Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

ABŞ jurnalistin qətlinə görə 76 səudiyyəliyə viza qadağası qoyur


Jurnalistləri Müdafiə Komitəsinin Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyi qarşısında təşkil etdiyi yadetmə aksiyası
Jurnalistləri Müdafiə Komitəsinin Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyi qarşısında təşkil etdiyi yadetmə aksiyası

ABŞ-ın dövlət katibi Entoni Blinken fevralın 26-da 76 səudiyyəliyə səfər qadağanı qoyulduğunu bəyan edib.

Bundan əvvəl Birləşmiş Ştatların dərc etdiyi hesabatda deyilirdi ki, 2018-ci ildə jurnalist Camal Xaşoqinin qətlinin arxasında Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın durduğuna inanılır.

Fevralın 26-da Xaşoqinin ölümünə dair çoxdan gözlənən hesabatın açıqlanmasından dərhal sonra Blinken deyib ki, Bayden administrasiyası Xaşoqi də daxil, xaricdəki dissidentlərin təhdid edilməsi ilə bağlılığı olan səudiyyəli fərdlərə viza məhdudiyyətləri tətbiq edir.

Blinken izah edib ki, “Xaşoqi qadağanı” adlandırılan bu məhdudiyyətlər Dövlət Departamentinə dissident olduğuna inanılan jurnalistləri, fəalları və ya başqa şəxsləri “qısnayan, güdən, təhdid edən və ya onlara xəsarət yetirənlərə” viza qadağanı qoymaq səlahiyyəti verir.

Blinken bildirib ki, heç kəs hər hansı xarici hökumətin adından Amerika torpağında dissdentlərə ziyan vura bilməz.

Hesabatda iddia edilir ki...

Bu qadağanlar elan edilməzdən bir qədər əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası 2018-ci ildə Xaşoqinin öldürülməsi barədə hesabatın məxfiliyini qaldırıb.

Hesabatın redaktə edilmiş variantında jurnalistin öldürülməsi missiyası ilə bağlı İstanbula səfər edən 15 nəfərlik zərbə komandası üzvlərinin adları açıqlanır.

4 səhifəlik hesabatda iddia edilir ki, ABŞ kəşfiyyatı bu adamların qətldə iştirak etməsinə “yüksək dərəcədə əminliklə” inanır:

“Bizim qiymətləndirməmizə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman səudiyyəli jurnalist Camal Xaşoqinin Türkiyənin İstanbul şəhərində saxlanması və ya öldürülməsi qərarını təsdiqləyib”.

Özü ilə yox, atası ilə danışacaq

Səudiyyə Ərəbistanı bildirmişdi ki, Xaşoqi xəfiyyələrin “özbaşına əməliyyatında” öldürülüb və vəliəhd şahzadənin bundan xəbəri olmayıb.

ABŞ-da mühacir həyatı sürən 59 yaşlı Xaşoqi The Washington Post qəzeti üçün Səudiyyə hökumətini tənqid edən məqalələr yazırdı.

O 2018-ci iln oktyabrında tovlanaraq Səudiyyənin İstanbuldakı konsulluğuna gətirilib və burada inanıldığına görə öldürülərək tikə-tikə doğranıb.

Jurnalistin ölümü dünya boyunca hiddətə səbəb olmuşdu.

Bayden administrasiyası bunu da bildirib ki, prezident Səudiyyə ilə bağlı məsələləri vəliəhd şahzadə ilə deyil, onun 85 yaşlı atası kral Salmanla müzakirə edəcək.

Fevralın 25 telefonla danışan Bayden və kral Salman iki ölkə arasında onilliklərdir davam edən müttəfiqliyə sadiq qalacaqlarını bildiriblər.

XS
SM
MD
LG