Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:31

Karantinə etiraz edənlərlə polis toqquşub


Amsterdamda polislə toqquşmalar
Amsterdamda polislə toqquşmalar

Amsterdamda da karantinə qarşı nümayiş baş verib, polis kütləni su şırnağı ilə dağıdıb. Polis 100-dən artıq şəxsin saxlandığını bildirir

Yanvarın 24-də Niderlandın iki şəhərində koronavirus qadağalarına etiraz aksiyaları keçirilib. Bu arada bir sıra ölkələr koronavirusun daha sürətlə yayılan variantına qarşı səyahət qadağalarını sərtləşdirirlər.

Niderlandın cənubundakı Eyndhoven şəhərində yüzlərlə etirazçı polisi daşlayıb. Polis isə onlara gözyaşardıcı qaz, su şırnaqları ilə cavab verib, onlarla şəxs saxlanıb.

Amsterdamda da karantinə qarşı nümayiş baş verib, polis kütləni su şırnağı ilə dağıdıb. Polis 100-dən artıq şəxsin saxlandığını bildirir.

Bir gün öncə isə Urk şəhərində karantinin ilk gecəsi COVID-19 test mərkəzi yandırılıb. Karantin axşam 9-dan səhər 4:30-dək qüvvədədir.

“Kriminal davranış”

Ədliyyə naziri Ferd Qrapperhaus zorakılığı pisləyib, bunun koronaya qarşı tədbirlərlə əlaqəsi olmadığını bildirib.

“Bu sadəcə, kriminal davranışdır; adamlar bilərəkdən polisi, çevrik polisi, jurnalistləri, yardım işçilərini hədəfə alırlar”, – Qrapperhaus bəyanatında deyib.

Ölkədə sərt karantin rejimi azı fevralın 9-dək davam edəcək.

Fransa isə Avropa Birliyindən (AB) ziyarətçilərdən neqativ koronavirus test cavabı tələb edir. Yanvarın ortasından bu qayda AB-dən kənar ölkələr üçün tətbiq olunur.

İsveç yanvarın 25-dən qonşu Norveçdən girişi üç həftəliyə qadağan edib. Səbəb Osloda yeni ştamma yoluxmaların aşkarlanmasıdır.

İlk dəfə İngiltərənin cənub-şərqində aşkarlanmış ştammla bağlı narahatlıq son günlər daha da artıb. Ötən həftə Britaniya hökumətinin baş elmi müşaviri deyib ki, yeni ştamm bəzi yaş qrupları üçün daha ölümcül ola bilər.

Artıq Cənubi Afrikada, Braziliyada digər variantlar da aşkarlanıb. Mövcud vaksinlərin Britaniyadakı ştamma qarşı qoruma təmin etdiyi düşünülür. Amma daha iki yeni variantla bağlı bunu demək üçün hələ tezdir.

Meksika, İsrail

Meksika Prezidenti Andres Manuel Lopes Obrador COVID-19-a yoluxduğunu açıqlayıb.

“Simptomlar yüngüldür, amma mən artıq müalicə olunuram. Həmişəki kimi nikbinəm. Hamımız irəli gedəcəyik”, – 67 yaşlı prezident Twitter-də yazıb.

O, ictimaiyyət arasında davranışına görə tənqid olunurdu. Nadir hallarda maska taxırdı, səyahətdən qalmırdı.

İsrail yanvarın 24-də elan edib ki, bu gündən ölkəyə giriş-çıxışın əksər hissəsini azı bir həftəlik məhdudlaşdıracaq.

Bu ölkə artıq üçüncü karantin rejimini yaşayır. Virusdan ölüm halları artdığından dekabrın sonundan tətbiq olunmuş qadağalar bu ayın sonunadək uzadılıb.

İsrailin 9 milyonluq əhalisinin 2.5 milyondan çoxunun artıq peyvənd olunduğu bildirilir.

Birləşmiş Ştatlarda isə yoluxma halları artıq 25 milyonu keçib, ölüm 419 minə çatıb.

XS
SM
MD
LG