Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:46

‘Ölüm-dirim davası gedir, tərəflərin heç biri tam üstünlüyə malik deyil’


Ermənistanda səsermə, arxiv foto
Ermənistanda səsermə, arxiv foto

İyunun 20-də Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya, 4 blok iştirak etsə də, mübarizənin sabiq prezident Robert Koçaryanla Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan arasında gedəcəyi proqnozlaşdırılır.

Zərdüşt Əlizadə: “Koçaryanın da, Paşinyanın da tərəfdarları zorakılıqdan və saxtakarlıqdan çəkinməyəcəklər”

Zərdüşt Əlizadə, - 20 avqust 2010
Zərdüşt Əlizadə, - 20 avqust 2010

AzadliqRadiosunun suallarını cavablandıran siyasi şərhçi Zərdüşt Əlizadə indidən kimin qalib gələcəyini söyləməyin mümkünsüz olduğu qənaətindədir, o, seçki öncəsi aparılan sosiloji sorğuların şübhə oyatdığını deyir.

Siyasi şərhçinin sözlərinə görə, seçki kampaniyasının gedişatı seçkilərin ciddi saxtakarlıqla keçiriləcəyinə əsas yaradır: “Sonuncu seçki azad və şəffaf keçirilmişdi. 20 iyun seçkilərində isə ölüm-dirim məsələsi var, tərəflərin heç biri tam üstünlüyə malik deyil, ona görə çalışacaqlar nəticələri xeyirlərinə saxtalaşdırsınlar. Bu mənada Koçaryanın da, Paşinyanın da tərəfdarları zorakılıqdan və saxtakarlıqdan çəkinməyəcəklər”.

Siyasi şərhçi daha bir məqama diqqət çəkir, o, Ermənistanda əhalinin xeyli hissəsinin seçkilərə biganə olduğunu, ümidlərini hər şeydən üzdüklərini, bəzilərinin ölkəni tərk etmək üçün pandemiyanın başa çatmasını gözlədiyini söyləyir. Z.Əlizadənin fikrincə, belə bir şəraitdə seçkidə hansı partiyanın, yaxud blokun qalib gələcəyini demək çətindir.

“Amma sözsüz ki, iki nəfərin – Paşinyan və Koçaryanın təşkilatları seçki baryerini aşa biləcəklər. Erməni Milli Konqresinin də şansı var, Tsarukyanın şansı barədə fikirlər müxtəlifdir, Avenitsyan-Sarkisyan blokunun şansı isə qeyri-müəyyəndir” – siyasi şərhçi söyləyir.

Deputat Elman Məmmədov: “…bax, Paşinyan bundan istifadə edib qalib gələ bilər”

Elman Məmmədov, 2017
Elman Məmmədov, 2017

Deputat Elman Məmmədov Ermənistanda seçkilərin taleyinin Qərblə Rusiya arasındakı güc balansından asılı olacağını bildirir.

“Paşinyan Qərbə istiqamətlənib, Koçaryanın dəstəyi şimaldan gəlir. Hansı güclü olsa, onun da namizədi qalib gələcək. Bəli, bu gün Paşinyan müharibədə məğlub rəhbərdir, amma bu, Koçaryanın yaxşı olduğunu deməyə əsas vermir. Erməni xalqı ağıllı düşünsə, Koçaryanın hardan gəldiyini, soyqırımlar törətdiyini, hakimiyyətdə olduğu zaman Erməsnitanın hansı vəziyyətə düşdüyünü xatırlasa, ona səs verməz. Bu mənada erməni xalqı qonşularla əməkdaşlığa hazır olan, gələcəyə istiqamətlənən şəxsə səs verməlidir. Bu gün məlum olacaq ki, erməni xalqı keçmişdən dərs çıxarıb, yoxsa, düşüncəsində dəyişiklik olmayıb”.

Bununla belə, deputat iyunun 20-də keçirilən seçkidə Koçaryanın şansının güclü olduğunu, hətta seçki kampaniyasında Paşinyanın 44 günlük müharibədə Ermənistanı məğlub vəziyyətə salmasından məharətlə istifadə etdiyini düşünür. Amma Elman Məmmədov Koçaryanın seçicilərə verdiyi vədlərin gerçək olmadığını da vurğulayır.

“Onun revanşist vədləri cəfəngiyyatdır və kütləyə ünvanlanıb. Məsələ ondadır ki, Ermənistanda əksəriyyət indiki ağır duruma görə “Qarabağ klanı”nı günahkar sayır. Ona görə iki klan arasında düşmənçilik yaranıb, bax, Paşinyan bundan istifadə edib qalib gələ bilər”.

Arif Yunus: “Ermənistanın hansı yolu seçəcəyi də bu seçkilərdə aydın olacaq”

Arif Yunus, 10 fevral 2011
Arif Yunus, 10 fevral 2011

Konfliktoloq Arif Yunusun fikrincə, prosesin maraqlı tərəfi seçki yarışında həm keçmiş prezidentlərin, həm də indiki Baş nazirin iştirak etmələridir. O da bu gün Ermənistanda qərbpərəstlərlə ruspərəstlərin mübarizəsinin getdiyini söyləyir.

“Yəni Ermənistanın hansı yolu seçəcəyi də bu seçkilərdə aydın olacaq. Baxmayaraq ki, Paşinyan da Rusiyanın ölkəsi üçün vacib olduğunu deyir, ancaq bu açıqlama deklorativ, hətta bəzi hallarda məcburi xarakter daşıyır. Çünki II Qarabağ savaşından sonra Paşinyan da Rusiyanın rolunun böyük olduğunu anladı və ümumiyyətlə, ermənilər də şimal dövlətini qarant kimi qəbul etdiklərindən o, belə fikirlər səsləndirməyə məcburdur. Bununla yanaşı Azərbaycanla münasibətlərində Qərbin rolunu da kənara qoya bilməz. Koçaryan isə gizlətmədən Ermənistanın gələcəyinin Rusiyaya bağlı olduğunu, Putinlə dostluğunu qabardır”.

