Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:25

'Oskar'ın avropalı namizədləri


Amerika Kino Akademiyası xarici filmləri 1948-ci ildən mükafatlandırmağa başlayıb.
Amerika Kino Akademiyası xarici filmləri 1948-ci ildən mükafatlandırmağa başlayıb.

Sonuncu dəfə Avropadan təqdim edilmiş filmin "xarici bədii film" nominasiyasında "Oskar" mükafatına layiq görülməsi beş il öncə baş verib. Ancaq bu il Avropanın bir neçə dəyərli namizədi var.

72 mükafatdan 56-sı

Ötən il premyeraların təxirə salınması və festivalların fərqli formatda keçirilməsi ilə yadda qalsa da, Avropanın "ən yaxşı xarici film" nominasiyasına namizədləri güclüdür. Avropadan ümumilikdə 40 prodakşn təqdim edilib. Bu, təqribən ötən ilki namizəd sayına bərabərdir. Bu il Britaniya 2012-ci ildən bəri ilk dəfə "Oskar" mükafatına hər hansı bir namizəd irəli sürməyib.

Amerika Kino Akademiyası xarici filmləri 1948-ci ildən mükafatlandırmağa başlayıb. O vaxtdan bəri bu nominasiyada təqdim edilmiş 72 mükafatdan 56-sı Avropa filmlərinin payına düşüb. Ancaq 2016-cı ildə Macarıstanı təmsil edən Laslo Nemeşin "Son Of Saul" filminin qalib gəlməsindən beş il keçib.

Hərçənd, aprelə planlaşdırılan 93-cü "Oskar" mərasimində bu intizara son qoyula bilər. Mükafatın fevralın 9-da elan ediləcək seçmə onluğunda və beşliyində Avropa filmlərinin üstünlük təşkil edəcəyi ehtimalı böyükdür.

"Başlanğıc"

Favoritlər arasında Danimarkanı təmsil edən Tomas Vinterberqin "Another Round" adlı komediya dramı da var. Filmdə Mads Mikkelsen də daxil, dörd dost qanda daim sabit səviyyədə alkoqol olduğu halda həyatın gözəlliyini sübut etməyə çalışır.

Danimarka bu kateqoriyada ən uğurlu ölkələrdən biridir. Bu ölkəni təmsil edən filmlər 12 dəfə namizəd göstərilib və üç dəfə qalib olub. Sonuncu mükafatı 2011-ci ildə Süzanna Birin "In A Better World" filmi qazanıb.

Avropanı təmsil edən daha bir film Gürcüstanın namizədidir. Söhbət Dea Kulumbeqaşvilinin "Beginning" filmindən gedir. Yuxulu əyalət şəhərində "Yehovanın şahidləri" icması ekstremist qrupun hücumuna məruz qalır. Premyerası Toronto kinofestivalında olmuş film "Fipresci" mükafatına və San-Sebestyanda daha dörd mükafata layiq görülüb.

Namizədlər arasında sənədli filmlər də var.

Rumıniya, Lüksemburq

Rumıniyanın "Collective" filmində rejissor Aleksandr Naneu irimiqyaslı səhiyyə fırıldağının üstünü açmağa çalışan araşdırmaçı jurnalistlər komandasını izləyir. Premyerası Venesiyada baş tutmuş bu sənədli film 2019-ci ildə Toronto və Sürix festivallarında da uğurla çıxış edib. Əgər bu film ilk beşliyə düşə bilsə, bu, Rumıniyanın bu vaxta qədər təqdim etdiyi 35 film arasında ilk nominasiya olacaq.

Şimali Makedoniya "Honeyland", İtaliya isə Canfranko Rozinin "Notturno" filmi ilə təmsil olunur. "Notturno" Yaxın Şərqdə müharibədən əziyyət çəkən və həyatda qalmağa çalışan insanların portretidir.

Bu il Lüksemburq da "Oskar" mükafatına sənədli film təqdim edib. Culi Şröllün "River Tales" filmində müəllim və tələbələri öz milli kimlik və tarixlərini araşdırırlar.

İsveç namizəd kimi Amanda Kernellin "Charter" adlı ailə dramını seçib. Filmin debütü "Sandance" kinofestivalında olub.

Fransa

Fransanın italyan rejissor Filippo Meneqettinin "Two Of Us" filmini təqdim etməsi bəzilərinin təəccübünə səbəb olub. Film münasibətlərini 20 il gizli saxladıqdan sonra gizliliyə son qoymuş lesbiyan cütlük haqda romantik dram əsəridir. Tənqidçilər artıq bu film, xüsusən də Barbara Zukova və Martin Şövalyenin aktyor oyunu haqda çox gözəl rəylər bildiriblər. Almaniyalı aktrisa Zukova 1981-ci ildə Venesiya kinofestivalında " The German Sisters" filmindəki roluna görə "ən yaxşı aktrisa" mükafatına layiq görülüb. 1986-cı ildə isə "Roza Lüksemburq" tarixi dramındakı işinə görə Kann festivalının "ən yaxşı aktrisa" mükafatını əldə edib. Hər iki film rejissor Marqareta fon Trottanın işidir. Zukova 2012-ci ildə yenidən Trotta ilə əməkdaşlıq edib və onun eyniadlı filmində Hanna Arendti oynayıb.

Fransaya gəlincə, o, qazandığı mükafatlar baxımından ümumən ən uğurlu ölkələrdən biri olsa da, 1993-cü ildə Rejis Varnyenin "Indochine" filminin qələbəsinin üstündən 27 il keçib.

XS
SM
MD
LG