Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:32

Təcriddə kreativ olmaq


Nə ilə məşğul olmaq? Foto illüstrasiya
Nə ilə məşğul olmaq? Foto illüstrasiya

Frilans (sərbəst) yazıçı Kerolayn Topperman 2013-cü ildə Vankuverdən Varşavaya köçüb və kreativliyinin atdığını hiss edib. Qəmbər döşənmiş küçələr və maraqlı kafelər kreativliyi özündən kənarda axtaran Toppermana çox yaxşı təsir edirmiş. O burada incəsənət qalereyalarını ziyarət edir, kitab oxuyur və insanlara tamaşa edirmiş.

Pandemiya başlayanda isə Topperman artıq Kanadaya qayıdaraq Toronto yaxınlığında kiçik bir şəhərdə yaşayırdı. O, qapanma başlayandan sonra iki ay ağladığını deyir. Bütün işlər internetə köçdüyündən o, üzbəüz ünsiyyətin olmamasından əziyyət çəkirmiş.

Elektron cihazlar

Topperman əsas işindən başqa bir yazıçılar qrupunu maliyyələşdirir və Ontario əyalətinin müxtəlif yerlərində seminarlar keçirmiş. Təbii ki, bu qrup da internetə köçüb.

BBC yazır ki, Topperman kimi, bir çox insan üçün təcrid və stimulun olmaması kreativliyi öldürür. Əlbəttə, təklikdən ilhamlanan və kreativ təfəkkürü aktivləşən insanlar da az deyil.

Görəsən, niyə belə olur? Pandemiya məhdudiyyətləri və təcrid rejiminin davam etdiyi günlərdə ilham mənbələrini harada axtaraq?

Britaniyanın Mərkəzi Lankaşir Universitetinin psixologiya müəllimi, "The Science of Boredom: Why Boredom Is Good" adlı kitabın müəllifi Sendi Menn kreativlik üçün iki amilin – stimul və darıxmağın əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, insanların darıxmağa reaksiyası onların təklikdə kreativ olmaq qabiliyyətini göstərir. Yeniliklərdən ilham alanlar təcrid zamanı stimul kimi elektron cihazlara müraciət edə bilərlər. Nəticədə onların darıxmağa fürsəti olmur və kreativlikləri artır.

Mennin sözlərinə görə, uzun müddət darıxanda kreativlik azalır. O deyir ki, darıxmağın da optimal yükü var. Bu yükü aşmaq enerjimizi azaldır.

Beyində beş il dolanan ideyalar

Pandemiya başlayandan 36-yaşlı rəssam və səyahətçi Keti Ruiz doğma şəhəri San-Dieqoda qalıb. Pandemiyadan əvvəl o, çox məşğul olurdu. Əsas işindən başqa, həm də dərs deyir və dayəlik edirdi. Aktiv həyatı ona yeni layihələr üçün çoxlu ilham versə də, yeni ideyaları reallaşdırmağa hər zaman vaxtı olmurdu.

Ancaq pandemiya başlayandan bəri Ruizin məhsuldarlığı artıb. O bu bir ildə 40-dan artıq rəsm və heykəl yaradıb. O deyir ki, əslində, pandemiya dövründə yaratdığı əsərlər beş ildir beynində dolaşan ideyalardır.

Bu qəribə zamanda öz kreativliyi ilə əlaqə qurmağa çalışanlar üçünsə kreativlik prosesinə yenidən nəzər salmaq və faydalı stimulun necə olduğunu anlamağa çalışmaq yaxşı olardı.

Gündəlik yazmaq, zikr, meditasiya

Los-Ancelesdə yaşayan psixoloq, "Wired To Create: Unraveling the Mysteries of the Creative Mind" kitabının həmmüəllifi Skott Barri Kaufman deyir ki, onun özü də üzbəüz ünsiyyət çatışmazlığından əziyyət çəkir. O, bəzi insanların kreativliyi tapa bilməməsinin səbəbini onların kreativ prosesin köhnə quruluşunda ilişib qalmasında görür. "Siz evdə ilişib qalmısınız deyə, təcrübəyə açıqlıq ölməli deyil", – o deyir. Məsələn, gündəlik yazmaq, zikr və meditasiya əlçatandır. Emosiyalarınızı gündəliyə yazmaqsa kreativliyə kömək edir.

Kreativ prosesi başqa insanlarla əməkdaşlıqdan asılı olanlara isə Kaufman maraq və düşüncələri fərqli insanlarla birlikdə virtual qruplara qoşulmağı tövsiyə edir. O deyir ki, müntəzəm söhbət etsəniz, bir nöqtədə kreativlik üçün qığılcım yaranacaq. Kaufmanın sözlərinə görə, insanlar standartdan kənar düşünmək istəsələr və köhnə üsulların daha işə yaramadığını qəbul etsələr, kreativlik üçün daha çox yol açılar.

Bir gün Topperman universitetdə kino sənəti ixtisasını məhz vizual təsirlərə açıq olduğu üçün seçdiyinin fərqinə varıb. Bundan sonra o, səyahət şəkillərinə baxmağa başlayıb və kreativliyinin artdığını görüb. Daha sonra həm də bir dostu ilə müntəzəm görüşərək yaşadıqları şəhəri piyada gəzməyə başlayıb.

XS
SM
MD
LG