Kreml ölkədə repressiya infrastrukturu qurmasına baxmayaraq, Qərb tətbiqlərini, sosial şəbəkələri bloklamalayıb. Bunun əvəzində birbaşa qorxutma taktikası seçib. “The New York Times” qəzetində Anton Troyanovski yada salır ki, Kremlin nəzarətində olan RT televiziyasının baş redaktoru Marqarita Simonyan bu yaxınlarda hökuməti Qərbin sosial mediasını bloklamağa çağırdı, amma bu mesajı da “Twitter”dən verdi.
“Kreml Amerika şirkətlərinin formalaşdırdığı açıq internetdən qorxur, amma ondan əl çəkə də bilmir”, – yazan müəllif qeyd edir ki, Rusiya hökuməti illər boyu onlayn ifadə azadlığını məhdudlaşdırmağa yönəlik texnoloji və hüquqi infrastruktur qurub. Bu isə sonucda Çinin böyük hasarına oxşar internet senzurasının yaradılacağına dair təxminlərə yol açıb. Di gəl, nədənsə hökumət vebsaytları bloklamayıb, yaxud rəqəmsal narazılığın yayılmasını məhdudlaşdıracaq addımlar atmayıb.
“Qorxurlar. Bütün silahları var, amma necə işlədəcəklərini bilmirlər”, – Moskvada telekommunikasiya konsultantı Dmitri Qaluşko deyib.
Dilemma
Müəllif qeyd edir ki, interneti necə idarə etmək Putin Rusiyası qarşısında bir dilemmadır: dövlət repressiyasını gücləndirərək ictimai reaksiya riskinə getmək, yoxsa bir növ açıq cəmiyyət effektini saxlamaqla həm də ictimai narazılığı idarə etmək?
Rusiya rəsmiləri deyirlər ki, onların əlində “suveren RuNet”i işə salmağa texnologiya var. Bu halda rusiyalıların yalnız ölkədəki vebsaytlara çıxışı qalacaq. Fəalların fikrincə, məqsəd Kremlə ölkənin bir hissəsini, yaxud bütünlükdə dünyadan təcrid etmək imkanı verməkdir.
Amma müxalifətçi Aleksey Navalnının həbsinə etirazlar internet vasitəsilə təşkil olundu və Rusiya sanki bunun qarşısını ala bilmədi.
Məqalədə rəsmilərin rusiyalıları VKontakte kimi hökumətə bağlı şəbəkələrə yönəltməyə çalışdığı vurğulanır. Kremlin internetə nəzarət cəhdləri haqda kitabın həmmüəllifi, jurnalist Andrey Soldatov deyir ki, məqsəd böhran anlarında narazılığın sürətlə yayılmasını əngəlləməkdir.
Aprelin 1-dən isə Rusiyada satışa çıxarılan smartfonların hamısında ölkədə hazırlanmış 16 tətbiq əvvəlcədən yazılmalıdır.
Avropanın Rusiya strategiyası necə olmalıdır
Avropa Birliyi Rusiya Prezidenti Vladimir Putinlə işləməyə, yaxud diplomatik böhran yaratmağa tələsməməlidir. AB “prinsipial laqeydlik” strategiyası yürütməlidir. Bunu isə “Project Syndicate” portalında Mark Leonard yazır.
Müəllif qeyd edir ki, 2000-ci illərin ortalarında Rusiyayla münasibətlərlə bağlı avropalılar arasında dərin fikir ayrılığı vardı. Almaniya ovaxtkı kansler Gerhard Şröderin başçılığı ilə onunla işləmək istəyirdi, Mərkəzi və Şərqi Avropadakılarsa cilovlamaq tərəfdarı idilər.
“Üzdən baxanda, Rusiya qazını birbaşa Almaniyaya daşıyacaq Şimal axını-2 kəməri və Kremlin müxalifət lideri Aleksey Navalnını təqib etməsilə bağlı bugünkü debatlar da həmin köhnə ziddiyyəti gücləndirir. Amma reallıq tamam fərqlidir”, – məqalədə deyilir.
Müəllif Putinin Rusiya cəmiyyətinə nəzarəti getdikcə itirdiyini, ölkənin çöküş və siyasi çürümə dövrünə girdiyini iddia edir. Onun fikrincə, AB-nin Kremlə birtərəfli şəkildə əl uzatması onun həm Moskvada, həm də Vaşinqtonda mövqeyinə ziyan vurur. Bu heç də AB-nin Rusiyayla dialoqa getməməsi anlamına gəlmir. Amma yaxşı olardı, bu dialoq ATƏT, Arktik Şurası kimi çoxtərəfli forumlarda aparılsın.
“Putinin çox vaxtı qalmayıb. AB onun aqressiyasına qətiyyətlə və emosiyasız reaksiya versə, məkrli nüfuzunu önləyə bilər… Paradoksal görünsə də, Avropa liderlərinin Kremllə konstruktiv əməkdaşlıq iştahının ən yaxşı yolu bundan ötrü dəridən-qabıqdan çıxmamaqdır. Qoy Putin onların ayağına gəlsin”, – məqalədə vurğulanır.