Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:56

Videooyunların gənclərin kimliyində rolu


"Fortnite" videooyunu
"Fortnite" videooyunu

"The Guardian" yazır ki, 2020-ci ildə videooyunların meynstrimə çevrildiyini demək yanlış olardı. Çünki videooyunlar artıq on illərdir ki, meynstrimdir. Ancaq indi onların populyar mədəniyyətdəki rolu daha qabarıq görünməyə başlayıb. Özü də bu, təkcə geymerlərə aid deyil.

Bu, qismən bütün tədbir və əyləncələrin ləğv edildiyi COVID dönəmində marketoloqların diqqət axtarışında olması ilə bağlıdır. Seçkilərdə səs toplamaq istəyində olan siyasətçilər gənc seçicilərlə təmas üçün videooyunlara müraciət etməyə başlayıblar. Özünü gənc göstərməyə çalışan yaşlı siyasətçilərin konsert səhnələrində görünməsi yeni ənənə deyil. Sadəcə, karantin vaxtı konsert olmur.

İlə 180 milyard dollar gəlir

2019-cu ilin noyabrında istehlakçı məlumatlarının təhlili ilə məşğul olan "Morning Consult" şirkəti ziddiyyətli YouTube ulduzu Pyudipayın (PewDiePie) Z-nəsil amerikalı kişilər arasında idmançı Lebron Ceymsdən daha populyar olduğu xəbərini yayıb. Çaşqın milleniallar da "Pyudipay kimdir?!" sualını veriblər. Pyudipay videooyunlara rəy verən isveçli yutyuberdir.

Ötən ilin yazında "Adweek" saytı geyminq (oyun) industriyasının gəlirinin (ildə 139 milyard dollar) NFL, NBA, MLB və NHL-in birgə gəlirini aşdığını bildirib. Lokdaun tədbirləri isə dekabradək gəlirləri daha da artıraraq 180 milyard dollara çatdırıb. Bu, gəlirlərdə 20% artım deməkdir. Bu artım bütün dünyada idman və kino sənayelərinin gəlirlərindəki artımdan daha çoxdur.

2020-ci ilin ən çox qabardılan məhsulları isə geyminq platformalarıdır. Yazda "Nintendo Switch", payızda isə "PlayStation 5" çıxıb. Bu dəfə müştərilər təkcə hər yeni çıxan oyunu səbirsizliklə gözləyən geymerlər olmayıb. Bar və klubların bağlı olduğu vaxtda hətta aktrisa Lindsi Lohan belə öz yeni PS5-i ilə selfi çəkdirib.

317 milyon dollara oyun

Hər yeni oyunun çıxmasından əvvəl internetdə həftələrlə o barədə söhbət gedir. Geymerlər oyunu böyük həyəcanla gözlədiklərini deyirlər. Əvvəllər hər yeni "iPhone"un çıxması ərəfəsində belə olurdu.

İlin böyük həyəcanla gözlənilən blokbaster hadisələrindən biri olan elmi-fantastik "Cyberpunk 2077"ni maraqlı edən cəhətlər oyunda Kianu Rivzin və avanqard saundrekin olmasıdır. Saundtrekə Qrayms, SofiEysap Rokinin (A$AP Rocky) mahnıları daxildir. Oyunun hazırlanması nə az, nə çox, 317 milyon dollara başa gəlib!

Artıq videooyunlar ən iri Hollivud prodakşnlarının qiymətinə başa gəlir. Müqayisə üçün deyək ki, tarixdə ən böyük büdcəyə malik film 478 milyon dollara başa gəlmiş "Avatar" filmidir.

Artıq musiqi və moda sahələri də geyminq sənayesinin əhəmiyyətini nəzərə almağa başlayıb. Bazarda geyminq dünyasının estetik ekosistemindən ilhamlanaraq hazırlanmış məhsullar gözə dəyir. "Balenciaga" özünün 2021 payız kolleksiyasını videooyun şəklində təqdim edib.

Geyminq musiqini əvəzləyir

Musiqi sahəsinə gəlincə, Trevis Skott Lil Nas İksin (Lil Nas X) mahnıları müvafiq olaraq "Fortnite" və "Roblox" videooyunlarının saundtreklərində istifadə edilib və blokbasterə çevrilib. Skottun "Astroworld" adlı konserti 12 milyon tamaşaçı cəlb edib. Bu isə "2020 MTV Video Music Awards" tədbirinin baxış sayını iki dəfə keçib.

"Brud" studiyasının həmtəsisçisi Trevor Makfedris ötən ay Twitter-də belə yazıb: "Geyminq yeni yaranmaqda olan sosial səhnələrin mərkəzi elementi rolunda musiqini əvəz etməkdədir. …Yaşı 30-dan yuxarı olan hər kəs buna görə özünü çox narahat hiss edir".

Bir zamanlar rok və hip-hop tərz qanunvericisi idisə, indi kiberpank və fentezi oyun janrları yeni nəslin zövqünü formalaşdırır. Əvvəllər gəncləri musiqi birləşdirirdi. Bumerlər rok klublarında, X-nəsil qranc-barlarda, milleniallar anbarlarda yığışırdı. Z-nəsil isə dostları ilə onlayn görüşür. "Whistle" əyləncə şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Z yaşda gənclərin 68%-i geyminqi öz kimliyinin mühüm parçası kimi görür. Bu yaşda olan respondentlərin 91%-i müntəzəm oyun oynadığını, 74%-i isə videooyunlar sayəsində dostları ilə əlaqədə olduğunu deyib.

XS
SM
MD
LG