Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:36

İsrail peyvəndləmədə liderə necə çevrildi – Qərb mediası


İsraildə vaksinasiya dekabrın 20-də başlanıb
İsraildə vaksinasiya dekabrın 20-də başlanıb

İsraildə vaksinasiya dekabrın 20-də başlanıb və artıq əhali sayından üç dəfə artıq vaksinin paylandığı xəbər verilir

“The New York Times” qəzeti dünyada Covid-19-a qarşı peyvəndləmənin gedişindən yazır. İsraildə artıq əhalinin 10 faizindən çoxuna vaksinin birinci dozasının vurulduğu bildirilir. Müəllif İzabel Kerşner qeyd edir ki, Baş nazir Bencamin Netanyahu bu işə liderlik etməklə əlüstü özünün imicini də gücləndirməyə çalışır.

İsraildə vaksinasiya dekabrın 20-də başlanıb və artıq əhali sayından üç dəfə artıq vaksinin paylandığı xəbər verilir. Ölkə Fars Körfəzindəki kiçik krallıq olan Bəhreyndən sonra ikinci yeri tutur.

“Heyrətamiz hekayə”

Müqayisə üçün, Birləşmiş Ştatlarda əhalinin bir, Avropa ölkələrində isə cüzi hissəsinə peyvənd vurulduğu bildirilir.

Hökumətə Covid-19-la mübarizə üzrə müşavirlik edən qurumun sədri professor Rən Balicer bunu “heyrətamiz hekayət” adlandırır. Məqalədə İsrailin səhiyyə sisteminin güclü rəqəmsallaşdığı, mərkəzləşdirilmiş hökumətin isə vaksinasiya kampaniyasını məharətlə idarə etdiyi vurğulanır.

Professor Balicerin fikrincə, cəmi 9 milyon əhalisi olan İsrailin nisbətən kiçik ərazisi də sözünü deyib.

Səhiyyə naziri Yuli Edelsteynin sözlərinə görə, İsrail dərman istehsalçıları ilə danışıqlara erkən başlayıb. “Erkən hazırlıqlarımız sayəsində dünyada birinciyik”, – o vurğulayıb.

Son həftələr İsraildə gündəlik yoluxmalar 5 mini keçdiyindən ölkə qismən də olsa, sayca üçüncü karantinə başlayıb. İndiyədək İsraildə 420 mindən çox yoluxma təsdiqlənib, 3 min 325 nəfər vəfat edib.

Virus Afrikadan yan ötdümü

“The New York Times” digər məqaləsində Afrikada koronavirusla bağlı vəziyyətdən söz açır. Tədqiqatçıların fikrincə, bu qitədə yoluxma və ölüm halları düzgün hesablanmır.

Ras Maklean yazır ki, Afrikada virusun səbəb olduğu itkilər heç vaxt dəqiq bəlli olmaya bilər. Qitənin bir çox ölkələrində ölümlərin böyük hissəsi rəsmən qeydə alınmır. Ölüm səbəbləri haqda etibarlı datanın olmaması isə hökumətlərin səhiyyəyə təhdidləri görməyərək səhiyyə siyasətini kortəbii formalaşdırması ilə nəticələnir. Təhdidi isə Ebola da yarada bilər, koronavirus da.

“Dünyanın başqa yerlərində epidemiya normal ölüm göstəricisində qəfil artımla müəyyənləşir. Afrika hökumətləri isə bunu edə bilmirlər, çünki ölkələrində normal ölüm göstəricisini bilmirlər”, – müəllif yazır.

“Afrika qitəsində Covid-dən ölüm böyük ictimai məsələ deyil”, – Sərhədsiz Həkimlər təşkilatının Qərbi Afrika üzrə proqram meneceri Dorian Cob deyib. BMT apreldə xəbərdarlıq etmişdi ki, koronavirusdan 3.3 milyonadək afrikalı öləcək. Cob sərt karantinlərin iqtisadi və sosial təsirlərinin onillər boyunca hiss olunacağını vurğulayıb.

Məqalədə deyilir ki, Afrikada ailələr çox vaxt heç ölüm halları haqda məlumat vermirlər. Çoxu yaxınlarını evlərinin həyətində basdırırlar. Bunun üçün nəinki ölüm şəhadətnaməsi, heç basdırmağa icazəyə də gərək duymurlar.

“Hər dəfə kimsə ‘nə yaxşı virus Afrikadan yan keçdi’ deyəndə heyrətlənirəm”, – London Kral Kollecində yoluxucu xəstəliklər üzrə mütəxəssis Meysun Dahab deyib.

XS
SM
MD
LG