Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:55

Bayden deyir ki, COVID-dən daha çox amerikalı ölə bilər, əgər...


Co Bayden, arxiv fotosu
Co Bayden, arxiv fotosu

“Koordinasiya etməsə, daha çox insan ölə bilər”, – Bayden noyabrın 16-da doğma ştatı Delaverdə keçirdiyi mətbuat konfransında deyib

ABŞ Prezident seçilmiş Co Bayden deyir ki, Prezident Donald Tramp 20 yanvar andiçmə mərasiminə qədər yeni administrasiya ilə vaksinin paylanması haqda informasiyanı bölüşməsə, koronavirusdan ölü sayı arta bilər.

“Koordinasiya etməsə, daha çox insan ölə bilər”, – Bayden noyabrın 16-da doğma ştatı Delaverdə keçirdiyi mətbuat konfransında deyib. Ondan sələfindən informasiyanı vaxtında almamağın təhlükəsi haqda soruşublar.

Tramp 3 noyabr seçkisində məğlubiyyətini etiraf etmir, Baydenin komandası ilə vacib informasiyanı paylaşmır. O iddia edir ki, seçkidə onun qələbəsi “oğurlanıb”. Müasir Amerika tarixində Tramp kimi hərəkət edən olmayıb.

Günə yüzlərlə xəstə vəfat edir

Birləşmiş Ştatlarda koronavirusun artıq üçüncü və ən pis dalğası yaşanmaqdadır, gündəlik yoluxmalar 130 mini keçir. Həftəsonunadək ölkədə COVID-19-dan ölü sayının 250 mini keçəcəyi gözlənir. Günə bir neçə yüz xəstə vəfat edir.

Son bir həftədə ABŞ-ın iki şirkəti hazırladıqları vaksinlərin 90 faizdən artıq effekt göstərdiyini açıqlayıblar. Şirkətlərin bildirməsinə görə, vaksinlər bir neçə həftəyə paylana bilər.

Bayden isə deyir ki, vaksinlərin paylanması, ən riskli qruplardan başlanması “nəhəng işdir”. Tramp administrasiyasından planları əldə etmək üçün iki ay gözləmək isə paylanma prosesini yubada bilər.

“Ümid edirəm, yanvarın 20-dək prezident daha çox informasiya əldə edəcək”, – deyən Bayden peyvənd vurdurmağa hazır olduğunu söyləyib.

Onun sözlərinə görə, Tramp administrasiyası tərəfdən koordinasiyanın olmamasına baxmayaraq, onun komandası planlarını “irəli aparmaqdadır”.

Kamala Harris məlumatlar alır

Bayden deyib ki, vitse-prezident seçilmiş Kamala Harris Senatın Kəşfiyyat Komitəsinin üzvü olaraq Ağ evdən kəşfiyyat məlumatları alır. O həmçinin bir çox xarici liderlərin telefon zənglərinə cavab verdiyini söyləyib.

Yeni prezident seçilmiş Bayden qeyd edib ki, Konqresin respublikaçı üzvlərinin Trampın seçkinin saxtalaşdırılması haqda iddialarına qarşı dayanacağına ümid edir və prezidenti keçid prosesinə yardım göstərməyə səsləyib.

Bayden çıxışından öncə MicrosoftGeneral Motors kimi aparıcı şirkətlərin, həmkarlar birliklərinin liderləri ilə görüşündən sonra danışıb.

O deyib ki, ölkə üzrə saata 15 dollar minimum əməkhaqqı, son illər artmaqda olan təhsil haqqı borclarının yüngülləşdirilməsi ilə bağlı təklifləri dəstəkləyir.

Prezident həmçinin elektriklə işləyən avtomobillər daxil olmaqla texnologiyaya sərmayəni dəstəkləyəcəyini deyib. Ölkənin bu sənayedə liderə çevrilməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG