Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:57

Alimlər koronavirusun laboratoriyadan sızmasının mümkünlüyünü etiraf edirlər


Çində laboratoriya
Çində laboratoriya

“Həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları realdır”, – alimlərin “Science” jurnalına göndərdiyi məktubda deyilir

Yeni növ koronavirusun mənşəyi bəlli olmadıqca onun laboratoriyadan sızma nəzəriyyəsinə o vaxta qədər ciddi yanaşılmalıdır ki, bunun yanlışlığını sübut edən tədqiqat aparılsın. “Reuters” bunu bir qrup alimə istinadla yazır.

2019-cu ilin sonunda Çində aşkarlanmış COVID-19 3.34 milyon nəfərin həyatına son qoyub, dünyada trilyonlarla dollar gəlir itirilib, milyardlarla insanın normal həyatı alt-üst olub.

“Daha çox tədqiqat aparılmalıdır”

“Pandemiyanın mənşəyini müəyyənləşdirəcək daha çox tədqiqat aparılmalıdır”, – 18 alim bildirir.

“Həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları realdır”, – alimlərin “Science” jurnalına göndərdiyi məktubda deyilir.

Kembric Universitetinin klinik mikrobioloqu Ravindra Gupta, Fred Hutchinson Xərçəng Tədqiqatları Mərkəzində virusları öyrənən Jesse Blum, Stenfordda mikrobiologiya professoru Deyvid Relman məktuba imza atanlar sırasındadır.

Məktub müəllifləri qeyd edirlər ki, Dünya Səhiyyə Təşkilatının (DST) virusun mənşəyi üzrə araşdırması zamanı onun laboratoriyadan sızma ehtimalı “balanslı şəkildə nəzərdən keçirilməyib”.

“Əlimizdə yetərincə data olanadək...”

DST-nin komandası çinli alimlərlə birlikdə yazdığı yekun hesabatda bildirir ki, virus yarasalardan insanlara başqa bir heyvan vasitəsilə keçib, laboratoriyadan sızma ehtimalı isə “həddən artıq inanılmaz”dır. Komanda yanvar-fevral aylarında dörd həftə ərzində Çinin Vuhan şəhərində olub.

Ancaq bir sıra konspirologiya nəzəriyyələri daxil olmaqla virusun mənşəyi haqda çox müxtəlif ideyalar var.

“Əlimizdə yetərincə data olanadək həm təbii, həm də laboratoriya sızması versiyalarına ciddi yanaşmalıyıq”, – yazan alimlər ciddi və qərəzsiz araşdırmanın vacibliyini vurğulayırlar.

“Bəzi ölkələrdə məyusedici antiasiya münasibətinin olmasına baxmayaraq, qeyd edək ki, pandemiyanın əvvəlində virusun yayılması haqda informasiyası öz həyatları bahasına dünya ilə paylaşan çinli həkimlər, alimlər, jurnalistlər və vətəndaşlar oldu”, – məktubda deyilir.

XS
SM
MD
LG