Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:02

Prezident 2020-ci ili belə dəyərləndirdi...


İ.Əliyev
İ.Əliyev

Bu gün, yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videomüşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu Azərbaycanın torpaqlarının işğaldan azad olunmasıdır.

"Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi"​, - deyən İ.Əliyev vurğulayıb ki, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

2020-ci ildə ölkədə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən İ.Əliyev pandemiyanın (koronavirus) fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

4 faiz azalma, 11 faiz artım

Dövlət başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayesi 11 faizdən çox artıb: "Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub".

İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan İ.Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP (Trans Adriatik Boru Kəməri) tam istismara verilib. "Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir", - prezident söyləyib.

Müşavirədə məruzələr dinlənilib.

Xatırlatma

Ötən ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. Müxalifət bəyan edib ki, seçkilər total saxtakarlıqla keçirilib. ATƏT-in müşahidə missiyası da pozuntulardan bəhs edib. Amma rəsmilər bu tənqidləri qəbul etmir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG