Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:49

Azərbaycan XİN: ‘400-dən çox abidənin dağıdıldığı müəyyən edilib’


Ağdam şəhəri işğaldan sonra, 24 noyabr 2020
Ağdam şəhəri işğaldan sonra, 24 noyabr 2020

Azərbaycan Xarici İşlər Nazirliyi 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.
Sənəddə xatırladılır ki, bu gün, aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur:

“Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.”

Habelə bildirildiyinə görə, ərazilərin işğalı dövründə “demək olar ki, bütün abidələr... tamamilə məhv edilmişdir”.

Bəyanatda qeyd edildiyinə görə, indiyə qədər Azərbaycan Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən etmişdir.

Həmin ərazilərdəki abidələrin ümumi sayının 3000-ə qədər olduğu vurğulanır:

“Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir. Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılmşdır”

Qeyd edilir ki, bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır:

“Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmamışdır. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq”

Bildirilir ki, Azərbaycan ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi, qoruduğu mədəni müxtəlifliyi əks etdirir:

“Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.”

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG