Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

ABŞ, Fransa və Almaniya Rusiyanın Ukraynaya ‘mümkün təcavüzünü’ müzakirə ediblər


ABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna sərhədi yaxınlığında və işğal olunmuş Krım yarımadasında qoşun cəmləşdirilməsinin, onun “qızışdırıcı ritorikasının” və “təxribatlarının” dayandırılması ehtiyacını Fransa və Almaniya xarici işlər nazirləri ilə müzakirə edib.

Blinken aprelin 9-da Fransa və Almaniya xarici işlər nazirləri Jan-İv Le Drian və Heiko Maasla ayrıca danışıqlarında NATO müttəfiqlərinin intensivləşdirilmiş məsləhətləşmələrinə çağırıb.

Zelenski cəbhə xəttinə gedir

Ukrayna prezidenti Volodimir Zelenski Moskva və Kiyev arasında gərginliyin artdığı bir əsnada ölkənin şərqinə, separatçılarla hökumət qoşunlarını ayıran təmas xəttinə gedir.

Prezident administrasiyasından aprelin 8-də verilən məlumatda deyilir ki, Zelenksi “işçi səfərin” gedişində cəbhə xəttindəki Ukrayna hərbçiləri ilə görüşməlidir.

Volodimir Zelenski cəbhə xəttində
Volodimir Zelenski cəbhə xəttində

Bu səfərin ərəfəsində Rusiyanın Ukrayna sərhədi istiqamətində canlı qüvvə və hərbi texnika cəmləşdirdiyini göstərən çoxsaylı foto, video və başqa materiallar yayılıb.

Bəzi xəbərlərə görə, Rusiya qoşunları habelə ilhaq edilmiş Krımda cəmləşdirilir.

Zelenskinin sözçüsü bildirib ki, prezident atəşkəsin sistematik pozulduğu ön cəbhə xəttində olacaq.

Moskva Ukrayna ilə həmsərhəd bölgədə qoşunlarının hərəkətini hərbi manevrlərə hazırlıqla izah edir.

“Mən, ali baş komandan kimi…”

Bu arada Volodimir Zelenski Twitter-də yazıb:

"Mən Donbasda belə bir ağır vəziyyətdə ali baş komandan kimi əsgərlərimizin yanında olmaq istəyirəm”.

Yaranmış gərginliklə bağlı NATO-nun baş katibi Yens Stoltenberq aprelin 6-da prezident Zelenskiyə zəng edib.

Verilən xəbərlərə görə Zelenski Stoltenberqə deyib ki, Ukraynanın NATO-ya üzvlüyü şərqi Ukraynada müharibəyə son qoyulmasının yeganə yoludur.

O habelə NATO üzvü olan ölkələri Moskvanı təcavüzdən çəkindirmək üçün Qara dəniz hövzəsi regionunda hərbi mövcudiyyətlərini gücləndirməyə çağırırb.

Moskva: Ukrayna ilə sərhədə qoşun yığmaq heç kimə qarşı yönəlməyib
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

CIT: Rusiya qoşunları hücum mövqeyində yerləşdirilib

Bu arada Conflict Intelligence Team (CIT) təhqiqat-analitik qrupu sosial mediada yayılan məlumatları təhlil edərək bu qənaətə gəlib ki, barələrində ötən həftə xəbərlər yayılan Rusiya hərbi qüvvələri Ukrayna sərhədinin 250 kilometrliyində Voronej vilayətində düşərgə salıb.

CIT bildirir ki, 2014-2015-ci ildə Rusiya qoşunları sərhədə daha yaxın yerləşdirilmişdi.

CIT bunu da müəyyənləşdirib ki, foto və videolara düşən hərbi texnikanın əksər hissəsi Mərkəzi hərbi dairəyə aiddir və bu texnika Voronejə qədər minlərlə kilometr məsafə qət edib.

Hərbçilər Voronej rayonunun Maslovka və Tresvyatsya dəmir yolu stansiyalarında boşaldılır.

CIT ehtimal edir ki, düşərgə Poqonovo hərbi poliqonunun şimal tərəfində Ukraynanın Luqansk və Xarkov vilayətlərinin 250 kilometrliyində qurulub.

Yerli sakinlər bildiriblər ki, əsgərləri yaşayış evlərinin yaxınlığında yerləşdiriblər.

Rusiya qoşunlarının Ostrqojsk şəhərində, Ukrayna ilə sərhədin 150 kilometrliyində yerləşdirilməsinə dair də xəbərlər var.

CIT qeyd edir ki, Rusiya qoşunlarının yerləşdirilməsi onların Ukrayna tərəfdən hücuma hazırlaşdıqlarını göstərmir.

Rusiya qoşunları Ukraynanın nəzarətində olan ərazilərin qarşısında yerləşdirilib.

CIT bu qənaətə gəlir ki, Rusiya qoşunları müdafiə yox, hücum mövqeyində cəmləşdirilib.

XS
SM
MD
LG