Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:05

İranla Baydenin üzləşdiyi sınaq – Qərb mediası


Möhsün Fəxrizadənin dəfni
Möhsün Fəxrizadənin dəfni

“Əlahəzrət Tramp və Netanyahunun, eləcə də onların Körfəzdəki sünni ərəb müttəfiqlərinin niyyəti də elə budur”

İranda nüvə fiziki Möhsün Fəxrizadənin qətlinin regiona, İranın nüvə proqramına təsiri Qərb mediasının aparıcı mövzularından biridir. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Noyabrın 3-də prezident seçilmiş, sazişi imzalananda Barak Obama administrasiyasında vitse-prezident olmuş Co Bayden isə sənədə qayıtmaqdan danışır.

“The Financial Times” qəzetində David Qardner yazır ki, onsuz da çətin olan bu iş indi bir az da qəlizləşir. “Əlahəzrət Tramp və (İsrailin Baş naziri Bencamin) Netanyahunun, eləcə də onların Körfəzdəki sünni ərəb müttəfiqlərinin niyyəti də elə budur”, – yazan müəllifin fikrincə, Trampın komandası gedərayaqda Bayden administrasiyası üçün Yaxın Şərqdə diplomatiyanın bərpasını çətinləşdirməyə çalışır.

Bu yaxınlarda Trampın İranın nüvə obyektlərinə zərbə endirməkdən ötrü müşavirlərindən məsləhət istədiyi haqda da informasiya yayılmışdı. Məqalədə deyilir ki, indiyədək İrana qarşı düşmənçilik kölgə müharibəsinə daşınırdı, İraqdan tutmuş Livana, Suriyadan Yəmənədək proksi münaqişələrdə üzə çıxırdı. İndi isə real müharibənin başlamayacağına ancaq ümid etmək qalır.

“Bayden administrasiyası minalı sahəni idarə etməlidir. Bu təkcə 2015-ci ildə cənab Obamanın əldə etdiyi nüvə sazişinə aid deyil. Yeni prezident (bu ilin yanvarında Bağdadda qətlə yetirilmiş general Qasım) Süleymaninin yarımhərbi, raketlə silahlanmış dəstələri ilə məşğul olmağın yolunu tapmalıdır. Onlar Xəzər dənizindən Aralıq dənizinə şiə İran dəhlizi qurublar”, – məqalədə vurğulanır.

İsrailin qazancı

“The New York Times” qəzetində Deyvid Sanqer də yazır ki, İranda nüvə fizikinin qətli Baydenin imkanlarını məhdudlaşdırır və məqsəd də elə budur.

“Kəşfiyyat rəsmilərinin mövqeyincə, İsrailin bu qətli arxasında durmasına şübhə azdır – əməliyyatın Mossad kəşfiyyat qurumuna xas əlamətləri var. İsraillilər bu baxışı dəyişəcək heç nə etmirlər. Baş nazir Bencamin Netanyahu İranı xarici təhdid, qətlə yetirilmiş alim Möhsün Fəxrizadəni bir saylı düşmən adlandırırdı”, – müəllif yazır.

Netanyahu deyirdi ki, əvvəlki nüvə sazişinə qayıtmaq olmaz. O, İranın gizli bomba proqramı həyata keçirdiyinə inanır.

“Fəxrizadənin qətlinin səbəbi İranın müharibə potensialını deyil, diplomatiyanı əngəlləmək idi”, – Dövlət Departamentinin nüvə silahlarının yayılmaması üzrə keçmiş əməkdaşı Mark Fitspatrik Twitter-də yazıb.

Müəllif indi növbəti bir neçə həftə ərzində İranın reaksiyasından çox şeyin asılı olduğunu qeyd edir. Bu ilin əvvəlindən İrana qarşı üç dəfə yüksək səviyyəli hücumlar təşkil olunub. Yanvarda Qüds qüvvələrinin komandiri Qasım Süleymani Bağdadda ABŞ-ın dron zərbəsilə öldürülüb. İyulun əvvəlində Natanz nüvə obyektində sirli partlayış olub. İndi də Fəxrizadənin qətli.

Məqalədə deyilir ki, İsrail istənilən halda durumdan qazanclı çıxacaq. İran ciddi reaksiya verməsə, nüvə proqramının başçısını aradan götürmək kimi cəsarətli bir addım bəhrəsini vermiş olacaq. Yox, əgər iranlılar cavab tədbiri görsələr, cənab Tramp yanvarda vəzifədən gedənəcən buna görə cavab zərbəsi endirməyə bəhanə tapacaq. Bu halda Bayden beşillik diplomatik sənədin qalıqlarından daha böyük problemlər miras alacaq.

Parisdə etirazla başlayıb: Maşınlar yandırılıb, saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Üçlüyün görüşü

“The Washington Post” qəzetində Ceyson Rezayan yazır ki, İranın siyasi isteblişmenti böyük bir iradə sınağı qarşısındadır. Elə Co Bayden də.

Müəllifin fikrincə, alimə qurulmuş pusqu İranın təhlükəsizlik aparatı üçün ciddi uğursuzluqdur, görünür, aparat rəsmilərini qoruya bilmir.

Məqalədə Trampın İranı vurmaq ideyasına kəşfiyyat cameəsi və hərbi müşavirlərinin qarşı çıxdığı qeyd olunur. Amma Dövlət katibi Mayk Pompeo öz bosuyla eyni fikirdədir və bu yaxınlarda regiona səfər etdi. Pompeo Səudiyyə Ərəbistanında Vəliəhd şahzadə Məhəmməd bin Salman, İsrailin Baş naziri Bencamin Netanyahu ilə görüşdü. Müəllif onların üçünün də İrandakı rejimi devirmək həvəsi ilə alışıb yandığını yazır.

Gəncə sakini: Övladlarımı istəyirəm, yoxdur...
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

“Bayden vəzifəyə keçən kimi İsrail avantürasına və Səudiyyənin ekspansiyasına dirəniş göstərməlidir. Obama administrasiyası ümid edirdi ki, İranın nüvə sazişinin müsbət tərəflərindən biri regiondakı müttəfiqlərimizin ən davakar tendensiyalarını cilovlamaq olacaq. Ancaq bu hipotezanı sınamağa sadəcə, vaxt qalmadı, Tramp buna tam əks yanaşmanın xeyrinə bütün planı məhv elədi”, – müəllif yazır.

Rezayan 2014-cü ilin iyulundan 2016-cı ilin yanvarınadək İranda həbsdə saxlanıb. O, İranla nüvə sazişi qüvvəyə minən gün məhbus mübadiləsi çərçivəsində azad olunub. Özü 2019-cu ilin yanvarında məhkəmədə deyirdi ki, nüvə danışıqlarında Vaşinqtona təzyiq göstərməkdən ötrü saxlanıb.

XS
SM
MD
LG