Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:50

Navalnının müalicə olunduğu xəstəxananın daha bir həkimi vəfat edib


Aleksey Navalnı (ortada) məhkəmədə
Aleksey Navalnı (ortada) məhkəmədə

Navalnının tərəfdarları səhhətinin pisləşməsindən narahatdırlar və həbsxana orqanlarından vəziyyəti haqda izahat istəyiblər

Rusiyada müxalifətçi Aleksey Navalnının müalicə olunduğu xəstəxananın travmatologiya və ortopediya şöbəsinin müdiri vəfat edib. Bu haqda Rusiyanın “Taiga.info” qəzeti yazıb. Navalnı ötən yay zəhərlənmədən Omsk xəstəxanasında müalicə almışdı.

63 yaşlı Rüstəm Aqişev iflicdən ölüb. “Taiga.info” bu haqda martın 28-də yazıb. Aqişev 30 ildi 1 saylı xəstəxanada işləyirdi.

Xəstəxananın baş həkimi Yevgeni Osipov deyib ki, onun ölümü “bütünlükdə tibb cameəsi üçün əvəzolunmaz itkidir”.

Qəzetin yazmasına görə, Aqişev dekabrda iflic olub və sağalmayıb. O, martın 26-da vəfat edib.

Başqa bir həkim də vəfat etmişdi

İki ay öncə isə xəstəxananın anesteziologiya və reanimasiya şöbəsinin müdir müavini vəfat etmişdi.

Sergey Maksimişin 55 yaşında xəstəxanada ürək tutmasından vəfat edib. Məlumatı regional Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Navalnı avqustun 20-də xəstəxanaya yerləşdirilib. O, Tomskdan Moskvaya gedərkən təyyarədə özünü pis hiss edib.

Həkimlər öncə Navalnının zəhərləndiyini desələr də, sonradan bunu inkar etdilər.

Xəstəxanada süni koma vəziyyətinə salınan Navalnı Almaniyaya aparıldı və orada 5 ay zəhərlənmədən müalicə olundu. Avropada laboratoriyalar onun sovet dövründə hazırlanmış Noviçok sinir qazıyla zəhərlənməsi qənaətinə gəlib.

Yanvarda Almaniyadan Rusiyaya qayıdan Navalnı həbs olunub və hazırda Moskvanın 100 kilometrliyində yerləşən təcridxanada saxlanır. Moskvada məhkəmə onun daha öncəki şərti cəzanın şərtlərini pozduğunu deyir. Həmin mənimsəmə işi siyasi motivli hesab olunur.

Navalnı 2 il yarım həbsə məhkum edilib.

Navalnı ağrılardan şikayətlənib

Onun tərəfdarları səhhətinin pisləşməsindən narahatdırlar və həbsxana orqanlarından vəziyyəti haqda izahat istəyiblər.

Vladimir Regionunun İctimai Nəzarət Komissiyasının üzvləri martın 28-də Navalnı ilə görüşüblər. Komissiyanın sədri Vyaçeslav Kulikov bəyanatında deyib ki, Navalnı görüş zamanı ayağında ağrılardan şikayətlənib, müalicə üçün iynə alınmasına kömək istəyib.

Kulikov deyib ki, Navalnı gəzə bilir, başqa şikayəti olmayıb. Onun sözlərinə görə, onun iynə üçün müraciəti rəsmi qeydiyyata alınıb.

“Həkimlərdən buna diqqət ayırmağı, lazım gələrsə, əlavə müayinə etməyi xahiş etdik”, – Kulikov vurğulayıb.

2 saylı təcridxana Rusiyada ən sərt rejimli cəzaçəkmə müəssisələrindən biri kimi tanınır.

XS
SM
MD
LG