Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Qarabağ müharibəsinin dərsləri  – Qərb mediası


Prezident İlham Əliyev (sağda) Füzuli və Cəbrayıl rayonlarında, 16 noyabr, 2020-ci il
Prezident İlham Əliyev (sağda) Füzuli və Cəbrayıl rayonlarında, 16 noyabr, 2020-ci il

“The Financial Times” qəzetində Henri Foy yazır ki, adətkərdə olmadığı bu rol Moskvanın regiondakı hegemon roluna təsirini göstərəcək

Rusiya sülhməramlılarının Azərbaycan ərazisində Dağlıq Qarabağ münaqişə bölgəsinə yerləşdirilməsi Qərb mediasında təhlil olunmaqdadır. Ümumilikdə 2 minədək rusiyalı sülhməramlının təmas xəttinə və Dağlıq Qarabağa yerləşdirilməsi nəzərdə tutulub.

“The Financial Times” qəzetində Henri Foy yazır ki, adətkərdə olmadığı bu rol Moskvanın regiondakı hegemon roluna təsirini göstərəcək.

Alver və təzyiq mənbəyi

Axı, bu missiya indiyədək Ukraynanın şərqində, Gürcüstanın Cənubi Osetiya və Abxaziya, Moldovanın Dnestryanı separatçı regionunda hərbi iştirakından fərqlənir, yəni, hərbçilər moskvapərəst separatçıların nəzarətində olan əraziləri müdafiə etməyəcək.

“Rusiyanın münaqişədə rolunun böyüməsi daha böyük məsuliyyət deməkdir. Atəşkəs bir neçə teldən asılıdır və hamısı da Moskvada dizayn olunub”, – Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan Maksim Suçkov deyib.

“Conciliation Resources” sülhyaratma təşkilatında Qafqaz proqramının direktoru Lorens Broersin fikrincə, Rusiya sülhməramlıları indi həm Ermənistan, həm də Azərbaycanın ikitərəfli gündəliyində böyük bir məsələ kimi duracaq. “Mandatı təzələmək, yaxud təzələməmək daha böyük məsələləri təsirləndirən alver və təzyiq mənbəyinə çevriləcək”, – o vurğulayıb.

Müəllif qeyd edir ki, Rusiya həm də Türkiyənin artan nüfuzu ilə rəqabət aparmalı olacaq.

“GPW” siyasi risk qrupundan Alp Kokerin fikrincə, Azərbaycan Rusiyaya və onun qərəzsizliyinə bel bağlaya bilməz: “Prezident İlham Əliyev Azərbaycanın Türkiyə ilə əlaqələrini möhkəmləndirib və indiki saziş çərçivəsində də Türkiyənin güclü hərbi iştirakını istəyəcək”.

Üç dərs

Qarabağı geri alan Azərbaycan indi də Rusiyadan qorunmalıdır. Bunu isə “Washington Examiner” portalında Janusz Bugajski yazır. Müəllifin fikrincə, Azərbaycan qüvvələrinin Qarabağ regionunun Ermənistandan geri alması Avropanın şərqində hiddət və ambisiyaya yol açıb.

“Qərbi Balkanlarda Serbiyanın Kosovonu yenidən ələ keçirmək arzusu alovlana, Gürcüstan, Ukrayna və Moldovada isə Rusiyanın tutduğu ərazilərin sonucda qaytarılacağına inam güclənə bilər”, – məqalədə deyilir.

Müəllif Qarabağ müharibəsindən çıxan üç dərsin Moskvanın Moldova, Gürcüstan və Ukraynada tutduğu ərazilərə tətbiq oluna biləcəyini yazır: Status kvolar müvəqqətidir; Rusiya sülhməramlılarından xeyir gözləməyə dəyməz; yekun status razılaşmaları vacibdir.

Azərbaycan tərəf Dağlıq Qarabağın statusu məsələsinin artıq gündəmdə olmadığını desə də, Ermənistan rəhbərliyi məsələylə bağlı yeni bəyanatlar səsləndirir.

“Avropa məkanının çıxaracağı daha bir dərs isə Avropa Birliyi və ABŞ-ın davamlı iştirakının münaqişənin həllinə, təhlükəsizliyin təminatına daha çox təsir göstərə biləcəyidir. Bunun əksinə olaraq, Kremlin vasitəçiliyinin məqsədi beynəlxalq qurumlara keçməyəcək “dondurulmuş dövlətlər” yaratmaqdır”, – müəllif vurğulayır.

Ukrayna siyasətçilərinin öyrənəcəkləri

“Ukrayna Azərbaycanın son qələbəsindən öyrənə bilər”. Bunu isə Atlantik Şurasının portalında Taras Kuzio yazır.

2014-cü ildən bəri Ukrayna hökumətləri ölkənin şərqindəki Rusiya işğalına son qoya bilməyiblər. Müəllif Ukrayna ilə Cənubi Qafqazı birbaşa müqayisə etməyin doğru olmadığını, ancaq Azərbaycanın uğurunun ukraynalı siyasətçilərə istiqamət verə biləcəyi yazır.

Məsələn, ən aydın qənaət odur ki, postsovet məkanında beynəlxalq miqyasda dəstəklənən sülhyaratma missiyaları daha etibarlı deyil. 1990-cı illərdə ATƏT-in yaratdığı Minsk qrupu sülh prosesində irəliləyişə nail ola bilmədi. Onillərlə çəkən diplomatik cəhdlərin edə bilmədiyini hərbi güc bir neçə həftəyə yoluna qoydu.

Ukraynanın da özünün Minsk sülh prosesi mövcuddur, amma 2014 və 2015-ci illərdə Belarus paytaxtında Ukrayna, Rusiya, Almaniya və Fransanın iştirakıyla əldə olunmuş razılaşmalar yerinə yetirilməyib.

“Son müharibədən çıxan digər vacib qənaət Rusiyanın təzyiqinə qarşı geosiyasi alyansların əhəmiyyətidir. Azərbaycanın qələbəsi həm də Türkiyənin dəstəyi ilə mümkün oldu, bu, Rusiyanın Ermənistanı dolayısı ilə, yaxud birbaşa dəstəkləməkdən çəkindirdi”, – müəllif yazır.

XS
SM
MD
LG