Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:40

İran deyir ki, ilk addımı ABŞ atmalıdır


 Esmael Bağaeyi Hamane
Esmael Bağaeyi Hamane

BMT-nin Cenevrədə keçirilən Tərksilah Konfransında İranın səfiri fevralın 24-də deyib ki, Tehran və dünyanın 6 gücü arasında imzalanmış 2015-ci il nüvə sazişini xilas etmək istiqamətində ilk addımı ABŞ atmalıdır.

Esmael Bağaeyi Hamane İran özünün nüvə obyektlərinə beynəlxalq müfəttişlərin baxışlarını məhdudlaşdırandan bir gün sonra çıxış edib.

Tehran bu addımı ilə ABŞ-ı və Avropa ölkələrini İranın üzərindəki sanksiyaların qaldırılmasına və tarixi razılaşmanın bərpasına sövq etməyə çalışır.

Səfir deyib ki, “bu işin məsuliyyəti, yenidən başlamağın və ziyana görə kompensasiya ödənməsinin yükü və bunun bir daha təkrarlanmayacağı barədə vəd verilməsi hücum edən tərəfin üstünə düşür”.

Hamane əlavə edib ki, irəliyə doğru hərəkət etmək üçün məntiqi yol var və bu barədə İranın xarici işlər naziri izahat verib.

Əlavə protokol

İran fevralın 22-də 2015-ci il sazişinin Əlavə Protokoluna əməl edilməsini dayandırdığını elan edib.

Bu sənəd beynəlxalq atom müfəttişlərinə İranın nüvə obyektlərində qəfil yoxlama aparmaq imkanı verirdi.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə öz ölkəsini 2015-ci il sazişindən çıxardıqdan sonra ABŞ sanksiyaları bərpa olunub və İran da etiraz olaraq razılaşma üzrə öhdəliklərindən addım-addım geri çəkilməyə başlayıb.

ABŞ-ın yeni prezidenti Co Bayden ölkəsinin sazişə qayıtmaq niyyətində olduğunu bildirib.

Lakin İranın öhdəliklərindən geri çəkilməsi və təftişlərə məhdudiyyət qoyması ABŞ administrasiyası üçün razılaşmaya dönüşü xeyli çətinləşdirib.

İran ilk addımı Vaşinqtonun atmasını və sanksiyaları qaldırmasını tələb edir.

Çin və Rusiya da İranı deyəni deyir

2015-ci il sazişinin imza tərəflərindən biri olan Çin də Tehranın tələbinin yerinə yetirilməsinə tərəfdar olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü fevralın 24-də deyib ki, ABŞ-ın sazişə qayıtması və İran üzərindəki sanksiyaları qaldırması ən mühüm addım olardı.

Sözçü deyib ki, İranın öhdəliklərdən geri çəkilməsi vəziyyəti kritik duruma gətirib çıxarıb.

Moskva da Çinin mövqeyindən çıxış edir və əvvəlcə sanksiyaların qaldırılmasını vacib saydığını bilirir.

ABŞ bu sazişdən çıxandan sonra Çin də Almaniya, Fransa, Britaniya və Rusiya kimi bu tarixi sənədin xilas edilməsinə çalışır.

XS
SM
MD
LG