Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:23

Erdoğan Baydenlə görüşdən razı qaldığını bildirib


Recep Tayyip Erdoğan (solda) iyunun 14-də NATO sammitinin əsnasında ABŞ prezidenti Co Baydenlə görüşüb
Recep Tayyip Erdoğan (solda) iyunun 14-də NATO sammitinin əsnasında ABŞ prezidenti Co Baydenlə görüşüb

Ərdoğan Kabil aeroportunun qorunmasında ABŞ-ın dəstəyini istəyir

Türkiyə NATO-nun digər hərbçiləri çıxandan sonra Əfqanıstanda əsgər saxlamalı olsa, Kabil beynəlxalq aeroportunun qorunmasında Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olacaq. Bunu Prezident Receb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə NATO liderləri ilə görüşlərinin sonunda deyib.

Türkiyə həm də Pakistan və Macarıstanın Əfqanıstanda yeni missiyaya qoşulmasını istəyir.

“Bizim Əfqanıstandan çıxmağımızı istəmirlərlərsə, orada Türkiyənin dəstəyini istəyirlərsə, onda Birləşmiş Ştatların bizə diplomatik, logistik və maliyyə dəstəyi böyük əhəmiyyət daşıyacaq”, – Ərdoğan vurğulayıb.

Alyans aeroportla bağlı razılığa gəlib

NATO liderləri birgünlük sammit çərçivəsində Kabilin mülki aeroportuna maliyyə dəstəyini saxlamağa razılaşıblar. Alyans qüvvələri sentyabrın 11-dək ölkəni tərk etməlidir.

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, alyans aeroportun davamlı işinin təmin edilməsi yönündə işləyir. Onun sözlərinə görə, “Türkiyə əlbəttə ki, bu işlərdə böyük rol oynayır”.

ABŞ Prezidenti Co Bayden Əfqanıstanla bağlı NATO liderləri arasında güclü konsensus olduğunu deyib.

“Əsgərlərimiz evə qayıdır, amma əfqan xalqı qarşısında diplomatik, iqtisadi və humanitar öhdəliyin, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə dəstəyimizin davam edəcəyi ilə bağlı razılaşma əldə etdik”, – o deyib.

Ərdoğan Baydenlə görüşünü konstruktiv adlandırıb, onu Türkiyəyə səfərə dəvət etdiyini deyib.

“Qarşılıqlı hörmət və marağa söykənən yeni eranın başlanması üzrə güclü iradə var”, – Ərdoğan vurğulayıb.

***

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iki ölkə arasındakı fikir ixtilaflarının çözülməsi yolunda boyuk irəliləyiş əldə edilməsə də, iyunun 14-də amerikalı həmkarı Co Baydenlə ilk üzbəüz görüşündən sonra nikbin bəyanat verib.

Reuters agentliyi yazır ki, söhbət ilk növbədə Rusiya silahları, Suriya, Liviya və bir sıra başqa məsələlərdən gedir.

ABŞ prezidenti Co Baydenlə Brüsseldə NATO sammitinin əsnasında görüşən Erdoğan söhbəti “məhsuldar və səmimi” adlandırıb:

“Biz düşünürük ki, ABŞ-Türkiyə bağlarında heç bir problem yoxdur və sözü gedən sahələrdə əməkdaşlığımız problemlərdən zəngin və böyükdür”.

Şimal alyansının böyüklüyünə görə ikinci ordusuna malik Türkiyə NATO müttəfiqlərini Rusiyadan yer-səma raketləri almaqla, habelə Suriya və Liviyaya hərbi müdaxilələr etməklə hiddətlədirmişdi.

Bundan başqa şərqi Aralıq dənizində Türkiyə və onun NATO müttəfiqi Yunanıstan arasında dəniz sərhədlərinə görə mübahisə var.

Trampdan fərqli olaraq

Co Bayden, xələfi Donald Trampdan fərqli olaraq Erdoğana sərin münasibət nümayiş etdirib.

O 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni qətliamlarını soyqırım adlandıran ilk ABŞ prezidenti olub.

Bayden Türkiyədə insan haqlarının vəziyyəti barədə də tənqidi fikirlər səsləndirib.

Vaşinqton artıq Ankaranı F-35 qırıcı təyyarə proqramından xaric edib.

Rusiyadan S-400 raketləri aldığına görə Ankara üzərinə sanksiyalar qoyulub.

Türkiyənin Əfqanıstan təşəbbüsü

Reuters yazır ki, Erdoğan Türkiyənin NATO çərçivəsində Əfqanıstanda qoşunlarını saxlamaq və Kabul hava limanının müdafiəsini davam etdirmək təşəbbüsü ilə Birləşmiş Ştatların ürəyini alacağına ümid edirdi.

ABŞ və NATO qoşunları qarşıdan gələn həftələrdə Əfqanıstanı tərk etməlidir. Türkiyə qoşunlarını bundan sonra da Əfqanıstanda saxlamağı təklif edib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin oynadığı böyük rolu qeyd etsə də, bu təklif barədə hələki qərar qəbul olunmadğını deyib.

Bayden NATO liderlərinin sessiyasının başlanğıcında ayaqüstü Erdoğanla görüşmüş və söhbət etmişdi.

Bundan sonra iki lider təklikdə görüşüblər.

Erdoğan iyunun 14-də habelə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Bayden görüşü “pozitiv” adlandırıb

Türkiyə mediası Bayden-Erdoğan görüşü barədə daha təfərrüatlı xəbərlər yayıb.

İngilisdilli Daily Sabah xəbər verir ki, iyunun 14-də keçirilən görüşdə iki lider ölkələri arasındakı münasibətlərin gərginliyini azaltmaq və əməkdaşlığı gücləndirmək istəklərini ifadə ediblər.

Erdoğan görüşdən sonra deyib:

"Biz cənab Baydenlə görüşümüzdə fikir ayrılığımız və əməkdaşlığımız olan sahələri konstruktiv müzakirə etdik. Biz Türkiyə-ABŞ dialoqu kanallarını strateji partnyor və müttəfiq olaraq açıq saxlamaq barədə razılığa gəldik”.

Erdoğan deyib ki, Ankara və Vaşinqton arasında həlli olmayan problem yoxdur:

"Biz inanırıq ki, ABŞ və Türkiyə arasında əməkdaşlıq regional təhlükəsizliyə töhfə verəcək”.

Türkiyə prezidenti bildirib ki, görüş zamanı Türkiyə və ABŞ arasında əməkdaşlığın yeni səmərəli dövrünün başlanması üçün iradənin olduğu təsdiqlənib.

ABŞ prezidenti Co Bayden Erdoğanla görüşünü “pozitiv” adlandırıb:

"Bizim iki ölkənin böyük gündəlikləri var. Bizim komandalarımız müzakirələri davam etdirəcəklər və mən əminəm ki, ABŞ və Türkiyə münasibətlərində əsl irəliləyiş olacaq”.

S-400 məsələsi açıq qalıb

Görüşdən sonra keçirilən mətbuat konfransında Erdoğan deyib ki, Əfqanıstanla bağlı təklifi prezident Baydenə çatdırıb və Türkiyənin bu işi Macarıstanla birlikdə görməyə hazır olduğunu bildirib.

Erdoğan habelə anti-terror məsələləri ilə bağlı “ikili standartlardan” gileylənib.

O deyib ki, Türkiyə İŞİD-lə torpaq üzərində döyüşən yeganə NATO ölkəsi olub.

Erdoğan bildirib ki, Rusiyadan alınmış S-400 raketləri ilə bağlı müzakirədə irəliləyiş olmayıb.

Türkiyə prezidenti bu söhbət zamanı habelə F-35 qırıcı proqramı ilə bağlı məsələni də qaldırdığını bildirib:

"Mən ona müdafiə sənayesi sahəsində birgə ata biləcəyimiz addımlardan danışdım”.

İki liderin görüşü 45 dəqiqə çəkib.

Erdoğan iyunun 14-də habelə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Onların Suriya, Liviya və Makronun “İslam separatçılığına qarşı mübarizəyə çağırışını” müzakirə etdikləri deyilir.

Makron bu görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

"Prezident Erdoğan görüşümüz zamanı təsdiqlədi ki, o da Liviya torpağındakı əcnəbi muzdluların, əcnəbi silahlıların bu ölkəni tərk etmələrini arzulayır”.

XS
SM
MD
LG