Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:46

Kristofer Nolan 'Warner Bros.'un qərarını bəyənmir


Kristofer Nolan
Kristofer Nolan

2020-ci il kino industriyası üçün də qorxunc il oldu. "Warner Bros." şirkəti gələn ilin indikinin tam tərsi olacağını vəd edir. Şirkət kinoteatrların məhdud miqyasda fəaliyyət göstərməsini nəzərə alaraq 2021-ci ildə buraxılması nəzərdə tutulan 17 filminin hamısını "HBO Max" striminq platformasına çıxaracağını bildirib. Filmlər ekrana çıxacağı gün, eyni zamanda, strim olunmağa başlayacaq. Bura "Wonder Woman 1984" superqəhrəman filmi, Lin Manuel Mirandanın "The Heights" müzikli və "Dune" fantastik epiki də daxildir.

"Filmlərin yenidən böyük ekrana çıxmasını bizdən çox istəyən yoxdur. Biz bilirik ki, yeni kontent kinoteatr nümayişinin qan dövranı deməkdir. Ancaq biz bunu reallıqla tarazlaşdırmalıyıq. ABŞ-da böyük ehtimalla əksər kinoteatrlar bütün 2021-ci il ərzində məhdud həcmdə çalışacaq", – şirkətin baş icraçı direktoru Enn Sarnoff deyib.

Kino industriyasında bir çoxları bu qərarı qəzəblə qarşılayıb. "Dune" filminin rejissoru Deni Vilnöv "Variety" saytında çıxan essesində belə yazıb: ""AT&T" ["Warner Bros."un ana şirkəti] bu qərarla kino industriyasının ən hörmətli və mühüm studiyalarından birini oğurladı. Burada nə kinoya, nə də auditoriyaya hər hansı sevgi var".

"Böyük təhlükə əlaməti"

Bu qərara ucadan etiraz edənlərdən biri də rejissor Kristofer Nolan olub. Onun çəkdiyi blokbaster filmləri "Warner Bros." studiyasına milyonlar gətirib. O, "The Hollywood Reporter" qəzetinə müsahibəsində "HBO Max"ı "ən pis striminq xidməti" adlandırıb.

NPR-a müsahibəsində isə "The Dark Knight", "Dunkirk" və "Tenet" filmlərinin rejissoru olan Nolan Hollivudda baş verən bu dəyişikliyi kino sahəsində çalışanlar üçün "böyük təhlükə əlaməti" adlandırıb.

Nolana sual verilib ki, striminqə keçid yalnız pandemiya ilə bağlıdır, yoxsa daha böyük şeydən xəbər verir. Çünki bu il "Netflix" bütün digər studiyalardan daha çox "Oskar" nominasiyalarına malik olub.

"Pandemiyanın bir növ artıq baş verməkdə olan bu trendi gücləndirməsi fikrini çox qabardırlar. Ancaq 2019-cu il kinoya ən çox gəlir gətirən il olub. Bu isə texnologiya şirkətləri və iri korporasiyaların ortaya qoyduğu izahla üst-üstə düşmür. Həqiqət budur ki, 2019-cu ildə nəhəng uğur əldə olunub, 2018-ci il də pis olmayıb", – o bildirib.

Nolan daha sonra əlavə edib ki, kinoya getmək mədəniyyətinin tezliklə yoxa çıxacağının əlamətlərini görmür.

"Yüz minlərlə adi insanın iş yeridir"

Rejissor "Warner Bros." studiyasının qərarına mənfi münasibət bildirib. O, şirkətin rejissorların heç biri ilə məsləhətləşməməsindən gileylənib. Bu qərarın özünün çəkdiyi "Tenet" filminə uyğun olmadığını deyib. "Mən buna qatılmıram", – o deyib.

Ancaq o, həm də heç kəsi ittiham etmədiyini söyləyib. Studiyanın bu filmlərin striminqini "HBO Max"i tanıtmaq üçün imkan kimi görməsi rejissorun xoşuna gəlməyib. Onun sözlərinə görə, bu addım atılarkən həmkarlar ittifaqları, aktyorlar və bu filmlərin çəkilişində iştirak edən digər əməkdaşlarla məsləhətləşmə aparılmayıb.

Nolan qeyd edib ki, kino biznesindən danışan zaman işləyən insanları düşünmək lazımdır. Burada çox böyük qazanc əldə edən insanlarla yanaşı, o qədər də çox qazanmayan adi insanlar da çalışır. O bunun kinoteatr sahəsinə də aid olduğunu bildirib.

"Hər kəs bunu xatırlamalıdır ki, film nümayişi biznesi yüz minlərlə adi insanın iş yeridir. …Mənim işim yalnız bu sahələrdə çalışan insanların ağır zəhməti sayəsində dünyada tanınır. Buna görə də bizim işimizin necə və harada göstərildiyini, biznesin necə irəli getdiyini düşünəndə onlar da nəzərə alınmalıdır…", – o deyib.

XS
SM
MD
LG