Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:55

Deputat: 'Azərbaycanla bağlı öhdəlik yerinə yetirilmir'


COVAX xətti ilə vaksinlərin gətirilməsi. Kosova
COVAX xətti ilə vaksinlərin gətirilməsi. Kosova

Rəsmi statistikaya görə, Azərbaycanda hazırda 525 mindən artıq şəxs yeni növ koronavirusa qarşı peyvənd olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə vaksinasiya prosesi yalnız Çin istehsalı olan "Sinovac" peyvəndi ilə həyata keçirilir. Rəsmilər habelə bildirir ki, Azərbaycana başqa peyvəndlərin gətirilməsi üçün keçən il müqavilələr bağlansa da, hələlik, həmin vaksinlərdən səs-soraq yoxdur.

Prezident İlham Əliyev də hələ fevralın 26-da keçirilən mətbuat konfransında demişdi ki, Azərbaycan lap əvvəldən COVAX layihəsinə (Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) peyvəndlərlə bağlı proqramı) qoşulub: "Bu layihə üzrə biz "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini almalıyıq…. Lakin, hələlik, bu vaksinlər bizə daxil olmayıb".

Rəsmi media orqanlarında son bir neçə gündə 50 ölkəni birləşdirən COVAX platforması vasitəsilə Azərbaycana vaksinlərin göndərilməməsi isə qərəzli bir addım kimi dəyərləndirilir.

"Hətta bu vaksinlərin verilmə vaxtı da qeyri-müəyyəndir"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, COVAX xətti ilə bu ilin yanvar-mart aylarında Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi: "Ancaq hələ də COVAX platforması çərçivəsində Azərbaycana vaksin təqdim edilməyib. Deməli, Azərbaycanla bağlı öhdəlik yerinə yetirilmir".

M.İbrahimqızı
M.İbrahimqızı

Deputatın qeyd etməsinə görə, bir neçə gün əvvəl məlum olub ki, COVAX-ın Azərbaycana vəd etməsindən daha az sayda vaksin verəcəklər: "Hətta bu vaksinlərin verilmə vaxtı da qeyri-müəyyəndir. Bu, qəbuledilməzdir. COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edib, 30 ölkəyə yardım edib, koronavirusa qarşı mübarizə üçün ÜST-ə 10 milyon dollar ianə edib. Amma yenə də Azərbaycana münasibətdə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verilir".

"Bir çox kasıb ölkələr hələ də vaksin əldə edə bilməyib"

Komitə üzvü vurğulayıb ki, COVAX koronavirusa qarşı vaksinin bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülmə missiyasının öhdəsindən gələ bilməyib: "İnkişaf etmiş bir sıra ölkələr əhalisinin sayı ilə müqayisədə hətta bir neçə dəfə çox vaksin alır, ancaq bir çox kasıb ölkələr hələ də vaksin əldə edə bilməyib".

"Bu sahədə riskləri sığortalayıb"

M.İbrahimqızı hesab edir ki, COVAX vasitəsilə Azərbaycana peyvəndlərin verilməsi yubansa da, bu, vaksinasiya prosesinə təsir göstərməyəcək: "Azərbaycan prezidenti hər zaman uzaqgörən və müdrik siyasətçi olduğunu təsdiqləyib. COVAX-ın vədlərinə baxmayaraq, Azərbaycan öncədən Çin şirkəti ilə müvafiq müqavilə imzalayıb, bu sahədə riskləri sığortalayıb. Rusiyadan da vaksin alınması üçün müqavilə bağlanıb. Artıq yarım milyona yaxın vətəndaşımıza Çindən gətirilmiş vaksin vurulub və proses uğurla davam edir".

Bu deyilənlərə, hələlik, ÜST-dən və sözügedən proqramın təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma bəzi kütləvi informasiya vasitələrində COVAX-a istinadən yer alan cavablarda qeyd edilib ki, Azərbaycana vaksin, gözləniləndən az olsa da, göndəriləcək.

Bezi ekspertlər isə AzadlıqRadiosuna deyiblər ki, vaksin istehsal edən ölkələrin COVAX çərçivəsində başqa dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur: "Sadəcə, bu, müsbət bir təşəbbüsdür...".

V.İsmayıl
V.İsmayıl

"Burada varlı, kasıb ölkə söhbəti olmamalıdır"

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl AzadlıqRadiosuna bildirib ki, peyvənd istehsalçıları lazım olan həcmdə vaksinləri istehsal etməkdə çətinlik çəkir: "7 milyard insan üçün peyvənd istehsal etmək o qədər də asan deyil. Nəzərə alsaq ki, peyvənd iki dozalıdır, iş ikiqat çətinləşir".

Ekspert deyib ki, COVAX platforması ölkələr arasında peyvəndin ədalətli bölgüsünü təmin etməli idi: "Burada varlı, kasıb ölkə söhbəti olmamalıdır. Amma bu platformada təmsil olunan böyük dövlətlər hərəsi öz gücündən istifadə edərək öz əhalisinin xeyrinə qaydaları pozmağa başladılar. Peyvəndi istehsal edən zavodlar həmin dövlətlərin ərazisində yerləşir. Lakin bu ədalətsiz yanaşma yalnız Azərbaycana yox, digər ölkələrə qarşı da mövcuddur".

"Məhz Azərbaycana qərəzli mövqenin göstəricisi deyil"

Siyasətşünas Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, vaksinlərin bölüşdürülməsi məsələsi Avropadan asılı olmayan, Ümumdünya Səhiyyə Təşkilatının bilavasitə nəzarəti altında keçən bir prosesdir.

O qeyd edib ki, hələ də COVAX platforması üzərindən vaksinlərin verilməməsi məhz Azərbaycana qərəzli mövqenin göstəricisi deyil: "Bu yanaşma məntiqli deyil. Düzdür, Gürcüstana müəyyən bir partiya vaksin göndərilib. Amma Gürcüstanda vaksinasiya təzə başlayıb. Azərbaycanda artıq 500 mindən çox vətəndaş vaksinasiyadan keçib. Bu, ölkə əhalisinin 6 faizi deməkdir. Uşaqların vaksinasiyaya ciddi ehtiyacı olmadığını nəzərə alsaq, bu o deməkdir ki, 18 yaşından yuxarı olan əhalinin 10 faizindən çoxu vaksinasiyadan keçib. Fərqli-fərqli, hətta Avropa ölkələrin nəticələrinə baxsaq, bu, yaxşı nəticədir".

A.Qasımlı
A.Qasımlı

"Avropa Birliyi özü də bu problemi yaşayır"

Politoloqun sözlərinə görə, dünyada vaksin çatışmazlığı var. ""AstraZeneca" Avropa Birliyinə bu il ərzində 600 milyona yaxın vaksin verməli idi, amma şirkət öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilmədi. İlin ilk rübündə 120 milyon doza əvəzinə 30 milyon, ikinci rübündə isə 180 milyon doza əvəzinə yalnız 70 milyon doza verə biləcəyini açıqlayıb. Yəni, Avropa Birliyi özü də bu problemi yaşayır".

A.Qasımlı vurğulayıb ki, belə olan təqdirdə vaksinləri ilk növbədə inkişaf etmiş ölkələr istifadə edəcək, ondan sonra isə digər ölkələr: "Bunu ədalətsiz də hesab etmək olar, amma vaksin istehsalçıları həmin inkişaf etmiş və, əsasən, Qərb ölkələrdir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 491 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG