Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Avropanın sanksiyalar hazırladığı bir vaxtda Lukaşenka Putinlə görüşüb


Alyaksandr Lukaşenka mayın 28-də Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşüb
Alyaksandr Lukaşenka mayın 28-də Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşüb

Avropa İttifaqının sərnişin təyyarəsinin məcburən Minskə endirilməsinə və müstəqil blogerin həbsinə görə Belarusa qarşı sanksiyalar hazırladığı bir vaxtda, bu ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşüb.

Mayın 28-də Lukaşenkanı qəbul edən Putin iddia edib ki, bu görüş təyyarə məsələsi “emosional partlayış” yaratmazdan əvvəl planlaşdırılıb.

O üzünü Lukaşenkaya turaraq deyib ki, “bizim bütün bunlarsız da müzakirə edəcəyimiz məsələlər var”.

Lukaşenka isə Qərbdə onun hərəkətinə görə baş qaldırmış hiddətin “emosiyalar partlayışı” olduğu ilə razılaşıb.

Putin inteqrasiyadan danışıb

Təyyarənin endirilməsindən sonra həbs edilmiş anti-Lukaşenka blogeri Raman Prataseviç ona qarşı irəli sürülmüş ittihamla 15 il azadlıqdan məhrum edilə bilər.

Onun vəkili İnessa Alenskaya deyib ki, Prataseviçlə ilk dəfə mayın 27-də görüşüb və guya onun əhval-ruhiyyəsi yaxşıdır. Amma vəkil jurnalistin harada olmasına dair məlumat verməyib.

Lukaşenka deyib ki, o Ryanair sərnişin təyyarəsi insidenti ilə bağlı hansısa sənədləri Putinə verəcək.

O iddia edib ki, onun opponentləri vəziyyəti ötən avqustun gərginliyinədək “çalxalamağa” çalışırlar.

Putin iki ölkə arasında inteqrasiyanın gedişini tərifləyib və deyib ki, “biz inamlı şəkildə o istiqamətdə irəliləyirik”.

Rusiya prezidenti əlavə edib ki, inteqrasiyada tələskənliyə yol vermək olmaz, amma proses “tədricən” davam etdirilməlidir.

Lukaşenka ötən ilin avqust seçkisinədək inteqrasiya söhbətindən yamn keçməyə çalışırdı.

Belarus hakimiyyətini hədəfləyən sanksiyalar

Mayın 28-də Avropa İttifaqı Belarusa qarşı mümkün sanksiyaları müzakirə edib. Lissabonda keçirilən iclasda ittifaqın xarici işlər nazirləri deyiblər ki, sanksiyalar neft və ya potaş sənayesi kimi Belarus liderlərini varlandıran sektorları hədəfləməlidir.

Avropa İttifaqı artıq ötən ilin prezident seçkisindən sonra Lukaşenka və Belarusa qarşı sanksiyalar elan edib və Minsk xarici aləmdə getdikcə daha çox təklənir.

Bir sıra Qərb ölkələri Lukaşenkanı prezident kimi tanımadıqlarını bildiriblər.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Lukaşenka Putinə Ryanair insidenti barədə məlumat verəcək, amma həm də Prataseviçlə birgə həbs olunmuş Rusiya vətəndaşı Sofiya Sopeqanın məsələsini də qaldıracaq.

Bununla belə Peskov da israr edib ki, bu görüşdə daha çox iqtisadi məsələlər müzakirə olunacaq.

Lukaşenka inadla iddia edir ki, təyyarə bomba təhlükəsinə görə məcburi qaydada endirilib. Qərb rəsmiləri və ekspertləri bu versiyanı rədd edirlər.

Avropa İttifaqı artıq mayın 24-dən özünün Belarusla hava sərhədini bağlayıb və dünya aviaşirkətlərini Belarus səmasına daxil olmamağa çağırıb.

XS
SM
MD
LG