Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:32

Qarabağda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı hansı addımlar atılır


Kəlbəcərdə Zod qızıl yatağı
Kəlbəcərdə Zod qızıl yatağı

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərmiş şirkətlərlə bağlı beynəlxalq miqyasda hüquqi addımlar atılması planlaşdırılır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, bura qızıl və digər metal filiz yataqlarının istismarından tutmuş, nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, bankçılıq fəaliyyətinə qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər daxildir: "Həm hüquqi, həm də fiziki şəxslərlə bağlı hüquqi addımlar atılması nəzərdə tutulub. İşğal altındakı Azərbaycan ərazilərində fəaliyyət göstərən hüquqi şəxslər arasında ermənilərin yaratdığı ofşor şirkətlərlə yanaşı, ABŞ, Rusiya, Britaniya, Kanada, İran və başqa ölkələrin şirkətləri, onların törəmə qurumları da var".

Baş Prokurorluq
Baş Prokurorluq

"Kəsərli tədbirlər görüləcək"

Baş Prokurorluğun mətbuat xidməti də işğal altında fəaliyyət göstərmiş hüquqi və fiziki şəxslərlə bağlı araşdırma aparıldığını təsdiqləyib. Bu qurumdan AzadlıqRadiosuna bildirilib ki, həmin ərazilərdə fəaliyyətlə məşğul olanlara qarşı cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı məsələ nəzarətdədir, bu istiqamətdə işlər davam etdirilir: "Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər haqqında beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlər görüləcək".

Dağlıq Qarabağda fəaliyyət göstərən konkret şirkətlərin adları açıqlanmayıb. Amma qeyd olunub ki, xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyini çatdırmaq məqsədilə müxtəlif dillərdə maarifləndirici videoçarxlar hazırlanıb.

"Şirkətlər buna görə məsuliyyət daşıyır"

Azərbaycan ərazisində icazəsiz, qanunsuz fəaliyyət göstərən şirkətlə bağlı onun qeydiyyatda olduğu ölkədə kommersiya məhkəməsində iddia qaldırıla bilər.

A.Layıc
A.Layıc

Vəkil Aqil Layıc da deyir ki, Azərbaycan sözügedən xarici şirkətlərə qarşı iddia qaldırıb, təzminat tələb edə bilər. Onun sözlərinə görə, beynəlxalq hüquq buna imkan verir: "İnzibati-hüquqi cəhətdən idarəetmənin zəifliyindən, yaxud ümumiyyətlə, mövcud olmamasından sui-istifadə edən şirkətlər buna görə məsuliyyət daşıyır".

A.Layıc yada salıb ki, BMT işğal altındakı sahələri Azərbaycan ərazisi kimi tanıyıb. Belə olan halda orada fəaliyyət göstərmək üçün mütləq Azərbaycan tərəfinin razılığı olmalıydı: "Beynəlxalq korporasiyaların fəaliyyəti ilə bağlı hüquq pozuntularının qarşısının alınması üçün BMT-nin müəyyənləşdirdiyi qaydalar, normativ-hüquqi aktlar var. Beynəlxalq korporasiyalar nəzarətsiz, konfliktli zonalarda istismar işləri, başqa fəaliyyətlə məşğul olmamalıdır. Azərbaycanın icazəsi olmadan orada qızıl yataqları istismar olunursa, deməli, bu ölkənin resursları özündən xəbərsiz talanır".

A.Layıc bu məsələni beynəlxalq məhkəməyə çıxarmaq üçün Azərbaycan hökumətinə hüquqi yardımını təklif etdiyini də söyləyib.

"Savaşda dağıntı ola bilər, amma..."

Azərbaycan parlamenti də Dağlıq Qarabağda fəaliyyəti aşkarlanan şirkətlərlə əlaqədar onların aid olduğu ölkələrə müraciət edə bilər. Bu barədə AzadlıqRadiosuna danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, döyüşlər başa çatandan sonra parlamentin bu istiqamətdə bir sıra müraciətləri, qanunların qəbulu planlaşdırılır:

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Mütləq beynəlxalq müraciətlərimiz olacaq. Azərbaycanın sərvətlərinin talanmasının, mədəni-tarixi abidələrinin dağıdılmasının hesabı sorulmalıdır. Savaşda dağıntı ola bilər, amma düşünülmüş şəkildə bunu eləmək, bir millətin izini silmək cəhdi artıq başqadır. İşğalçı tərəfin istəyi və müxtəlif şirkətlərin əliylə bizim olan sərvətlərin talanmasına da göz yuma bilmərik. Bununla bağlı həm hüquq-mühafizə orqanları işləyir, həm də Azərbaycan parlamenti o gələn şirkətlərin aid olduğu ölkələrə müraciət etməlidir. O şirkətlərin bir çoxunun başında ermənilər dayanır. Bəziləri əyri yollarla qurulmuş şirkətlər ola bilər. Bəzilərinin Qarabağda fəaliyyətindən aid olduğu ölkə xəbərsiz ola bilər. Amma istənilən halda Azərbaycan bununla bağlı o ölkələrə müraciət edəcək".

S.Rüstəmxanlı xatırladıb ki, bu cür məsələlərlə əlaqədar bundan əvvəl də Avropa Parlamentinə dəfələrlə müraciətlər edilib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə vurğulanıb ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb. Ermənistan 1998-ci ildə Kanadanın "First Dynasty Mines Ltd" şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi üçün Hindistanın "Sterlite Gold Ltd" şirkəti ilə birgə müəssisə yaradıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

XS
SM
MD
LG