Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:31

Səfirin həbsinə iki fərqli yozum 


Eldar Həsənov, arxiv foto
Eldar Həsənov, arxiv foto

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov avqustun 13-də həbs olunub. Rəsmi məlumatda səfirin həbsinə səbəb kimi xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr göstərilir.

AzadliqRadiosunun səfirin həbsinin dəyərləndirilməsi və oxşar həbslərin davamının olacağı barədə suallarına cavablar haçalanır.

“Azərbaycanda hüquqi dövlət var,...”

Hikmət Babaoğlu, arxiv foto
Hikmət Babaoğlu, arxiv foto

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatlardan Hikmət Babaoğlu hər hansı həbsə xüsusi məna verməyin əleyhinədir. O, hesab edir ki, hər hansı həbsə məna verib kateqoriyalara bölmək doğru deyil:

“Azərbaycan hüquqi dövlətdir , cəmiyyətin də iradəsi hüquq sistemində sanksiyalaşdırılıb. Ona görə də mübahisəsiz olaraq hüquq-mühafizə orqanlarının atdığı hər bir addımı dəstəkləmək lazımdır. Çünki bu cür qərarlar qəbul edilərkən mütləq əsaslar vardır. Bu baxımdan həbsi hüquqi dövlətdə baş verən normal hadisə kimi qiymətləndirirəm”.

“Bu tip həbslər bundan sonra da davam edə bilərmi” sualına isə Hikmət Babaoğlu “mən ümumiyyətlə həbsləri fərqləndimirəm, hamısını hüquqi sistemimizin gərəyi və demokratik cəmiyyətin tələbi kimi qiymətlənidirirəm” cavabını verib.

“Çünki belə həbs ..."

Anar Məmmədli, 2019
Anar Məmmədli, 2019

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə vəzifədə olan diplomatın bu formada həbsini yaxşı hal kimi qarşılamır:

“Çünki belə həbs normal dövlətçilik münasibətlərinin qorunması və inkişafı baxımdan yaxşı tendensiyadan xəbər vermir. Daha çox spontan verilən qərara oxşayır. Məsələ ondadır ki, Eldar Həsənov vəzifədədir, ölkəyə gəlir, həbs edilir, amma səfir vəzifəsindən çıxarılmır və həbs haqqında da ictimaiyyətə əhatəli məlumat verilmir”.

“Belə addımlar hakim siyasi elitanın marağından doğur”

Anar Məmmədlinin fikrincə, hazırda vəzifədə olanların bu cür həbsləri siyasi niyyətdən irəli gəlir. O hesab edir ki, ən azından səfirin özünü müdafiə hüququ tanınmadan həbs olunursa, bu siyasi niyyətin olduğu üzə çıxır:

“Eldar Həsənov kimi şəxslərin həbsinə gəlincə, Azərbaycanda hüququ dövlət anlayışı tam oturuşmadığından istənilən halda bu cür həbsləri reallaşdırmaq olar. Belə addımlar hakim siyasi elitanın marağından doğur. Əlbəttə, bunun özü yaxşı hal deyil, dövlətə yaraşmayan məsələdir. Çünki cəmiyyətə qaranlıq qalan mətləblər var. Əgər söhbət korrupsiyadan gedirsə, hakim komandada korrupsiyaya bulaşan xeyli sayda məmur var. Onlar bir gündə korrupsiyaya bulaşmır, bunun üçün illər lazım olur”

"...bəs hüquq-mühafizə orqanları hara baxırdılar?..."

Anar Məmmədli sual edir ki, əgər “ Eldar Həsənov səfir, yaxud Baş Prokuror kimi korrupsiyaya bulaşıbsa, bəs hüquq-mühafizə orqanları hara baxırdılar? Ona görə də onun həbsi siyasi motivlidir. Əgər səfir bir gündə korrupsionerə çevrilibsə, onun həbsi qərarı da çıxış yolu deyil. Ev dustağı da seçib obyektiv araşdırma aparıla bilərdi. Ona görə baş verən həbs yaxşı örnək deyil, gələcəkdə mənfi nəticələr doğura bilər. Sabah Eldar Həsənov deyə bilər ki, onu siyasi motivlər əsasında həbs ediblər. Əgər ölkədə sivil, hüquqi dövlət anlayışının olmasını istəyiriksə, həbslər bu şəkildə cərəyan etməməlidir. Ancaq cənab Həsənov da mövcud hakimiyyətin kadrıdır, sistemin özü də korrupsionerdirsə, ayrı-ayrı fərdləri ayırmaq mümkün deyil və yüksək post tutan hər kəsi korrupsiyada ittiham etmək olar”.

Xatırlatma

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun saxlanması haqqında məlumatı avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb. Məlumatda yazılıb ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib. DTX bildirir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib: “Maliyyə yoxlamaları zamanı... Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir...”.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənovun həbsdə saxlanması barədə istintaq orqanının vəsatətini təmin edib. Onun barəsində ilkin istintaq dövrü üçün noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. Eldar Həsənovun haqqında istintaq DTX-nın İstintaq Baş İdarəsində aparılır. Onun DTX-nın istintaq təcridxanasında saxlanacağı bildirilir.

Eldar Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham verilib.

Eldar Həsənovun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma Eldar Həsənov ittihamları qəbul etmir. O, məhkəmədə də özünü təqsirli bilmədiyini deyib.

Adil Ismayılov - 4 iyun 2018
Adil Ismayılov - 4 iyun 2018

Eldar Həsənovun vəkili Adil İsmayılov AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından apellyasiya şikayəti verəcək.

Eldar Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib. 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb.

XS
SM
MD
LG