Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:25

Planlaşdırma ilə pandemiya stresini üstələmək olar


Bu il çox şey gözlədiyimiz kimi olmadı. Pandemiya bizə həm də planlarımızın təsəvvür etdiyimizdən daha kövrək olduğunu göstərdi. Ancaq planları uzun müddət təxirə salmaq əqli sağlamlığımıza yükdür. Elmi araşdırmalar qeyri-müəyyən gələcəklə qorxu və narahatlıq arasında əlaqənin olduğunu, bu halın hətta depressiya hallarına gətirib çıxardığını müəyyən edib.

Plan qurmaq stresə müqaviməti artırır

BBC yazır ki, , Şimali Karolina Universitetinin psixologiya professoru Shevaun Neupertin həmmüəllifi olduğu yeni araşdırmanın nəticələrinə görə, plan qurmaq vacibdir. Baş tutmasa belə, plan qurmaq insana nikbin düşüncə tərzini qoruyub saxlamağa kömək edir və onun stresdən yorulmasına imkan vermir. Planlaşdırmaq bizim təbiətimizdədir.

“İnsanların gələcək haqqında düşünmək kimi unikal bacarığı var. Biz öncədən planlaşdırmağa bu qədər beyin gücü sərf edən yeganə canlı növüyük”, – professor Neupert BBC-yə deyib.

İşləri planlaşdırmaq stres gəlməmiş onun qarşısını almağa kömək edir. Professor Neupert deyir ki, bu işin həm davranış, həm də düşünmə komponentləri var. Neupert öz araşdırmasında 9 gün ərzində 200 iştirakçının gündəlik stresin öhdəsindən necə gəlməsini müşahidə edib. Stresin qarşısını öncədən almağa çalışan, yəni gələcəyi düşünən, çətinlikləri əvvəlcədən gözləyən və onların öhdəsindən gəlmək üçün plan quran iştirakçıların stresə müqaviməti daha güclü olub. Neupert “özümüzə qayıdış kimi hiss etdirən” şeyləri planlaşdırmağı təklif edir. Hətta bunu edə biləcəyimizə əmin olmasaq belə, əvvəlcədən saç, manikür ustasına yazılmaq faydalıdır. Salona getməyi planlaşdırmaq belə öz qayğımıza qalmaq deməkdir.

İşlərin siyahısını tutmaq

Professorun sözlərinə görə, hətta tarix və saatları qeyd etmədən belə görmək istədiyimiz işlərin siyahısını tutmağın əqli və emosional faydaları var. Planların qeyri-müəyyən müddətə təxirə salındığı bu günlərdə görmək istədiyimiz adi və daha böyük işlərin siyahısını tutmaq yaxşı olardı. Gələcəkdə, işlər yoluna düşəndən sonra onları plana çevirmək olar.

Neupert deyir ki, “etmək niyyətində olduğumuz işləri qəbul etmək kifayətdir… Yaxşı şeyləri gözləməyin insana çox güclü təsiri var”.

İnsan beyni
İnsan beyni

Məqalədə daha sonra deyilir ki, planlaşdırma bizə təkcə nəyisə gözləmək imkanı vermir. O həm də beynimizdəki qarışıqlığın yaratdığı narahatlığın öhdəsindən gəlməyimizə kömək edir. “Koqnitiv yük nəzəriyyəsi” mütəxəssislərin “zehni emal” adlandırdığı prosesin geniş yayılmış modelidir. 1960-cı illərin sonlarında meydana gəlmiş bu nəzəriyyəyə görə, insan beyni istənilən zaman kəsiyində məhdud sayda informasiyanı emal etməyə qadirdir. Qeyri-müəyyənlik vəziyyətində işləri tamamlamaq çətin olanda biz eyni zamanda bütün bu informasiyanı beynimizdə daşımağa məcbur oluruq. “Heç vaxt tamamlanmayan işlər yükümüzə əlavə olunur”, – Neupert deyir.

Yarımçıq işlərə fokuslanmaq

İnfoqrafika
İnfoqrafika

Burada işə yarayan daha bir maraqlı termin “Zeyqarnik effekti”dir. Rus psixoloqu Bluma Volfovna Zeyqarnik ilk dəfə 1920-ci illərin sonlarında insanların tamamlanmamış işlərə fokuslanmaq tendensiyası haqda yazıb. Bizim dövrümüzdə yarımçıq işlər çoxaldığından bu tendensiya daha da güclənib. “Tamamlanmamış məqsədlər insanların beynində qalır”, – Şimali Karolinadakı Ueyk Forest Universitetinin psixologiya professoru E.J. Masicampo deyir.

Masicampo-nun planlaşdırmanın Zeyqarnik effektinin azalmasına təsirini öyrənib. Onun sözlərinə görə, beynimizdə daşıdığımız bütün işlər koqnitiv yükümüzə əlavə olunur və narahatlığın artmasına yol açır. Masicampo bu problemi aradan qaldırmağın iki yolunu təklif edir.

“İşlərinizi doğrudan da həll etməlisiniz, yaxud da dəqiq plan qurmalısınız”, – o deyir. Professor Neupert deyir ki, bəzi adamlar 3 ay sonra ilə bağ qura bilmirlər. “Əgər alınırsa, sabah üçün plan qurun. Əgər bu da uzaq gəlirsə, bu gün üçün plan qurun”, – o deyir. Bu, planlaşdırmaqla çox da arası olmayan insanlar üçün yaxşı məsləhətdir. Hazırkı vəziyyət və stres yaradan amillər qeyri-adi sayılır. “Bəlkə də bu, stresin öhdəsindən gəlmək üsulunuzu dəyişməyin vaxtıdır”, - Neupert deyir.

XS
SM
MD
LG