Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:29

Ermənistan müxalifətində Paşinyana görə fikir ayrılığı yaranıb


Martın 10-da baş nazirin istefasını tələb edən mitinqdə
Martın 10-da baş nazirin istefasını tələb edən mitinqdə

Ermənistanda “Maariflənmiş Ermənistan” müxalifət fraksiyasının lideri Edmon Marukyan deyib ki, o hakimiyyətdə erkən seçkiyə getmək iradəsi görür.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, beləliklə siyasətçi seçki məsələsində əvvəlki mövqeyini xeyli dəyişib.

Marukyan martın 15-də Milli Məclisdə keçirilən brifinqdə deyib:

“Mən bundan əvvəl demişdim ki, onlar bunu etməmək üçün bəhanə axtarırlar, nə bilim, memorandum və sair. Amma indi görürəm ki, onlarda seçkiyə getmək iradəsi var. Deməli biz də seçkiyə gedirik”.

İyunun 1-dək

Lakin Marukyan bunu da əlavə edib ki, seçki ən geci iyunun 1-dək keçirilməlidir.

“Vaxt bizim üşün mühümdür. Əgər bizim təklif etdiyimiz müddətdə seçki keçirilsə, konsensus olacaq. Biz iyunun 1-dən sonra qarantiya verə bilmərik ki, parlamentdə baş nazirliyə namizəd irəli sürülməyəcək. Buna görə də konsensus yalnız seçki iyunun 1-dək keçirilsə olacaq”.

Başqa sözlərlə Edmon Manukyan izah edib ki, seçki iyunun 1-dək keçirilsə Nikol Paşinyanın postuna başqa bir adamın namizədliyi verilməyəcək.

Marukyanın sözlərinə görə böhran o qədər dərindir ki, son dərəcə çevik hərəkət etmək lazımdır:

“Seçkinin keçirilməsi üçün ən erkən vaxt may ayıdır ki, o heç olmasa iyunun 1-dək başa çatsın. Amma desək ki, “əsiz xalq sən bir az da döz, iyundan sonra danışarıq”, bu, ciddi söhbət olmayacaq. Əgər yaxın 10 gündə parlament buraxılsa, seçki iyunun 1-dək keçiriləcək. Əgər bu 10 gündə vəziyyət aydınlaşmasa, mən bu 10 gündən sonra nə baş verəcəyini bilmirəm. Çünki ölkə o qədər narahatdır və o qədər sarsıntı olub ki, mən heç bir proqnoz verə bilmərəm”.

Baş tutmayan “dəyirmi masa”

Bundan əvvəl prezident Armen Sarkisyan baş nazir Nikol Paşinyanı və üç parlament fraksiyasının liderlərini, habelə baş nazirin istefasını tələb edən “Vətənin xilası” hərəkatının nümayəndələrini martın 13-də dəyirmi masaya dəvət etmişdi.

Hakim “Mənim addımım” və müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının liderləri təklifi qəbul etmişdilər.

Lakin bu görüş prezidentin istədiyi formatda keçirilməyib.

Bunun səbəbi “Çiçəklənən Ermənistan” və “Vətənin xilası” hərəkatının liderlərinin öz gündəliklərini təklif etməsi və şərt qoyması olmuşdu.

Onlar tələb edirdilər ki, görüşün gündəliyinə Paşinyanın istefası məsələsi də daxil edilməlidir.

İki ziddiyyətli mövqe

Bundan sonra Armen Sarkisyan adı çəkilən nümayəndələrlə ayrılıqda görüş keçirmişdi.

Bu görüşdən sonra hakim “Mənim addımım” və “Maariflənmiş Ermənistan” bildirmişdilər ki, erkən seçki barədə razılaşma mümkündür.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyansa deyib ki, baş nazir istefa verməli və erkən seçki keçirilməlidir.

Onun sözlərinə görə yeni hökumət nə qədər tez təşkil olunarsa, problemlər də o qədər tez həll olunar.

Bununla belə, Tsarukyan baş nazirlə görüşün mümkün olduğunu deyib.

XS
SM
MD
LG