Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:34

DST rəhbəri zəngin ölkələri ‘vaksin millətçiliyini’ dayandırmağa çağırıb


Tedros Adanom Gebreyesus
Tedros Adanom Gebreyesus

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri yanvarın 8-də deyib ki, aşağı və orta gəlirli ölkələrin koronavirus vaksini ilə təchizatında “aşkar problem” görünməkdədir.

Tedros Adanom Gebreyesus ölkələri vaksin istehsalçıları ilə ikitərəfli kontraktlardan çəkinməyə çağırıb.

O deyib ki, koronavius vaksinləri ilə daha çox təchiz edilən zəngin ölkələrdir.

DST rəhbəri bu vəziyyəti “vaksin millətçiliyi” adlandırıb.

Tedros bildirib ki, “heç bir ölkə müstəsna deyil” və bəzi ölkələrin ümumiyyətlə vaksinsiz qalmasına yol vermək olmaz.

O ölkələri və vaksin istehsalçılarını ikitərəfli müqavilələr bağlamaqdan çəkinməyə və lazım olduğundan artıq vaksin sifariş edənləri izafi peyvəndin COVAX vaksinpaylaşma sisteminə verilməsinə çağırıb.

Tedros konkret ölkə adı çəkməsə də, Avropa İttifaqı Pfizer və BioNTech şirkətləri ilə əlavə olaraq 300 milyon doza üçün müqavilə bağladığını elan edib.

Bu, 2021-ci ildə sözü gedən şirkətlərin vaksin məhsulunun yarısının Avropa İttifaqına çatacağı deməkdir.

İmkansız ölkələr üçün 6 milyard dollar toplanıb

Son zamanlar ölkələrin vaksin əldə etmək üçün cəhdləri intensivləşib. Bu həm də koronavirusun Cənubi Afrika Respublikasında və Britaniyada aşkar edilmiş yeni ştammının sürətlə yayılması ilə bağlıdır.

DST-nin fövqəladə hallar direktoru Mayk Rayan deyib ki, hansı ölkədə olmalarından asılı olmayaraq ilk növbədə risk qrupunda olanlar və tibb işçiləri peyvəndlənməlidir.

DST habelə vaksin istehsalçılarını ən son məlumatları verməyə çağırıb. Bu, vaksinlərin paylaşılması üçün xüsusilə mühümdür.

Bu həftənin əvvəllərində DST bildirmişdi ki, COVAX sistemi 2021-ci il üçün lazım olan 7 milyard dolların 6 milyardını toplaya bilib.

Bu, inkişafda olan və daha az imkanlı 92 ölkənin vaksinlərlə təminatı üçün nəzərdə tutulub.

Reuters agentliyi yazır ki, indiyədək Britaniya, Avropa İttifaqı, ABŞ, İsveçrə və İsrail kimi zəngin dövlətlər vaksin almaq növbəsində birinci olublar.

Söhbət Pfizer, BioNTech, Moderna və AstraZeneca vaksinlərinin alınmasından gedir.

Hazırda bütün dünyada 88 milyon insanın yeni tip koronavirusa yoluxduğu, bunlardan 1.9 milyon nəfərinin öldüyü xəbər verilir.

Son həftələrdə bir çox ölkələrdə koronavirusa yoluxma halları sıçrayışlı şəkildə artıb, amma xəstəliyə qarşı vaksinlərin istehsal sürəti hələ də kafi deyil.

XS
SM
MD
LG