Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

Belarus üçün Ermənistan modeli – Qərb mediası


Minskdə etiraz, 19 avqust, 2020-ci il
Minskdə etiraz, 19 avqust, 2020-ci il

Carl Bildt yazır ki, Ermənistan inqilabı Belarus üçün model ola bilər. Beynəlxalq nəzarət altında yeni prezident seçkisi keçirilməsi üçün Belarusun xarici oriyentasiyası müzakirəyə çıxarılmamalıdır

Qərbdə bir sıra müşahidəçilər Belarusdakı kütləvi etirazları Ukraynanın 2004-05 və 2014-cü il inqilabları ilə müqayisə edirlər. Amma “Project Syndicate” portalında İsveçin keçmiş xarici işlər naziri Carl Bildt yazır ki, ən yaxşı analoq Ermənistanda 2018-ci ildəki demokratik keçiddir. Ermənistanlılar ölkəiçi idarəçiliyin dəyişməsini istəyirdilər, geosiyasi oriyentasiyanı deyil və fərq də elə bundaydı.

Müəllif yazır ki, Ukraynada soyuq müharibədən sonrakı siyasi proseslərdə korrupsiya və idarəetmədəki qüsurların rolu vardı və etirazlarda əsas faktor ölkəni Avropaya yaxınlaşdırmaq idi. Maydan hərəkatı ovaxtkı prezident Viktor Yanukovich-in Avropaya inteqrasiya və islahatları tərk etmə cəhdinə birbaşa reaksiya idi. İnqilabçılar Avropa Birliyinin bayrağı altında səfərbər oldular.

“Ermənistan modeli”ni necə təmin etməli

Belarusda vəziyyət isə fərqlidir. Ölkənin Avropa, yaxud Rusiyaya oriyentasiyasından söhbət getmir. Belaruslular sadəcə, bir nəfərin – Alyaksandr Lukashenka-nın 26 illik idarəçiliyindən cana gəliblər. İnqilabın bayrağı da Belarusun qadağan olunmuş ağ-qırmızı-ağ bayrağıdır. Görünür, o, tezliklə ölkənin rəsmi bayrağına çevriləcək.

Müəllif 2018-ci ildə Ermənistanda da kütləvi etirazların Serzh Sargsyan-ın 10 il prezident postunda qalandan sonra baş nazir seçilməsinə qarşı başladığını yada salır. Ermənistanın Rusiyayla həmişə sıx münasibətləri olub. 2018-ci ildə Rusiyanın bu ölkəyə müdaxilə edəcəyi sarıdan qoxular olsa da, Ermənistanın geosiyasi oriyentasiyasının dəyişəcəyi müzakirə olunmadığından Kreml təmkinli davrandı.

Carl Bildt yazır ki, Ermənistan inqilabı Belarus üçün model ola bilər. Beynəlxalq nəzarət altında yeni prezident seçkisi keçirilməsi üçün Belarusun xarici oriyentasiyası müzakirəyə çıxarılmamalıdır. Seçki, daha geniş mübarizə yalnız ölkə içində demokratiya naminə aparılmalıdır.

“ ‘Ermənistan’ modeli üçün şərtlərin yaranmasından ötrü AB sanksiyalarını ehtiyatla hazırlamalı, yalnız seçkinin saxtalaşdırılması, etirazçılara zorakılıqla divan tutulması üçün məsuliyyət daşıyan fərdləri hədəfə almalıdır. Belarus cəmiyyəti və iqtisadiyyatına baha başa gələcək hər hansı addımın əks-nəticələri olar”, – məqalədə deyilir.

İqtisadi perspektivlər

“The Financial Times” qəzetində Henry Foy isə ölkə iqtisadiyyatı açılmasının perspektivlərindən yazır.

Belarusda bir çox şirkətlər köhnəlib, modernləşməsi üçün nağd vəsait lazımdır. Ancaq bəziləri özəl sərmayəyə açıla bilər. Belneftekhim dövlət neft emalı zavodu hər il 70-dək ölkəyə 7 milyard dollarlıq neft məhsulları ixrac edir, Rusiyadan Avropaya xam neft axınını təmin edən infrastrukturun vacib hissəsidir.

Belaruskali dövlət müəssisəsi dünyada potaş istehsalının 20 faizini təşkil edir, ildə 2,75 milyard dollarlıq məhsul ixrac edir.

BelAZ müxtəlif növ yük maşınları istehsal edir.

Belarus həmçinin dünyada adambaşına süd məhsullarının ən böyük ixracatçısıdır.

Potensial qərb investorları isə qarşılarında iki əsas rəqibi – Rusiya və Çini görəcəklər.

Belarusda 9 avqust prezident seçkisində Alyaksandr Lukashenka-nın səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb. Avropa Birliyi avqustun 19-da fövqəladə iclasda bu ölkədəki vəziyyəti müzakirə etməlidir.

XS
SM
MD
LG