Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:51

Tramp Kapitolidə zorakılığı pisləyir


Donald Tramp
Donald Tramp

Kapitolidəki zorakılıqda beş nəfər ölüb. Bir polis əməkdaşının ölümü yanvarın 7-də gecə açıqlanıb. Onun etirazçılarla toqquşmalarda xəsarət aldığı bildirilir

İkinci impiçment təhdidi, vəzifədən dərhal kənarlaşdırılma çağırışları ilə üzləşən ABŞ Prezidenti Donald Tramp yanvarın 7-də yaydığı videoda barışdırıcı tonda danışıb. O, bir gün öncə Kapitoli binasında ölümlə nəticələnmiş zorakılığı pisləyib, yeni prezident seçilmiş Co Bayden administrasiyasına rahat keçid vəd edib.

Tramp iki aydır Baydenin qələbəsini qəbul etmir, heç vaxt məğlubiyyətini etiraf etməyəciyini deyirdi. İndi isə bildirir ki, Konqres Seçici Kollegiyasının səslərini təsdiqləyib, “yeni administrasiya yanvarın 20-də and içəcək”, “indi diqqət hakimiyyətin rahat, nizamlı, əngəlsiz keçidinə verilməlidir”.

“Mənfur hücum”

Onun sözlərinə görə, “Amerikada iş başına dönməyin” vaxtıdır, zaman “sağalma və barışığa çağırır”.

Tramp Kapitolidəki zorakılığa da toxunub, bunu Amerikada demokratiyanın yerini çirkləndirən “mənfur hücum” adlandırıb, bu hərəkətin onu “qəzəbləndirdiyini” söyləyib.

Bu bəyanat Tramp üçün kəskin dəyişiklik sayılır. Çünki o, ölkədə dərin parçalanma yaradıb, 3 noyabr seçkisində qalib gəldiyini deməklə seçki prosesinə inamsızlığa səbəb olub. Seçkidə irimiqyaslı saxtakarlıqdan danışan prezidentin qaldırdığı məhkəmə iddiaları isə hakimlər tərəfindən rədd olunub.


Kapitolidəki zorakılıqda beş nəfər ölüb. Bir polis əməkdaşının ölümü yanvarın 7-də gecə açıqlanıb. Onun etirazçılarla toqquşmalarda xəsarət aldığı bildirilir.

Yanvarın 6-da Konqresin birgə iclası gedən vaxt Tramp tərəfdarları Kapitoliyə basqın edib, konqresmenlər təxliyə olunub. Nümayişçilərdən bir qadın polis tərəfindən güllə yarasından xəstəxanada keçinib. Daha üç nəfərin “səhhətlərində ağırlaşma”dan vəfat etdiyi açıqlanıb.

Başlanğıc...

Bir çox konqresmenlər, o cümlədən respublikaçılar Trampı zorakılığı qızışdırmaqda ittiham etsələr də, o, rolunu boynuna almayıb. Videoda tərəfdarlarına deyir ki, onların “məyus olduqlarını” bilir və siyasətə davam edəcəyinə eyham vurur.

“Sizin prezidentiniz kimi xidmət etmək həyatımın şərəfi idi. Ecazkar tərəfdarlarım, bilirəm ki, məyus olmusuz, ancaq bilməyinizi istəyirəm ki, bizim inanılmaz səyahətimiz sadəcə başlanğıcdır”, – o vurğulayıb.

Trapmın bu müraciətindən öncə Konqresdəki demokratlar onun vəzifədən kənarlaşdırılmasını tələb edib, administrasiya üzvləri isə istefa verməyə başlayıb.

Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi, Senatda azlığın lideri Çak Şumer bu çağırışları səsləndirib.

Nəqliyyat nazirinin ardınca Təhsil naziri Betsi DeVos da yanvarın 7-də axşam istefa verib. O, istefa ərizəsində prezidenti Kapitoliyə hücum öncəsi gərginliyi qızışdırmaqda ittiham edib.

Yanvarın 20-də Co Baydenin andiçmə mərasimi keçirilməlidir.

XS
SM
MD
LG