Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Gəncə işi: 'Məni göstərib dedilər ki, bunun üzünə duracaqsan...'


Y.Səfərovun məhkəməsi
Y.Səfərovun məhkəməsi

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi dörd aylıq fasilədən sonra davam edib. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Yanvarın 26-da məhkəmədə 15 şahid dindirilib. Onların arasında E.Vəliyevi öldürmək cəhdində suçlanan Yunis Səfərovun qohumundan tutmuş, Gəncədə hadisədən sonra onu polis idarəsinə aparan, Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışan polis əməkdaşlarına qədər müxtəlif şəxslər olub.

Y.Səfərovun bacanağı Fərman Cəfərov bildirib ki, istintaqdakı ifadəsi təhrif olunub. Cinayət işinin materiallarındakı ifadədə yazılmış fikirlər ona aid deyil. Söhbət Y.Səfərovu mənfi xarakterizə edən ifadələrdən gedir.

Deyir, əlində silah yox, yemiş və dondurma olub

Bu məhkəmədə Y.Səfərov da daxil, 12 nəfər mühakimə olunur. Lakin onlardan ikisi – Ağa Sərxani və Anar Bağırov 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Buna baxmayaraq, təqsirləndirilən şəxs qismində tanınıblar. A.Sərxaninin həyat yoldaşı, A.Bağırovun isə bacısı onların hüquqi varisi qismində tanınıb. Hər ikisi onların icra başçısına sui-qəsdə aidiyyəti olmadığını, günahsız olduqları halda öldürüldüklərini vurğulayaraq bəraət verilməsini istəyirlər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Fərhad Məmmədov təqsirləndirilən şəxslərdən Cəfər Zalovun saxlanması haqda danışıb. O bildirib ki, C.Zalovu yaşadığı binanın qarşısında saxlayıblar. Bu zaman onun əlində dini məzmunlu kitab, bel nahiyəsində də silah olub. Polisin sözlərinə görə, C.Zalov üstündəki tapançanı onlara təhvil verməklə kifayətlənməyib. Deyib ki, evdə də silah-sursat var. Onlar da birlikdə evə qalxıb, paltar dolabından qumbara və digər silahları, dini məzmunlu kitabları götürüb idarəyə gəliblər.

C.Zalov polisin yalan danışdığını bildirib. Onun sözlərinə görə, əlində silah yox, evə aldığı yemiş və dondurma olub. Onu birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Həmin gün evdə axtarış olmayıb. C.Zalov deyir ki, polislər evinə ertəsi gün, onun iştirakı olmadan gediblər: "Özləri ilə apardıqları silahları qoyub, sonra da götürüblər".

Hal şahidləri

C.Zalovun saxlanmasında iştirak etdiyi iddia olunan iki hal şahidi – Qulam MəmmədovCeyhun Məmmədov da məhkəmədə dindirilib. Q.Məmmədov deyir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında olanda polislər ona yaxınlaşıb, hal şahidliyi etməsini istəyiblər. O da razılaşıb və C.Zalovun necə tutulduğuna şahidlik edib.

C.Zalov onun da yalan danışdığını söyləyib: "Bunu "bandotdel"də otağa gətirdilər, məni göstərib dedilər ki, bunun üzünə duracaqsan. O da mənə qayıtdı ki, "bağışla, Allah qapını açsın"".

Təqsirləndirilən şəxslərdən Vüqar Məmmədov keçmiş polis əməkdaşıdır. Vəkili onun məhkəmənin yekun hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının bu vəsatətlə bağlı qərarı yanvarın 28-də keçiriləcək növbəti məhkəmə iclasında açıqlanacaq.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs olunub. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Y.Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG