Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:59

İqtidar seçkiyə Paşinyanla gedir


“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts
“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts

Ermənistanda keçiriləcək növbədənkənar seçkidə iqtidar namizədlərinin siyahısına indiki baş nazir Nikol Paşinyan başçılıq edəcək.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı martın 23-də hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts verib.

Növbədənkənar seçkinin yeni, yoxsa mövcuid Seçki Məcəlləsi ilə keçiriləcəyinə dair suala cavab verərkən xanım Makunts deyib:

“Mənim addımım” fraksiyası Seçki Məcəlləsinə dəyişikliklərin qəbuluna, tam olaraq proporsional seçki sisteminə keçilməsinə meyllidir. Hazırda bu barədə danışıqlar gedir”.

Deputat deyib ki, söhbət xeyli böyük dəyişikliklərdən gedir və müzakirələr fərqli seqmentlər üzrə aparılır.

Makunts əlavə edib ki, dəyişikliklər qarşıdan gələn seçki üçün realist mahiyyət daşımalıdır.

“Mənim addımım” parlament fraksiyasının lideri “dəyişikliyin yalnız proporsional sisteməmi aid olacağına” dair dəqiqləşdirici sualın cavabında hələlik son formulu şərh etmək imkanında olmadığını bildirib.

Proporsional sistemə keçid Paşinyan üçün əlverişlidir

Təhlilçilər bildirirlər ki, tam proporsional sistemə keçid yalnız partiya siyahıları əsasında seçki deməkdir və bu, daha çox Paşinyanın partiyası üçün əlverilşlidir.

Son rəy sorğuları onun parttiyasının 33 faiz populyarlığa malik olduğunu göstərib. Rəy sorğularına görə müxalifət partiyalarını respondentlərin yalnız 1-3 faizi dəstəkləyib.

Rəyi soruşulanların 60 faizindən çoxu heç bir siyasi qüvvəyə inanmadığını deyib.

Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan arasında keçirilən görüşdən sonra Ermənistanda növbədənkənar seçkinin iyunun 20-də keçiriləcəyi elan olunub.

Məqalədə qeyd edilir ki, iqtidarın mövcud Seçki Məcəlləsi ilə seçkiyə gedib-getməyəcəyi bilinmir.

Müxalifət Baqramyan prospektini açır

Bu arada Nikol Paşinyana qarşı ən barışmaz mövqe tutan “Vətənin xilası” hərəkatı Yerevanın mərkəzindəki Baqramyan prospektini açmaq qərarına gəlib. Lakin Demirçyan küçəsindəki “çadır şəhərciyi” hərəkatın qərargahı olaraq qalacaq.

Hərəkat yeni bəyanatında siyasi aksiyalarının coğrafiyasını böyüdərək rayonlara çıxaracağını bəyan edib.

Qərargahın məqsədi iqtidara təzyiqi saxlamaq və hərəkatın sonrakı addımlarını koordinasiya etməkdir.

Bu da xəbər verilir ki, martın 28-də Baqramyan prospektində müxalifət partiyalarının “ümummilli mitinqi” keçiriləcək.

“Vətənin xilası” hərəkatı 15-17 siyasi partiyanı təmsil edir.

Koçaryanın cinayət işi gündəmə qayıdır

Martın 23-də, ilyarım davam edən məhkəmə prosesindən sonra hakim Anna Danibekyan elan edib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun tabeçiliyində olmuş daha üç nəfər barəsində işə mahiyyəti üzrə baxılmasına başlanıb.

Koçaryan və sözü gedən üç nəfər konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar.

Azatutyun yazır ki, hakim bunu elan edəndə Robert Koçaryanın vəkilləri nümayişkəranə şəkildə məhkəmə zalını tərk ediblər.

Onlar məhkəməni boykot etdiklərini bildiriblər və bundan sonra məhkəmə iclası təxirə salınıb.

Gələn həftə prokurorluq ittihamnaməni təqdim etməlidir.

Robert Koçaryan və onunla birlikdə 2008-ci ilin qanlı hadisələrinə görə ittiham olunan daha üç nəfərin cinayət işinə baxılmasına hakim Anna Danibekyanın sədrlıiyi ilə 2019-cu ilin sentyabrında başlanıb.

Bu ilyarım ərzində iş mahiyyəti üzrə baxılma mərhələsinə çatmayıb.

Bu müddət ərzində tərəflər bir-birlərini məhkəmə prosesini qəsdən uzatmaqda ittiham ediblər.

İttiham tərəfi isə bildirir ki, prosesi Koçaryanın vəkilləri saysız-hesabsız vəsatətlər qaldırmaqla uzadıblar.

XS
SM
MD
LG