Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

Avropalı elçi Bakıya zəng vurub


XİN
XİN

Mayın 31-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar .

Açıqlamaya görə, C.Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib. Məlumata görə, o, Azərbaycanın sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini dəstəklədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

"Azərbaycan ərazisində yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılan altı erməni hərbçisinə gəldikdə isə, Azərbaycanın azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış və insan həyatı üçün birbaşa təhlükə törədən çoxsaylı minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda, Ermənistan tərəfinin bu kimi təxribatlara əl atmasının yolverilməz olduğu vurğulandı", - məlumatda yazılıb.

Məlumata görə, tərəflər, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bakı ilə Yerevandan ziddiyyətli bəyanat: Zəngəzur dəhlizində nə yenilik var?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Azərbaycan XİN həmsədrlərə cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatına münasibət bildirib.

O qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib, müvafiq tədbirləri həyata keçirir: "Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçilər yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır".

L.Abdullayevanın fikrincə, odur ki, həmsədrlər "hamının hamıya" prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı, bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır: "...Biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib".

L.Abdullayeva hesab edir ki, yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası, delimitasiyasına başlamaq olar: "Nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər".

Sərhəd mübahisəsinə kənar ekspertlər qarışa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

ABŞ Dövlət Departamenti və Minsk qrupu Bakı və Yerevana çağırış edir

ABŞ Dövlət Departamenti mayın 27-də “Azərbaycanın bir neçə erməni əsgərini saxlamasından sonra Ermənistan və Azərbaycan arasında yenidən baş qaldırmış zorakılıqla” bağlı narahatlıq ifadə edib.

Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqladığı bəyanatda deyilir:

“Biz hər iki tərəfi təcili qaydada və dinc yolla bu insidenti həll etməyə çağırırıq. Biz eyni zamanda Azərbaycanı bütün müharibə əsirlərini və başqa saxlananları dərhal azad etməyə çağırmaqda davam edirik və Azərbaycana bütün saxlananlarla insani rəftar göstərməsi barədə beynəlxalq humanitar qanun üzrə öhdəliyinin olduğunu xatırladırıq”.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhədin demarkasiya olunmamış hissəsində hər hansı hərəkətləri təxribati və qeyri-zəruri hesab edir. Biz sərhədin güc tətbiq etməklə demarkasiyasını rədd edir və hər iki tərəfi ilkin mövqelərinə qayıtmağa və demarkasiya olunmamış sərhəddə hərbi istehkamların qurulmasına və ərazilərin minalanmasına son qoymağa çağırırıq”.

Bəyanatda daha sonra deyilir:

“Biz konkret olaraq Azərbaycanı öz qüvvələrini mayın 11-dək mövcud olmuş mövqelərə relokasiya etməyə çağırırıq. Biz Ermənistanı da öz qüvvələrini 11 mayadək mövcud olmuş mövqelərə çəkməyə çağırır və bu yöndə verilən niyyət bəyanatlarını alqışlayırıq. Bu fəaliyyətlər gərginliyi azaldar və sərhədin təcili əsasda demarkasiya prosesi üçün sülh danışıqlarına məkan yaradar. Birləşmiş Ştatlar bu səylərə kömək etməyə hazırdır”.

Birləşmiş Ştatlar habelə tərəfləri mümkün qədər tez ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara qayıtmağa çağırır.

Azərbaycanlı hüquq müdafiəçiləri erməni əsirləri azad etməyə çağırıblar
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Minsk qrupu mandatını yada salır

ATƏT-in Minks qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) mayın 28-də bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, həmsədrlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezident Piter Morer və BMT-nin qaçqınlar üzrə baş komissarı Filippo Qrandi ilə mayın 27-də və 28-də məsləhətləşmələrdə olublar.

Bu görüşlərdə ATƏT sədrinin xüsusi nümayəndəsi Andrjey Kasprşik də iştirak edib.

Həmsədrlər mayın 27-də 6 erməni hərbçinin saxlanması barədə xəbəri eşitdiklərini qeyd edir və bütün müharibə əsirlərinin və başqa saxlananların dərhal azad edilməsinə çağırırlar.

Həmsədrlər tərəflərə saxlananlarla beynəlxalq humanitar qanunu əsasında rəftar olunmasına dair öhdəlikləri olduğunu xatırladırlar.

Onlar tərəfləri Dağlıq Qarabağa humanitar girişə qoyulmuş bütün məhdudiyyətlərin dərhal qaldırılmasına, 9 noyabr bəyannaməsinə uyğun olaraq götürdükləri öhdəlikləri tam icra etməyə çağırırlar.

ATƏT-in Minsk qrupunun həmsədrləri habelə Azərbaycan və Ermənistan arasında demarkasiya olunmamış sərhəddə son vaxtlar baş verən bir neçə insidentlə bağlı narahatlıqlarını bildiriblər:

“Biz hər iki tərəfi qoşunların yerdəyişməsi, eskalasiyanın azaldılması da daxil təcili addımlar atmağa və sərhədin sülh yolu ilə delimitasiya və demarkasiyasına dair danışıqlara başlamağa çağırırıq. Həmsədrlər bu prosesin həyata keçirilməsində kömək etməyə hazırdırlar”.

Bəyanatın sonunda bildirilir ki, Minsk qrupu öz mandatına və regionda insanların sülh və firavan gələcək arzularına istinad edərək tərəfləri yenidən həmsədrlərin vasitəçiliyi ilə danışıqları bərpa etməyə çağırır.

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG