Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:31

AB ‘Minsk qrupunun işini tamamlaya bilər’


Cozep Borrell (sağda) və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, 18 dekabr, 2020-ci il
Cozep Borrell (sağda) və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, 18 dekabr, 2020-ci il

AB rəsmisi blokun Azərbaycanın birinci ticarət tərəfdaşı və ən böyük xarici investoru olduğunu bildirib

Bu gün – dekabrın 18-də Brüsseldə Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. AB-nin xarici siyasət rəhbəri Cozep Borrel iclasdan öncə deyib ki, bu, ikitərəfli münasibətlərin əsas elementlərinin, eləcə də Azərbaycanın islahatlarının nəzərdən keçirilməsi üçün fürsət olacaq.

“Dünən Ermənistanla eyni iclas gerçəkləşdi, bu gün Azərbaycanladır. Təəssüf ki, iki ölkə arasındakı vəziyyətin çətinliyi hər hansı ümumi əlaqənin yaradılmasını mümkünsüz elədi”, – Borrel deyib.

AB rəsmisi blokun Azərbaycanın birinci ticarət tərəfdaşı və ən böyük xarici investoru olduğunu bildirib. “Biz bu ölkədə islahatların həyata keçirilməsində, iqtisadiyyatını modernləşdirməkdə, idarəetmə institutlarını möhkəmləndirməkdə əsas tərəfdaşıq. Münasibətlərimizdəki hər şeyi müzakirə edəcəyik: koronavirusun təsirini və əlbəttə ki, Dağlıq Qarabağ regionunda son irimiqyaslı əməliyyatları”, – Borrel vurğulayıb.

“Barışıq, bərpa və sülhün möhkəmləndirilməsində...”

O, Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunmuş atəşkəsin davam etdiyini, ancaq bəzi hallarda pozulduğunu qeyd edib.

“Biz atəşkəsə tam sayqı göstərilməsini, ATƏT-in Minsk qrupu formatında danışıqlara başlanmasını xahiş edəcəyik. İnanıram ki, Avropa Birliyi regionda barışıq, bərpa və sülhün möhkəmləndirilməsində vacib rol oynaya, Minsk qrupunun işini tamamlaya bilər”, – AB rəsmisi eyib.

Borrel bir gün öncə Brüsseldə Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan ilə görüşdən sonra brifinqdə deyirdi ki, AB Minsk qrupunun səylərinə əlavə olaraq danışıqlar prosesinə kömək edə bilər.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini bildirib. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG