ABŞ-ın Minneapolis şəhərində polisin qaradərilini güllə ilə öldürməsindən sonra, aprelin 12-də Bruklin Mərkəzi Polis idarəsinin rəisi Tim Qannon hadisənin bilərəkdən törədilmədiyini deyib.
Qannon deyib ki, polis 20 yaşlı Dante Raytı dayandırmağa çalışarkən səhvən elektroşok əvəzinə tapançadan atəş açıb.
Polis aprelin 11-də baş vermiş hadisənin videoyazısını yayıb.
Videoda Rayt və onun sürdüyü maşını dayandırmış polis nəfəri arasında əlbəyaxa çəkişmənin baş verdiyi görünür.
Polisin avtomobili saxlamasına səbəb Raytın yol hərəkəti qaydasını pozması idi. Üstəlik onun saxlanması üçün orderin olması xəbər verilir.
Videoda görünür ki, polis Raytı qandallamaq istəyərkən, o təkrar maşının salonuna sıçrayır və avtomobili sürüb qaçmağa çalışır.
Elektroşok əvəzinə güllə
Bundan sonra qadın polisin ona qarşı elektroşok işlədəcəyi barədə xəbərdarlığı eşidilir. Polis mövcud prosedura uyğun olaraq “elektroşok” sözünü üç dəfə təkrar edir. Lakin elektroşok əvəzinə tapançadan atəş açır.
Rayts maşını sürüb uzaqlaşır, polis zabiti isə “lənət şeytana mən onu güllələdim” deyir.
Rayts yaralı halda avtomobili sürməkdə davam etsə də, bir neçə məhəllə aralıda qəza törədir.
Polis rəisi Qannon mətbuat konfransında zabitin çaşaraq elektroşok əvəzinə tapança çıxardığını deyib.
Qannon deyib ki, onun qənaətinə görə polis elektroşokdan istifadə etmək niyyətində olub, amma səhvən tapançadan bir güllə atıb.
Polis rəisi təəssüflə bilirib ki, Rayt ailəsinə təsəlli vermək üçün bundan artıq heç nə deyə bilmir.
Bayden təmkinə çağırıb
Aprelin 11-də bu hadisədən az sonra başlanan etiraz mağazaların talanına çevrilmiş, polis kütləni dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etmişdi.
Minneapolis və Seint Pol şəhərlərinə Milli Qvardiyanın əsgərləri yeridilib, axşam saat 19-dan səhər saat 6-dək komendant saatı elan olunub.
Prezident Co Bayden hadisəni “faciə” adlandırıb, amma zorakı iğtişaşlardan çəkinməyə çağırıb.
Bayden bildirib ki, indi təhqiqatın nəticəsini gözləmək lazımdır. O deyib ki, dinc etirazları başa düşmək olar, amma talan və qarətə heç bir haqq qazandırıla bilməz.
Prezident daha sonra Twitter-də yazıb:
“Mən bugün Dante Rayt və onun ailəsi barədə, qara Amerikanın hər gün üzləşdiyi ağrı, qəzəb və yaralar barədə düşünürəm. Biz təhqiqatın nəticəsini gözləsək də bilirik ki, irəliyə baxmalıyıq: etimadı möhkəmləndirməli və məsuliyyət tələb etməliyik ki, heç kəsin qanundan yuxarıda olmaması təmin edilsin”.
***
ABŞ-ın Minneapolis şəhəri yaxınlığında polisin 20 yaşlı qaradərilini güllələyərək öldürməsi ötən gecə etirazlara səbəb olub.
Aprelin 11-də axşam polis Bruklin -Senter şəhərində polis şöbəsi qarşısına yığışan yüzlərlə şəxsə qarşı gözyaşardıcı qazdan, səs qumbaralarından istifadə edib.
Hazırda Minneapolis şəhərində keçmiş polis əməkdaşının məhkəməsi gedir. O, təxminən bir il öncə afroamerikalı Corc Floydun ölümünə görə saxlanılıb.
Hadisə necə baş verib
“Reuters” dünənki etirazda nümayişçilərin iki polis maşınını daşa tutduğunu xəbər verir.
Şəhərin Polis Departamentinin bildirməsinə görə, əməkdaşları yol hərəkəti qaydalarını pozan bir nəfəri maşından çəkib çıxarıblar, daha sonra onun barəsində həbs orderinin olduğunu müəyyənləşdiriblər.
Departament bildirir ki, polis həmin şəxsi saxlamaq istəyəndə o maşına oturaraq uzaqlaşıb, amma polis əməkdaşı ona atəş açıb.
Bir neçə məhəlləni keçəndən sonra başqa bir maşınla toqquşub. Onun hadisə yerində öldüyü bildirilir.
Öldürülənin anası Keyti Rayt ətraflı informasiya istəyib.
Ştatın cinayətkarlıqla mübarizə bürosu insidentin araşdırıldığını bildirir.
“Faciəvi” insident
Mer Mayk Eliot atışmanı “faciəvi” adlandırıb, etirazçılardan “dinc davranmağı” xahiş edib, dinc etirazçılara qarşı gücdən istifadə olunmayacağını deyib.
Minnesotanın qubernatoru Tim Valz iğtişaşları monitorinq etdiyini deyib. “Ştatımız hüquq mühafizə əməkdaşlarının öldürdüyü daha bir qaradərili üçün yas saxlayır”, – o, sözlərinə əlavə edib.
46 yaşlı Floyd ötən may Minneapolisdə saxlanarkən öldürülmüşdü. Bundan sonra Birləşmiş Ştatlarda polis zorakılığına qarşı etirazlar başlandı.
Minneapolisdə ağdərili polis əməkdaşı Derek Şovinin məhkəməsi getdiyi vaxtda polisə etiraz edənlər yürüş keçiriblər. Məhkəmə artıq üçüncü həftədir davam edir, məhkəmə binasını Milli Qvardiya əsgərləri qoruyurlar.
45 yaşlı Şovin qətl və adamöldürməkdə ittiham olunur. Videoda onun dizini Floydun boğazına dayayaraq 9 dəqiqə saxladığı görünür. Bu müddət ərzində afroamerikalı çətinliklə “nəfəs ala bilmirəm” sözlərini təkrarlayırdı.