Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

İlham Əliyev 16 il azadlıqdan məhrum edilib


İ.Əliyev
İ.Əliyev

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev 16 il azadlıqdan məhrum edilib. Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirli bilinib. O, İranın xüsusi xidmət orqanlarına casusluqda, pul müqabilində Azərbaycan əleyhinə fəaliyyətdə suçlanır.

Əliyevlə eyni cinayət işi üzrə təqsirləndirilən Mehman Rzayevə isə 14 il həbs cəzası kəsilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Əliyev 2015-2020-ci illər ərzində İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabı Mühafizəçiləri Korpusu (SEPAH) nümayəndələrinin tapşırıqlarını icra edib, bunun müqabilində pul alıb. Pullar da Mehman Rzayev vasitəsilə çatdırılıb.

"Heç bir sübut yoxdur"

Əliyevin vəkili Cavad Cavadov müdafiə çıxışında müvəkkilinə bəraət verilməsini istəyib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin dövlətçilik əleyhinə hansısa addım atdığını təsdiqləyən heç bir fakt ortada yoxdur: "Təqsirləndirilən şəxslər ianə aldıqlarını danmırlar. Amma bu pulların Azərbaycan əleyhinə xərclənməsi barədə heç bir sübut yoxdur. Məhkəmədə dindirilən şahidlərin ifadələri ilə də sübut olunub ki, pullar partiyanın saxlanmasına və məhbus ailələrinə xərclənib".

Əliyev özü də hökmdən öncə son sözündə vurğulayıb ki, partiya möminlərin ianələri hesabına saxlanılıb. Onlar bu pulları həm də məhbusların ailələrinə xərcləyiblər. İlahiyyatçı bildirib ki, İranda konfransda iştirak edərkən oradakı bir nəfər maliyyə yardımı təklif edib: "Biz belə razılaşdıq ki, başqa möminlər necə, onlar da elə ianə edə bilərlər. Bir neçə ay bizə yardım ediblər. Elə olub ki, aylarla ianə verməyiblər. Biz öz möminlərimizin dəstəyi ilə ayaq üstə qalmışıq. Heç bir çıxışımda, müsahibəmdə, hərəkətimdə dövlətimin əleyhinə çıxmamışam. Vətənə xəyanət ittihamını sübut edəcək heç bir fakt yoxdur. Mən qətiyyən bununla razılaşmıram. Toplanan ianələr sayəsində ətrafımızda olan insanlara kömək etmişik. İndi bu yardımların adını "vətənə xəyanət" qoyublar".

Əliyevin son sözündən bir neçə dəqiqə sonra hökm elan edilib.

Xatırlatma

Azərbaycan İslam Partiyası 1991-ci ildə təsis edilib, bir il sonra dövlət qeydiyyatından keçib. 1995-ci ildə partiyanın sədri Əlikram Əliyev casusluqda suçlanaraq həbs edilib, Ali Məhkəmə partiyanın qeydiyyatını da ləğv edib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov da 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. O, 12 il azadlıqdan məhrum edilib. Onun həbsindən sonra birinci müavin İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb. Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb və barəsində həbs qərarı verilib.

XS
SM
MD
LG