Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:29

Cenevrə görüşündən nə gözlənir, nə yox?


C.Bayramov
C.Bayramov

Bu gün, oktyabrın 8-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrəyə səfəri gözlənir. O, ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə də, səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır. Bəs Azərbaycanda bu görüşlə bağlı gözləntilər nədən ibarətdir?

"Yaxşı bir diplomatik gediş və qazanılan xaldır"

Deputat Erkin Qədirli bu suala cavab olaraq vurğulayıb ki, görüşüb danışmaq vacibdir və bu, siyasətin vacib hissəsidir. Onun fikrincə, bu mənada Xarici İşlər naziri C.Bayramovun həmsədrlərlə görüşməsi önəmlidir. E.Qədirlinin deməsinə görə, Ermənistan tərəfi bu görüşlərə qatılmır:

E.Qədirli
E.Qədirli

"Nəzərə alsaq ki, Ermənistanın Xarici İşlər naziri həmsədrlərlə bu görüşə getmədi, bu fonda Azərbaycanın mövqeyi daha konstruktiv görünür. Yaxşı bir diplomatik gediş və qazanılan xaldır".

"Danışıqlardan qaçan Azərbaycan yox, Ermənistandır"

Deputatın fikrincə, həmsədrlərlə bu görüş Azərbaycanın danışıqlardan çəkinmədiyini göstərir. Onun vurğulamasına görə, həmsədrlər özləri də şahid olurlar ki, danışıqlardan qaçan Azərbaycan yox, Ermənistandır: "Digər tərəfdən, danışıqlar hərbi əməliyyatlara mane olmur, döyüşlərlə paralel danışıqlar da gedir. Elə bir nəticə gözləmirəm. Bu baxımdan, xarici işlər naziri öz işini görür. Görüşdə Azərbaycanın mövqeyini də izah edəcək, verilə biləcək sualları cavablandıracaq".

Politoloq Hikmət Hacızadə də AzadlıqRadiosuna deyib ki, Cenevrədə aparılacaq danışıqlar hərbi əməliyyatların gedişinə heç bir təsir etməyəcək:

"Ermənistan Azərbaycanla bir masa arxasına oturmaq istəmir"

"ATƏT-in Minsk qrupunun həmsədrləri sülhə çağırış bəyanatları səsləndirəcək, Azərbaycan da öz mövqeyini ortaya qoyacaq. Ermənistan isə Azərbaycanla bir masa arxasına oturmaq istəmir. Danışıqlara hazır deyil".

H.Hacızadə
H.Hacızadə

Politoloqa görə, bu danışıqlar gələcək sülh naminə lazımdır və Azərbaycan özünü bu danışıqlarda konstruktiv aparmalı, mövqeyini izah etməlidir.

"Bu danışıqlardan hansısa bir nəticə gözləmirəm. Amma bugünkü addım gələcək üçün lazımlı ola bilər. Çünki istənilən müharibə sülh ilə başa çatır", - H.Hacızadə bildirib.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG