Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:29

Həbsdəki cəbhəçiyə ailə üzvləri ilə əlaqə qadağası


M.İmanlı
M.İmanlı

İyulda Bakıda keçirilən Qarabağ yürüşündən sonra həbs olunan AXCP fəallarından Məhəmməd İmanlının bir həftə öncə övladı dünyaya gəlib. Amma ailə üzvlərilə telefon danışığı və görüşmək imkanı olmadığına görə bundan sentyabrın 3-də vəkili ilə görüşəndə xəbər tutub. Bu barədə AzadlıqRadiosuna danışan atası Ramiz İmanlı deyir ki, oğlu iyulun 16-da həbs olunandan bu yana onunla nə görüşə bilirlər, nə də telefonla danışırlar.

M.İmanlıya qarşı CM-in 139-1.1 (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılır.

R.İmanlının sözlərinə görə, oğlunun bu müəssisədə saxlandığına sentyabrın 3-də əmin olublar. Çünki ora köçürüləndən sonra ilk dəfə vəkili gedib onunla görüşə bilib: "Məhkəmə həbs qərarı çıxarandan sonra nə qədər yerlərə müraciətdən sonra dedilər ki, ora köçürüblər. Həftədə bir dəfə paltar, yemək aparıb qapıdan verirdik. Sonuncu dəfə avqustun 24-də yeməkdən başqa kitablar da aparmışdıq. Adi bədii kitabları götürmədilər ki, burada kitab oxumurlar. Şübhələndik ki, bəlkə heç orada yoxdur, bizə demirlər. Dəqiqləşdirmək imkanımız da yoxdur. Vəkil görüşəndən sonra arxayın olduq".

"Ən azı, körpəsinə, yoldaşına görə"

R.İmanlı deyir ki, oğluna verilən koronavirus yayma ittihamı saxtadır. Onun sözlərinə görə, Məhəmmədin səhhətində heç bir problem olmayıb. Cinayət işinin materiallarında M.İmanlının küçədə getdiyi zaman karantin rejimini pozduğuna görə polislərin saxlayıb bölməyə gətirdiyi, test keçirilərkən virus daşıyıcısı olduğu yazılsa da, atası bildirib ki, yalandır. Oğlunu iyulun 16-da evdən sahə müvəkkili çağırıb aparıb: "Əgər bu adam koronavirus olubsa, bəs niyə gəlib bizi karantinə almadılar? Adi sahə həkimi səviyyəsində də gəlib yoxlamadılar. Evdə biryaşlı körpəsi, hamilə həyat yoldaşı vardı. Əgər adi temperaturu olsaydı, dərhal həkimə gedərdi. Ən azı, körpəsinə, yoldaşına görə. Məhəmməd sağlam olub. Şərləmək üçün uydurulmuş ittihamdır".

M.İmanlının vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin ailəsi ilə telefon danışığı və görüşməsinə qadağalarla əlaqədar müxtəlif dövlət orqanlarına, o cümlədən Ombudsman Aparatına müraciət olunub. Bugünlərdə öyrəniblər ki, onun işi üzrə istintaqı aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarovun bu barədə qərarı var. Həmin qərar əsasında onun yaxınlarıyla əlaqəsinə icazə verilmir.

Vəkil müstəntiqin bu hərəkətindən Sabunçu Rayon Məhkəməsinə şikayət verib.

Ə.Mustafayevin sözlərinə görə, müvəkkili ona koronavirusa yoluxmadığını, bu barədə ittihamda yazılanların da həqiqətəuyğun olmadığını söyləyib: "Dedi ki, səhhətində heç bir problem yoxdur, müəssisəyə necə sağlam gəlmişdisə, indi də elədir. Onun bildirdiyinə görə, gələndə üç dənə həb veriblər, bununla da müalicə bitib. Ona gətirilən kitabların qaytarılmasından, kamerada radio və televizorun olmamasından qileyləndi. Müəssənin rəisi ilə görüşdüm, onun şikayətlərini çatdırdım. Rəis dediklərimə hörmətlə yanaşdı, bu məsələlərin aradan qaldırılmasına çalışacağını bildirdi".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, bu qurumun tabeliyində saxlanılan bütün şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığını, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Yerli hüquq müdafiəçiləri həmin olaylarla bağlı 70 civarında şəxsin saxlandığını, onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb olunduğunu, haqlarında həbs-qətimkan tədbiri seçildiyini bildirir.

Orduya dəstək yürüşündən sonra AXCP-nin 40-da çox fəalı həbs edilib. Onlardan 16 nəfəri yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib. 18 nəfərə inzibati qaydada 30 sutka həbs cəzası verilib. Onların bir qismi artıq cəzasını başa vuraraq azadlığa çıxıb.

Yürüşdən sonra həbs edilən bir neçə şəxsə, o cümlədən M.İmanlıya isə koronavirus yayma ittihamı verilib. Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 5000 manata qədər cərimə və ya 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG