstruktiv şəkildə müzakirəsindən imtina etməsindən məyus olduqlarını bildirirlər.

***

Azərbaycan üzrə AÇPA məruzəçisi Stefan Schennach iyulun 17-də AzadlıqRadiosuna müsahibə vermişdi:

XS
SM
MD
LG