BMT-nin nüvə agentliyinin başçısı bəyan edib ki, ABŞ-ın 2015-ci ilin nüvə sazişinə qayıtması mümkündür, amma hər iki tərəf danışıqlara hazır olduqlarını nümayiş etdirməlidir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bunu martin 16-da Avropa Parlamentinin üç komissiyası ilə videokonfransda deyib.
Keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini birtərəfli qaydada sözü gedən sazişdən çıxarıb.
Lakin yeni prezident Co Bayden bildirib ki, o Vaşinqtonun bu beynəlxalq sazişə qayıtmasını istərdi.
Məsələni qəlizləşdirən budur ki…
Lakin məsələni qəlizləşdirən budur ki, ABŞ sazişdən çıxandan sonra İran da razılaşma üzrə şərtlərindən mərhələ-mərhələ geri çəkilib.
Hazırda İran istər zənginləşdirilmiş uranın miqdarı, istərsə də dərəcəsi üzrə sazişin ona icazə verdiyi hədləri aşıb.
Ekspertlər bildirirlər ki, İran bunu sazişin başqa tərəflərini – Rusiya, Çin, Fransa, Almaniya və Britaniyanı ABŞ-a təzyiq göstərməyə sövq etmək üçün edirdi.
İndi isə Tehran bildirir ki, əvvəlcə ABŞ sazişə qayıdaraq İran üzərindən sanksiyaları qaldırmalıdır.
İran israr edir ki, Tehran yalnız bundan sonra saziş üzrə öhdəliklərinə qayıdacaq.
Tanqonu iki nəfər rəqs edir
İlk addımın İran, yoxsa ABŞ tərəfindən atılmalı olduğu barədə suala cavab verərkən Qrossi deyib ki, “tanqo rəqsi üçün iki nəfər lazımdır”.
O vurğulayıb ki, İran son iki ildə xeyli nüvə materialı hazırlayıb, istehsalın gücünü artırıb və bu sahədə səriştəsini artırıb.
Qrossi vurğulayıb ki, hətta tərəflər köhnə mövqelərinə dərhal qayıtsalar da, bu proses elə də tez başa çatmayacaq.
Agentlyin rəhbəri bunu deyib ki, hər iki tərəflə ayrılıqda müzakirələr aparıb və ABŞ-ın 2015-ci il sazişinə qayıtmasını mümkün hesab edir.
O əlavə edib ki, bu məsələ çərin olsa da, qeyri-mümkün deyil.
İran üç ay vaxt qoyur
Bu da xəbər verilir ki, İran ötən ay üstəlik beynəlxalq müfəttişlərin özünün nüvə qurğularına girişini məhdudlaşdırıb.
Lakin Qrossinin Tehranla son danışıqlarından sonra nüvə qurğularına müəyyən giriş hər halda saxlanıb.
Son razılaşmaya görə İran özünün nüvə qurğularının videoçəkilişlərini paylaşmayacaq, amma onların yazısını üç ay müddətində saxlayacaq.
Tehran bildirib ki, videoyazıları onun üzərindəki sanksiyalar qaldırılarsa, agentliyə göndərəcək.
Qrossi 2015-ci il nüvə sazişinin tərəflərini bu üç ay müddətində diplomatiyanın bütün gücündən istifadəyə çağırıb.