Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:58

İran Fordoda uran zənginləşdirməyi bərpa edir


Fordou obyekti
Fordou obyekti

Hökumətin sözçüsü Əli Rabiey yanvarın 4-də deyib ki, Fordodakı fəaliyyətə Prezident Həsən Ruhani göstəriş verib

İran hökuməti yeraltı obyektdə uranı 20 faizlik zənginləşdirməyi bərpa etdiyini bildirir. Bu, 2015-ci ildə altı böyük ölkəylə imzalanmış sazişdə nəzərdə tutulan limitdən çox yuxarıdır.

Hökumətin sözçüsü Əli Rabiey yanvarın 4-də deyib ki, Fordodakı fəaliyyətə Prezident Həsən Ruhani göstəriş verib. İran artıq neçənci dəfədir beynəlxalq razılaşmanı pozur. Nüvə sazişi imzalanandan sonra İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzinə BMT sanksiyaları yüngülləşdirmişdi.

Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxaraq İrana sanksiyalar tətbiqinə başladı. Bundan sonra Tehran da öhdəliklərinin icrasını tədricən azaltdı.

Zənginləşdirilmiş urandan reaktor yanacağı, həm də nüvə başlıqları hazırlanmasında istifadə oluna bilər. 90 faizlik təmizləmə isə silah dərəcəsi deməkdir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hələlik, Tehranın açıqlamasına reaksiya verməyib.

Qurum yanvarın 1-də bəyan etdi ki, Tehran ona Fordoda 20 faizlik uran zənginləşdirməyə başlayacağını bildirib.

“Mümkün qədər tez”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə deyib ki, Fordoda uranı 20 faiz səviyyəsində zənginləşdirməyə “mümkün qədər tez” başlamaq planlaşdırılır.

İranın ötən ay qəbul etdiyi qanunda bu addım nəzərdə tutulurdu. Qanun İranın aparıcı nüvə aliminin qətlinə cavab olaraq hazırlanıb. Tehran qətlə görə İsraili günahlandırır.

İran hazırda uran ehtiyatını 4.5 faiz civarında zənginləşdirir ki, bu da 2015-ci il sazişində nəzərdə tutulmuş 3.67 faizlik limitdən yuxarıdır.

Nüvə sazişində Tehranın Fordo obyektində uran zənginləşdirmə də qadağan olunur.

Fordo raket zərbələrindən qorunmaq üçün dağın içində yerləşən nüvə obyektidir.

Tehran nüvə silahı əldə etməyə çalışmadığını, nüvə proqramının yalnız dinc məqsədli olduğunu bildirir.

XS
SM
MD
LG