Konfliktoloq seçkinin favoriti sayılan iki namizədin verdiyi mesajlara diqqət çəkir.

“Koçaryanın seçki kampaniyasında aqressiv ritorikanı davam etdirdi, bildirdi ki, qələbə qazansa, itirilən əraziləri, əsasən də Şuşayla Hadrutu qaytaracaq, əvvəl diplomatik vasitələrə əl atacaq, alınmasa, hərbi yolla. Paşinyan isə əks bəyanatlar verərək, Azərbaycan və Türkiyə ilə təmasların qurulucağını deyir. Onlardan hansı şanslıdır? 44 günlük müharibə Ermənistan cəmiyyəti üçün şok oldu, ona görə cəmiyyətdə Paşinyana satqın deyənlər az deyil. Amma buna baxmayaraq, sosiloji sorğuların nəticələri də müxtəlifdir. Paradoksdur, müharibəni uduzan Paşinyan bəzi sorğularda qalib görünür. Buna səbəb müxalifətdə Paşinyana qarşı yeni simanın olmaması, Koçaryana qarşı isə nifrətin olmasıdır”.

Arif Yunus hesab edir ki, ermənilər Paşinyanın xeyli səhvlərə yol verdiyini desələr də, ona hələ də ümid bağlayırlar.

“Paşinyan hakimiyyətə korrupsiyaya qarşı mübarizə şüarıyla gəlib və Qarabağdan daha önəmli problemin korrupsiya olduğunu göstərirdi. Erməni cəmiyyətində korrupsiyaya həssas yanaşma var, inqilab da onunla bağlıydı. Ona görə cəmiyyət islahatlar istəyir, Koçaryan hakimiyyətə gəlsə, bu ümidlər puç olacaq. Səbəb də onun korrupsioner olmasıdır. Nəhayət, 44 günlük müharibədən sonra ermənilərdə Rusiyaya inam bir qədər azalıb. Onlar II Qarabağ savaşında Rusiyadan dəstək gözləsələr də, yardım olmadı”.

“Kimin seçilməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq”

Z.Əlizadə hesab edir ki, indiki şəraitdə Ermənistanda kimin seçilməsindın asılı olmayaraq həmin adam qisas yox, özünün siyasi hakimiyyətini möhkəmləndirmək haqqında düşünəcək, ölkənin iqtisadi vəziyyətini normal hala salmalı, buna görə Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməli olacaq.

Nikol Paşinyan, ailə üzvləri ilə səsverməyə gedir, 20 iyun 2021
Nikol Paşinyan, ailə üzvləri ilə səsverməyə gedir, 20 iyun 2021

“Paşinyan və ya Koçaryanın seçilməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılmalıdır, bu, Rusiya və Türkiyənin tələbidir, Avropa da, Çin də bunu istəyir, ona qarşı çıxmaq ehtimalı yoxdur. Koçaryanın Şuşa və Hadrutu qaytarmaq vədi isə boş söhbətdir. Sual yaranır, hansı yolla və şəraitlə? Azərbaycan ordusu güclənib, Türkiyənin dəstəyi var, Rusiya və Avropa da müharibə istəmir”.

Azərbaycanda kimin seçilməsini istəyirlər?

Zərdüşt Əlizadə Nikol Paşinyanın hakimiyyətdə qalmasının Azərbaycan üçün daha məqbul olacağını düşünür, amma Koçaryanın da seçiləcəyi təqdirdə təhlükəli nəsə baş verməyəcəyini güman edir: “Güclü ordumuz və sabit siyasi mövqeyimiz var”.

Elman Məmmədov hesab edir ki, sabiq dövlət başçısı Koçaryanın qalib gəlməsi Azərbaycana sərfəli deyil, Paşinyanın isə son bəyanatlarında konstruktiv meyllər sezilir.

“Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Paşinyan əvvəlki müharibələrdə cinayətlər törətməyib, həm də Ermənistanı vəziyyətdən çıxarmaq naminə qərb tərəfindən yönəldilib”.

Arif Yunusun qənaətincə, son günlər sabiq prezident Levon Petrosyan praqmatik açıqlamalarla çıxış edir və o, seçilsə, Azərbaycan üçün daha məqbul olardı: “Düzdür, I Qarabağ müharibəsində qələbə onun adıyla bağlıdır və bundan sonra kənara çəkilsə də, qalib kimi qalacaq. Amma bütün bunlara rəğmən Azərbaycanla sülhə getməyi və Qarabağın Bakının nəzarətində qalmasını vacib sayır. Artıq dünyanın da Qarabağı Azərbaycan ərazisi saydığını xatırladır. Əlbəttə, Paşinyanın qalib gəlməsi də Azərbaycana sərf edir”.

Levon Ter-Petrosyan, 16 may 2021
Levon Ter-Petrosyan, 16 may 2021

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edir.

Birinci prezident Levon Ter-Petrosyan Erməni Milli Konqresinin siyahısına başçılıq edir. İkinci prezident Robert Koçaryan "Ermənistan" blokunun siyahısında ilk sıradadır. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan "Vətəndaş sazişi" partiyasının lideridir. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır. Milli Məclisə düşmək üçün siyasi partiyalar 5, bloklar 7 faizlik baryeri aşmalıdırlar.

2020-ci ilin noyabrında Azərbaycanla atəşkəs bəyanatının imzalanması Ermənistanda siyasi böhrana səbəb olub və erkən seçkilərə getmək haqda qərar verilib.

XS
SM
MD
LG