Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Putin Lukashenka-nı dəstəkləyirmi


Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka

Çoxları Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxilə arasında paralel apardı. O zaman Moskvanın dəstəyilə referendum keçirildi və Ukraynanın Krım yarımadası ilhaq olundu

Avqustun 16-da axşam yüzminlərlə etirazçı Belarus küçələrinə çıxaraq avtoritar lider Alyaksandr Lukashenka-nın istefasını tələb edəndə Rusiyanın araşdırmaçı orqanı olan Münaqişə Kəşfiyyat Komandası narahatlıq yaradan bir hesabat dərc etdi.

“Rusiyanın çevik polisinə/Milli Qvardiyasına oxşar iki konvoy nömrəsiz yük maşını Belarus sərhədinin 400 km-də görünüb, Sankt Peterburqdan cənuba gedirlər”, – qrup Twitter-də yazıb.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Matthew Luxmoore yazır ki, bu versiya sonradan təkzib olundu, konvoyun əslində Belarusa məxsus olduğu üzə çıxdı. Ancaq görünür, məqsəd daha öncəki regional böhranları yaddaşlarda təzələməklə irimiqyaslı qorxu yaratmaq idi: yəni, Moskva Rusiya-pərəst lideri dəstəkləmək üçün gücə əl atmağa hazırdır.

Dost xalqa qarşı gücdən istifadə...

Çoxları Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxilə arasında paralel apardı. O zaman Moskvanın dəstəyilə referendum keçirildi və Ukraynanın Krım yarımadası ilhaq olundu.

“Ancaq Rusiyanın ənənəvi müttəfiq kimi Belarus üçün vacibliyinə baxmayaraq... Rusiyada çox az təhlilçi Kremlin Ukrayna ssenarisini təkrarlayacağını gözləyir. Onminlərlə etirazçının dinc aksiyalara qoşulduğu, Lukashenka-ya dəstəyin azaldığı bir dönəmdə Rusiyanın oraya daxil olaraq itaətsizliyi yatırtmaqdan qazancı böyük deyil”, – müəllif yazır.

“Dost xalqa qarşı gücdən istifadə çox riskli ola bilər”, – Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Baunov radioya deyib.

Üstəlik, Belarusdakı etirazlarda Ukraynadan fərqli olaraq, anti-Rusiya əhvalı hiss olunmur. Rusiya etirazları güclə yatırtmağa qalxarsa, bu əhval dəyişə bilər.

“Bu, Lukashenka-dan da pis görünmək deməkdir, çünki Lukashenka azından yerlidir”, – Baunov deyir.

Amma bir məsələ də var ki, Moskva oturub hadisələri kənardan da izləyən deyil. Avqustun 15-də hadisələr nəzarətdən çıxmış kimi görünəndə Lukashenka elan elədi ki, Putinə zəng edəcək, etiraz hərəkatının xaricdən idarə olunduğunu iddia etdi, onun “təkcə Belarusa deyil”, Rusiyaya da təhdid yaratdığını söylədi.

“Kreml buna hazır deyil”

Liderlər həftəsonu iki dəfə telefonla danışıblar. Sonradan Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına istinad elədi. Bu qurumun altı üzvü xarici hücuma qarşı bir-birini müdafiə etməyə boyun olublar. Kremlin avqustun 16-da yaydığı bəyanatda deyilirdi ki, “Belarusun üzləşdiyi çətinliklərin həllində gərəkən yardımı göstərməyə hazırdır”, hətta Belarus prezidentinin adı belə çəkilmirdi.

Minskdə yaşayan siyasi təhlilçi Artsyom Shraybman-ın fikrincə, Rusiya bütün bəyanatlarında aydın şəkildə bildirib ki, “xarici təcavüz” halında yalnız KTMT çərçivəsində müdaxilə edəcək, baxmayaraq ki, Lukashenka Belarusun “ilk zəngi”ndə kömək edəcəyini bildirir. Üstəlik, Moskvanın Lukashenka-nın adını çəkməməsi onu göstərir ki, onun populyarlığının azalmasından xəbərdardır.

“Moskva üçün itirən tərəfi müdafiə etmək xeyli qüvvə deməkdir. Bu zaman böyük işğalçı qüvvə partizan müharibəsi ilə mübarizə aparmalı olar. Məncə, Kreml buna hazır deyil”, – Shraybman Rusiyanın müstəqil “Dojd” telekanalına deyib.

Bir çox təhlilçilər belə bir fikirlə razılaşırlar ki, Kremlin rəsmi bəyanatlarında Lukashenka hökumətinə konkret hərbi yardım vəd olunmayıb.

“Belarusun istənilən prezidentinə aiddir”

“Onlar yalnız problemlərin mövcudluğunu, Rusiyanın baş verənlərdən xəbərdar olduğunu etiraf edir, dialoqa hazır olduqlarını bəyan edirlər”, – Moskvada yaşayan politoloq Yekaterina Schulmann deyir.

“Bu, çox yaxşıdır və istənilən siyasi rejimə, Belarusun istənilən prezidentinə aiddir”, – o, sözlərinə əlavə edib.

Müəllif qeyd edir ki, Moskva müxtəlif variantlara əlyeri qoyan kimi görünür, yəni Lukashenka-nın müxalifəti dəstəklədiyi namizədlə əvəzlənməsinə belə.

Belarusda hakimiyyət dəyişikliyi ehtimalı artdıqca Moskva ölkənin gələcəyi ilə bağlı Qərblə pərdəarxası danışıqlara girişə, özünün bu prosesdə əsas maraqlarının təmin olunmasına çalışa bilər.

“Məncə, Rusiya özünü vasitəçilərdən biri, yaxud əsas vasitəçi kimi görmək istəyəcək. Düşünmürəm ki, şəxsən Lukashenka ilə çox maraqlanır”, – Schulmann mümkün beynəlxalq müzakirələr haqda belə düşünür.

İndilik, Lukashenka hakimiyyətdən yapışıb, Moskva isə onun həlledici günlərin öhdəsindən necə gəlməsinə göz qoyur, istənilən nəticədən dərs çıxarmağa hazır vəziyyətdədir.

“Rusiyanın dəstəyə ehtiyacı olan istənilən avtokratı dəstəkləməsi doğru deyil. Amma Rusiya mövcud hakimiyyətin üsyançı kütlə tərəfindən birbaşa devrilməsini görmək istəmir. Bu, pis mənzərə yaratmış olur”, – Schulmann belə düşünür.

Belarusda 9 avqust prezident seçkisindən sonra Lukashenka-nın 80 faizdən çox səs yığdığı açıqlandı. Bundan sonra ölkəni kütləvi etirazlar bürüyüb, nümayişə çıxanlar prezidentin istefasını, yeni seçki keçirilməsini tələb edirlər.

XS
SM
MD
LG