Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:08

Rusiya hakerləri ABŞ hökumət agentliklərinə hücumda şübhəli bilinir


Arxiv fotosu
Arxiv fotosu

Dekabrın 8-də ABŞ-ın “FireEye” kibertəhlükəsizlik şirkəti bildirmişdi ki, onun şəbəkəsinə “dövlət səviyyəsində” hücum olub

Şübhəli Rusiya hakerləri ABŞ Xəzinədarlığı və Kommersiya departamentləri daxil olmaqla hökumət şəbəkələrinə hücum ediblər. Bu, son ayların böyük haker hücumu sayılır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ulyot dekabrın 13-də bəyanatında deyib ki, hökumət “bu vəziyyətlə bağlı istənilən mümkün məsələnin müəyyənləşdirilib yoluna qoyulması üçün gərəkən addımları atır”.

Hücum haqda ilk informasiyanı “Reuters” yayıb.

“Nəhəng kiber casusluq kampaniyasından söhbət gedir”

Məsələdən agah rəsmilərin bildirməsinə görə, hakerlər Xəzinədarlıq və Kommersiya Departamentinin internet və telekommunikasiya siyasətinə cavabdeh agentliyini hədəfə alıblar. Digər hökumət agentliklərinin şəbəkələrinin də hücuma məruz qalması sarıdan narahatlıq var.

Vəziyyət o qədər ciddidir ki, Milli Təhlükəsizlik Şurası dekabrın 12-də Ağ evdə yığışıb, “Reuters” yazır.

Bir mənbənin deməsinə görə, məsələ bir agentliyi aşır: “ABŞ hökuməti və onun maraqlarına qarşı nəhəng kiber casusluq kampaniyasından söhbət gedir”.

“Reuters”, “Washington Post” ABŞ rəsmilərinə istinadla yazırlar ki, hücumun arxasında Rusiya hökumət hakerlərinin durduğu düşünülür.

Federal Təhqiqatlar Bürosu, Daxili Təhlükəsizlik Departamentinin kibertəhlükəsizlik qanadı və digər agentlikləri araşdırma aparırlar.

“FireEye” şirkətinə də hücum olmuşdu

Müdaxilənin aylarla çəkdiyi, yalnız indi aşkarlandığı da güman olunur.

Dekabrın 8-də ABŞ-ın “FireEye” kibertəhlükəsizlik şirkəti bildirmişdi ki, onun şəbəkəsinə “dövlət səviyyəsində” hücum olub.

Hakerlərin şirkətin müştərilərinin kompüter şəbəkələrində zəif tərəfləri yoxlamaq üçün istifadə etdiyi alətləri oğurlayıblar.

Kibertəhlükəsizlik cameəsində çoxlarının gümanına görə, “FireEye” şirkətinə hücumun arxasında Rusiya kəşfiyyatına bağlı APT29, yaxud “Cozy Bear” haker qrupu dayanır.

Prezident Barak Obama administrasiyası dönəmində Dövlət Departamenti və Ağ evə hücumlar, 2016-cı ilin prezident seçkisi kampaniyası zamanı Demokratik Milli Komitənin serverlərinə hücumları da həmin qrup törətmişdi.

XS
SM
MD
LG