Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:49

Rusiya, Belarus valyutaları ucuzlaşır


Rusiya rublu
Rusiya rublu

Valyuta ticarətçilərinin fikrincə, Rusiyada faiz dərəcələri qaldırıla bilər, amma rus rublunun səviyyəsi “Donbasda hərbi eskalasiya sarıdan qorxulardan dolayı” qalxmaq bilmir

Rusiya və Belarusun bir-birinə bağlı valyutaları kəskin ucuzlaşıb. Hər iki keçmiş sovet respublikası fərqli siyasi-diplomatik çətinliklər yaşamaqdadır.

Aprelin 7-də Rusiya rublu son beş ayda ABŞ dollarına qarşı ən aşağı həddə düşüb. Bu isə valyutanı dəstəkləməkdən ötrü Rusiya mərkəzi bankının monetar qaydaları sərtləşdirməsilə nəticələnə bilər.

Belarus rublu isə dollara qarşı rekord həddə – 2.66-ya düşüb. Daha öncəki rekord fevralda qeydə alınmışdı.

Hər iki iqtisadiyyat Qərbin sanksiyaları altında, qara siyahıdadır, repressiv taktikalarına görə avtoritar liderlərinə cəza tədbirləri tətbiq olunur.

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi və həbsindən dolayı təzyiq altındadır. 1994-cü ildən Belarusu idarə edən Alyaksandr Lukaşenka isə avqust seçkisinin qalibi elan olunandan sonra dinc etirazçılara divan tutub, sonradan sanksiyalarla üzləşib.

Ukraynada eskalasiya təhdidi

Bu arada ekspertlər Ukraynanın Rusiya ilə sərhədində münaqişənin qızışa biləcəyindən narahatdırlar. Moskva sərhədə qoşun yığdığını təsdiqləyib. NATO və Qərb liderləri Ukrayna rəhbərləri ilə təmasları artırıb, Rusiyaya “provokasiyalar”la bağlı xəbərdar edib.

Valyuta ticarətçilərinin fikrincə, Rusiyada faiz dərəcələri qaldırıla bilər, amma rus rublunun məzənnəsi “Donbasda hərbi eskalasiya sarıdan qorxulardan dolayı” qalxmaq bilmir, “Credit Suisse”in təhlilçiləri bu həftə yazırdılar.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutandan sonra ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb.

Beynəlxalq sanksiyalardan savayı, Rusiya iqtisadiyyatına koronavirus pandemiyası və neftin ucuzlaşması da təsirini göstərib.

Təhlilçilərin fikrincə, pandemiyadan sonra Rusiyada dirçəliş bir çox yeni yaranmaqda olan bazarlardan geri qalacaq, bu isə “fundamental zəiflik” əlamətləridir.

Əmanətlər geri çəkilə bilər

Belarusda müxalifətin və Qərbin saxtalaşdırılmış hesab etdiyi prezident seçkisindən sonra onminlərlə etirazçı saxlanıb.

Müxalifət liderlərinin çoxu ya həbs edilib, ya da mühacirətə getməyə vadar olub. Müxalifət lideri Svetlana Tixanovskaya Litvaya gedib, ölkəsində demokratiya hərəkatına beynəlxalq dəstəyi səfərbər etməyə çalışır.

Qərb Lukaşenkanı Belarusun qanuni lideri kimi tanımır, aparıcı rəsmilərə sanksiyalar tətbiq edib.

Belarus iqtisadiyyatı siyasi böhrandan öncə də zəif durumda idi, pandemiya da əlavə problemlərə səbəb olub.

Belarus Maliyyə Direktorları Klubunun sədri Andrey Karpunin deyir ki, valyutanın ucuzlaşmasının əsas səbəbi xaricdə işləyən belarusluların pul göndərişlərinin azalmasıdır.

Onun proqnozuna görə, sanksiyalar qüvvədə qalarsa belarusluların əmanətləri banklardan çıxarmaqdan başqa seçimi qalmayacaq, bu isə məzənnəyə bir az da ziyan vuracaq.

XS
SM
MD
LG