Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:46

'Apple' şirkəti 'Fortnite' oyununa görə məhkəməyə verildi


İllüstrativ foto
İllüstrativ foto

2020-ci ilin iyununadək “Fortnite” oyununun 350 milyon qeydiyyata alınmış istifadəçisi olub

ABŞ-ın “Epic Games” şirkəti “Fortnite” oyununu “app” mağazasından çıxardığına görə “Apple” şirkətini məhkəməyə verib. Məhkəmədən xahiş olunur ki, onlayn mağazada şirkətin digər oyunlarına qarşı mümkün cavab tədbirlərindən onu qorusun.

Avqustun 17-də təqdim olunmuş iddia ərizəsində deyilir ki, Apple avqustun 28-dən “Epic Games”in hesablarını bağlayacağını, onu iOS və Mac üçün tətbiq hazırlanma alətlərindən məhrum edəcəyini bildirib.

Avqustun 14-də “The Verge” nəşri yazırdı ki, “Fortnite” oyununun mobil verisyası Appstore və Google Play onlayn mağazalarından yığışdırılıb. Buna tətbiqə əlavə olunmuş birbaşa ödəniş funksiyası səbəb olub. Apple bildirib ki, bu funksiya “yoxlanmayıb və təsdiqlənməyib”. Apple “Epic Games”i AppStore qaydalarını pozmaqda ittiham edib.

Oyun şirkəti isə Apple və Google-u tətbiq bazarını monopoliyaya almaq cəhdində ittiham edib. “Epic Games” oyunun pozulmasını ABŞ-da antiinhisar qanunvericiliyinin pozulması hesab etdiyindən məhkəmə iddiası qaldırıb.

350 milyon qeydiyyata alınmış oyunçu

2020-ci ilin iyununadək “Fortnite” oyununun 350 milyon qeydiyyata alınmış istifadəçisi olub. Bundan başqa, “Epic” digər oyun istehsalçıları üçün də alətlər hazırlayır. Yəni, bu addım digər şirkətlərə də təsirini göstərəcək.

“Milyonlarla Fortnite oyunçusunun dostları və ailələri ilə birlikdə oynamasının dayandırılması yaxın perspektivdə Epic-ə bərpaolunmaz ziyan vuracaq”, – iddia ərizəsində deyilir.

Ərizədə vurğulanır ki, milyonlarla Fortnite oyunçusu daha mövcud versiyalarda digər istifadəçilərlə onlayn oynaya bilməyəcək, potensial yeni oyunçuların isə bu oyunları yükləməsi alınmayacaq.

Apple daha öncə Epic-lə sıx işləyib. Ancaq oyun istehsalçısı birbaşa ödənişlər təklifi irəli sürüncə bu münasibətdə problem yaranıb, Epic-in məhkəmə iddiasına əlavə etdiyi sənədlərdən belə çıxır.

“Epic-in özünə yaratdığı problem asanlıqla həll oluna bilər, bundan ötrü onlar tətbiqi yeniləyərək əvvəlki vəziyyətinə qaytarmalı, razılaşdıqları və bütün oyun istehsalçılarına aid qaydalara əməl etməlidirlər”, – Apple “Epic”in məhkəmə iddiasına cavabında bildirib.

“Biz Epic üçün istisnaya yol verməyəcəyik, çünki düşünmürük ki, onların biznes maraqlarını müştərilərimizi qoruyan qaydalardan önə qoymaq doğrudur”, – şirkət bəyanatında vurğulayır.

XS
SM
MD
LG